Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“İlin peşəkar gənci” müsabiqəsinin qalibi olmuş təhsil işçilərinə Fəxri Diplom, Döş nişanı və vəsiqələr təqdim edilib

S.Möhbalıyev pandemiya şəraitində təhsil prosesinin həyata keçirilməsinin məsuliyyəti və çətinliklərindən danışaraq qeyd edib ki, təhsil işçilərimiz bu çətinliyin də öhdəsindən uğurla gəlir.

24.11.2021 10:38
15
A+
A-

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Möhbalıyev AHİK tərəfindən keçirilmiş “İlin peşəkar gənci” müsabiqəsinin qalibi olmuş təhsil işçilərini qəbul edib. AHİK sədri çıxış edərək Azərbaycanda gənclər siyasətinin müəyyənləşdirilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Bu siyasət Ümummilli Liderin layiqli davamçısı, Respublika Prezidenti  İlham Əliyev tərəfindən uğurla davam etdirilir. S.Möhbalıyev deyib ki, dövlət qayğısının əsasında gənclərimizin sağlam, savadlı böyüməsi, onların peşəkarlıq səviyyəsinin mütəmadi artırılması, layiqli vətəndaş kimi yetişmələri durur. İşləyən və təhsil alan gənclərin məşğulluğu, təhsili və tərbiyəsi, mənəvi inkişafı sahəsində mühüm işlər görülüb və görülməkdədir. Kompleks proqramlar, tədbirlər planları hazırlanıb həyata keçirilir.

O qeyd edib ki, gənc nəslin şəxsiyyət kimi formalaşmasında təhsilin rolu əvəzsizdir. Ona görə də ölkəmizdə təhsilin inkişafı, təhsil işçilərinə diqqət dövlət siyasətinin başlıca prioritetlərindən olub. Mütəmadi olaraq təhsil işçilərinin əməyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qiymətləndirilir. Onlara müxtəlif fəxri adlar verilir, sosial şəraitlərinin yaxşılaşdırılması ilə bağlı addımlar atılır.

Bir neçə gün öncə Zəfər Gününün qeyd edilməsini xatırladan S.Möhbalıyev bildirib ki, Azərbaycanın 44 günlük zəfər savaşında yüzlərlə təhsil işçisi də silaha sarılaraq döyüşlərdə iştirak edib, müxtəlif orden və medallara layiq dörülüb. 20 nəfər təhsil işçisi isə Şəhidlik zirvəsinə yüksəlib: “Bu onu göstərir ki, təhsil işçilərimiz həm övladlarımızın milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında əmək sərf edir, həm də lazım gələndə əlinə silah alaraq torpaqlarımızın azadlığı uğrunda ölüm-dirim savaşına qoşulur. Biz hər birimiz belə Azərbaycan oğulları ilə fəxr edirik”.

S.Möhbalıyev pandemiya şəraitində təhsil prosesinin həyata keçirilməsinin məsuliyyəti və çətinliklərindən danışaraq qeyd edib ki, təhsil işçilərimiz bu çətinliyin də öhdəsindən uğurla gəlir.

AHİK sədri sözünə davam edərək dedi: “Gənclərlə iş həmkarlar ittifaqlarının da aparıcı fəaliyyət sahələrindəndir. AHİK-in hazırladığı gənclər konsepsiyası uğurla həyata keçirilir. Siz gənc pedaqoji işçilər, tələbələr də bunu gündəlik həyatımızda görür və iştirakçısı olursunuz. Əlaçı tələbələrə fərdi təqaüdlər, ehtiyacı olanlara güzəştli yeməklər, yardımlar verilir, yay dövründə istirahətləri təşkil olunur”.

S.Möhbalıyev bildirdi ki, hazırda respublikamızda həmkarlar ittifaqı üzvlərinin üçdəbirini 35 yaşınadək gənclər təşkil edir. Belə böyük bir qüvvənin təşkilatın işində yaxından iştirakı vacib məsələlərdəndir. Həmkarlar ittifaqları mövcud struktur çərçivəsində gənclərin fəallığını təmin etməyə, rəhbər orqanlarda təmsil olunmalarına şərait yaratmağa, işləyən və təhsil alan gənclərin hüquq və mənafelərinin qorunmasına çalışır. Bu məqsədlə bağlanan bütün saziş və kollektiv müqavilələrə gənclərlə əlaqədar müvafiq bölmə və öhdəliklər daxil edilib. Gənclərin məşğulluğu, asudə vaxtlarının səmərəli təşkili və digər bu kimi məsələlər ön plana çəkilir. Müntəzəm olaraq elmi-praktik konfranslar, seminarlar təşkil edilir.

Səttar müəllim xatırladıb ki, artıq bir neçə ildir həmkarlar ittifaqlarının gənclər şuraları fəaliyyət göstərir və gənc liderlər beynəlxalq təşkilatların keçirdikləri toplantılara dəvət edilirlər.

Şübhəsiz ki, hər bir dövlətin gənclərə yanaşması gələcəyə olan münasibətdir. Bütün bunları nəzərə alaraq, gənc nəslin müxtəlif sənət növlərinə, peşələrə və əmək fəaliyyətinə marağının artırılması, bacarıqlarının respublikamızın sosial-iqtisadi inkişafına səfərbər edilməsi və həmkarlar ittifaqı üzvlüyünə motivasiyasının gücləndirilməsi məqsədilə AHİK-in İcraiyyə Komitəsic əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclər üçün “İlin peşəkar gənci” fəxri adının təsis edilməsi haqqında qərar qəbul edib.

 “İlin peşəkar gənci” fəxri adı gənclər şuralarının fəaliyyətinin yüksəldilməsinə, istedadlı gənclərin üzə çıxarılmasına, onlara həmkarlar ittifaqı təşkilatı tərəfindən diqqətin artırılmasına yardımçı olur.

AHİK sədri bildirdi ki, “İlin peşəkar gənci” müsabiqəsi qaliblərini seçərkən münsiflər heyəti tərəfindən maksimum dərəcədə ədalət prinsipi gözlənilmişdir. İctimai işlərdə daha fəal, iş sahəsində daha peşəkar, yüksək intellektual səviyyəyə malik gənclərə üstünlük verilmişdir.

Sonra millət vəkili “İlin peşəkar gənci” müsabiqəsinin qalibi olmuş təhsil işçilərinə Fəxri Diplom, Döş nişanı və vəsiqələr təqdim etdi. Onları qazandıqları bu nailiyyət münasibətilə təbrik edib, hər birinə növbəti uğurlar arzuladı.

ETİKETLƏR: