Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Eşitmişəm ki, tibb müəssisələrində olduğu kimi, təhsil müəssisələrində də sertifikatlaşdırma işləri aparılacaq və sertifikatdan keçə bilməyənlər işdən çıxarılacaq. Bu, doğrudurmu?

Sevinc ƏSƏDOVA, Bakı şəhəri.

16.11.2021 14:28
12
A+
A-

Eşitmişəm ki, tibb müəssisələrində olduğu kimi, təhsil müəssisələrində də sertifikatlaşdırma işləri aparılacaq və sertifikatdan keçə bilməyənlər işdən çıxarılacaq. Bu, doğrudurmu?

 

Sevinc ƏSƏDOVA, Bakı şəhəri.

-Bəli, 12 iyun 2018-ci ildə Əmək Məcəlləsinə “Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” adlanan 67-2 maddəsi əlavə edilib. Həmin maddəyə əsasən, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər.

Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir.

İlk dəfə işə qəbul olunanlar beş il müddətində, eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.

Onu da qeyd etmək lazımdır ki, Məcəlləyə bu maddə əlavə edləndən sonra Məcəllənin 66-cı maddəsi ilə müəyyənləşdirilmiş attestasiya olunmayan işçilər sırasına Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər də aid edilmişdir.  

Yaşa görə pensiya almaqla bərabər işləyirdim. Bir aydır ki, işdən çıxmışam. İşsiz kimi qeydiyyata durmaq üçün müraciət etdim. Pensiyaçı olduğuma görə qeydiyyata almadılar. Bu, düzgündürmü?

 

Səriyyə ƏSƏDOVA, Bakı şəhəri.

- Yeni qəbul edilmiş “Məşğulluq haqqında” qanunda işsiz şəxsin anlayışı verilib. İşsiz şəxs dedikdə-işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs başa düşülür. Yaşa görə pensiya alan şəxslər isə əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs hesab edilmir. Qanunun 5.12.4. maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilmiş şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir.

Qanunun 5.11.2. maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış şəxslərin “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilməsi üçün əsaslar yarandıqda onların qeydiyyatı ləğv edilir.

 

Nikahın pozulması və aliment alınması üçün hansı məhkəməyə müraciət etməliyəm?

 

Sədaqət PAŞAYEVA, Bakı şəhəri.

-  Bir qayda olaraq bu cür işlər üzrə iddialar cavabdehin yaşadığı yerə görə rayon məhkəməsinə verilir. Amma Mülki Prosessual Məcəllənin 36-cı maddəsinə əsasən, iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.

Azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərə qarşı nikahın pozulması haqqında iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.

Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər.    

 

Mətbuatda tez-tez “əmək arbitrajı” ifadəsinə rast gəlirəm. Əmək arbitrajı nədir?

Şəfəq QƏMBƏROVA, Sumqayıt şəhəri.- Əmək arbitrajı kollektiv əmək mübahisələri həllinin barışdırıcı üsullarından biridir. Əmək Məcəlləsinə görə, kollektiv əmək mübahisəsinin həll edilməsi üçün aşağıdakı barışdırıcı üsullardan istifadə oluna bilər:

-razılaşdırıcı komissiyadan;

-vasitəçidən;

-əmək arbitrajından.

Tərəflər bu üsullardan birindən və ya hamısından, yaxud mübahisənin daha tez həllinə səbəb ola biləcək digər üsuldan istifadə edilməsi barədə öz aralarında razılığa gələ bilərlər. Əldə edilmiş razılıq protokolla rəsmiləşdirilir.

Əmək arbitrajı kollektiv əmək mübahisəsinin həlli üçün yaradılan müvəqqəti orqandır. O, kollektiv əmək mübahisəsinin əmək arbitrajının icraatına verilməsi barədə razılığın əldə edildiyi vaxtdan 5 iş günündən gec olmayaraq tərəflərin birgə qərarı ilə yaradılır.

Əmək arbitrajının tərkibi (3 nəfərdən az olmayaraq), reqlamenti, mübahisəyə baxılma yeri, müddətləri, arbitraja texniki yardımın təşkili tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Arbitrajın sədri arbitrlər tərəfindən öz sıralarından seçilir. Əmək arbitrajının tərkibinə mübahisənin nəticəsi ilə maraqlı olmayan şəxslər, icra hakimiyyəti, bələdiyyə orqanlarının nümayəndələri, hüquq, əmək və sosial məsələlər üzrə mütəxəssislər və digər şəxslər daxil edilə bilərlər.

Tərəflər əmək arbitrajının qərarlarının məcburiliyi barədə qabaqcadan razılığa gələ bilərlər.

Əmək arbitrajında kollektiv əmək mübahisələrinə baxılma müddəti yeddi iş günündən çox olmamalıdır. Əmək arbitrajı mübahisəyə aid olan lazımi sənədləri və məlumatları almaq hüququna malikdir.

Əmək arbitrajının qərarı səs çoxluğu ilə qəbul edilir və protokolla rəsmiləşdirilir. Tərəflər arbitrajın qərarı ilə razılaşmadıqda bu barədə protokol tərtib edilir.

Tərəflər əmək arbitrajının qərarlarının məcburiliyi barədə qabaqcadan razılığa gəlmişlərsə, arbitrajın qərarı ilə mübahisə qəti həll olunmuş hesab edilir və mübahisənin davam etdirilməsinə yol verilmir.

ETİKETLƏR: