Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İşçilərin peşə və ixtisaslarına uyğun olaraq onların məşğulluğu təmin edilib

Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin VIII plenumu keçirilib.

24.11.2021 11:12
4
A+
A-

 

    Plenumu giriş sözü ilə Respublika Komitəsinin sədri Fəzail Bağırov açaraq, öncə Azərbaycan Respublikasının  Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbənin bir illiyi münasibətilə xalqımızı təbrik etdi. Sonra plenumun gündəliyində duran məsələləri diqqətə çatdırdı. “ADY” QSC-nin Departament, MMC, idarə və müəssisələrində  Əmək Məcəlləsinin tələblərinə riayət olunması haqqında” məsələ ilə bağlı Respublika Komitəsinin Sosial-iqtisadiyyat  şöbəsinin müdiri Fətəli Bəyimov məruzə etdi.  Bildirdi ki,  tərəfdaşlarımızla işçilərin sosial,  iqtisadi, hüquq və mənafelərinin müdafiəsinin təminatı,  qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq prinsipləri əsasında inkişafı, sosial-əmək münasibətlərinin sosial dialoq və kollektiv müqavilələr vasitəsilə tənzimlənməsindən ötrü 2020-2022-ci illər üçün Sahə Kollektiv Saziş bağlanmışdır. Yeni işə qəbul edilmiş işçilər bu sənədlə tanış olmuşlar.

İşçilərin peşə və ixtisaslarına uyğun olaraq onların məşğulluğu təmin edilib. Cəmiyyət sədrinin müvafiq əmrinə əsasən, bütün mövcud vakansiyalar Cəmiyyətin korporativ veb-saytının müvafiq bölməsində yerləşdirilir. İstənilən şəxs saytın “Karyera” bölməsinin “Vakansiyalar” hissəsində yerləşdirilmiş “Axtar” mexanizmi vasitəsilə müraciət etmək imkanına malikdir. Əgər vakansiya üzrə müraciət etmiş şəxsin göstəriciləri vakansiyanın tələblərinə uyğundursa, namizədliyi qəbul olunur və işə qəbul şöbəsinin əməkdaşları tərəfindən test imtahanına dəvət alır.

İşçilərlə bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin  68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə müəyyən edilmiş qaydada xitam verilir. Həmkarlar ittifaqının üzvü olan işçilərin əmək müqaviləsi isə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslardan hər hansı biri ilə ləğv etməzdən əvvəl işəgötürən tərəfindən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına bu barədə yazılı müraciət olunur. Məruzədə iş vaxtının növləri və tənzimlənməsi,  işçilərin məzuniyyət hüquqları, əməkhaqqının ödənilməsi, tərəflərin qarşılıqlı maddi məsuliyyəti, işçilərin sağlamlıqlarının qorunması, təhlükəsizliklərinin təmin edilməsi istiqamətində görülən işlər, mövcud problemlər haqqında məlumat verildi. Bildirildi ki,  sərnişindaşımaları,  infrastruktur departamentlərinin Məlumat Hesablama Mərkəzinin və sair müəssisə rəhbərliyinin və HİK-in gördüyü təşkilati işlər müntəzəm yoxlanılır.

Yoxlamaların nəticələri hər ay Rəyasət Heyətinin iclaslarında müzakirə edilir. Yoxlamalar zamanı aşkar edilmiş nöqsanların Rəyasət Heyətinin təqdim etdiyi yazılı müraciət əsasında aradan qaldırılması üçün müəssisələrdə əməli tədbirlər görülüb.

Məruzəçi qeyd etdi ki, Cəmiyyətin Həkim-Sanitar Xidmətinin tibb personalı  işçi heyətinin sağlamlığının qorunması üçün tələb olunan bütün zəruri tədbirləri fədakarlıqla görür.  Sərhəd-keçid stansiyalarından respublikamızın dəmir yoluna daxil olan yüklərə xüsusi diqqət     yetirilir və mütləq şəkildə avtomatik qurğular vasitəsilə qatarların dezinfeksiyası həyata keçirilir.

İş otaqları, lokomotivlər, vağzal və stansiyaların gözləmə otaqları, perronlar və xüsusi qrafiklə hərəkət edən işçi elektrik qatarları dezinfeksiyaedici və qoruyucu vasitələrlə təchiz edilmişdir.

İşçilərin “Sosial sığorta haqqında” qanun ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası təmin olunub. İşçinin sosial sığorta haqları, əməkhaqqı fondundan və işçiyə hesablanmış əməkhaqqından asılı olaraq hesablanır, daimi (dəyişməz) fərdi şəxsi hesabı açılır, sığorta şəhadətnaməsi verilir.

Ötən il və bu ilin ötən aylarında dəmiryolçulara və onların ailə üzvlərinə sanatoriyalara və istirahət evlərinə 376 ədəd yollayış verilmişdir. 

Müzakirə olunan məsələ ilə bağlı İnfrastruktur Departamenti BHİK-in sədri Müşfiq Abasov, Sərnişin Daşımaları Departamenti BHİK-in sədri Vaqif Bədəlov, “Naxçıvan Dəmir Yolları” MMC BHİK-in sədri Eyvaz Əsgərov və  Mühafizə Departamenti HİK-in sədri Mehman Əlizadə çıxış edərək öz fikir və mülahizələrini bildirdilər.

   

    Gülnaz ƏLİYEVA 

ETİKETLƏR: