Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Təhsildə köhnəlmiş sistemdən imtina vaxtıdır

Təhsil nazirinin tədrisin yeni sistem əsasında qurulması barədə fikirləri təhsilimizin yaxın gələcəkdə yeni inkişaf mərhələsinə qədəm qoyacağına ümidlər yaradır.

24.11.2021 12:12
8
A+
A-

Təhsil naziri Emin Əmrullayev “Azərbaycan Uşaqlarının 5-ci Ümumrespublika Forumu”nda bildirib ki, ayrı-ayrı fənlərin tədrisi müəyyən mənada köhnəlmiş sistemdir. Həyat təcrübəsində fənlərin öyrətdiyi bacarıqların ifadəsi lazımdır.

Nazirin dilindən səslənən bu ciddi problemin həlli, yəni təhsillə təcrübənin uyğunlaşdırılması üçün nə etmək lazımdır? Başqa sözlə, təhsilimizdə hansı yöndə islahatlar aparılmalıdır ki, məzunların topladıqları biliklər təcrübədə işə yarasın?

Bizi və cəmiyyətimizi narahat edən bu suallara münasibət bildirməyi təhsil eksperti Kamran Əsədovdan xahiş etdik. Kamran müəllim dedi, müasir dövrdə təhsil sistemi əsaslı şəkildə cəmiyyətin sosial-iqtisadi inkişafına təsir göstərir. Təsadüfi deyil ki, müxtəlif ölkələrin alimləri 21-ci əsrdə insanlıq qarşısında duran vəzifələrdən danışarkən, hər şeydən əvvəl, çalışırlar ki, təhsilin inkişaf istiqamətlərini müəyyənləşdirsinlər. Təhsilin inkişaf perspektivləri hamını, o cümlədən ölkəmizin ictimaiyyətini düşündürür, çıxış yolları axtarmağa məcbur edir. Təbii ki, çıxış yollarından ən mühümü müasir şəraitdə təhsilin keyfiyyəti, onun idarə edilməsidir. Hamı razılaşır ki, ölkəmizdə bir çox təhsil müəssisəsi məzunların dövlət təhsil standartlarına uyğun məcburi minimum bilikləri qazandıqları haqqında zəmanət verə bilmir. Bunun da bir neçə səbəbi var. Əvvəla, məlumat üçün deyim ki, Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı 57 ölkənin 15 yaşlı məktəblilərinin bilik reytinqini açıqlamışdır. Məlum olmuşdur ki, Finlandiyanın uşaqları daha dərin, fundamental biliklərə malikdirlər. Bizim şagirdlər isə çox aşağı səviyyə nümayiş etdirmişlər. Beləliklə, beynəlxalq tədqiqatların nəticələrinə görə, Azərbaycanda orta ümumtəhsil məktəblərində orta təhsilin səviyyəsinin orta göstəricilərdən də aşağı olduğu aydın olmuşdur.

İkincisi, son zamanlar təhsilimizin maddi-texniki bazasının mükəmməlləşdirilməsi prosesi daha sürətlə gedir. Bu, danılmaz və yaxşı göstəricidir. Təəssüf ki, tədrisin keyfiyyəti baxımından təhsilimiz bu sürətlə ayaqlaşa bilmir. Müəllimlərdə yeni təfəkkür tərzi ləng formalaşır, onlar keçmişin təsirindən uzaqlaşmağa cəhd göstərmirlər. Təhsil müəssisələrinin rəhbərləri bu problemləri məktəb şuralarında, pedaqoji şuralarda müzakirə etmir, lazımi tədbirlər həyata keçirmirlər. Bu hal isə, əlbəttə, şagirdlərin mənimsəmə faizinə mənfi təsir göstərir.

Hamımız şahidiyik ki, son zamanlar dünyada müxtəlif xarakterli yeni dəyərlər sistemi meydana gəlir. Bazar iqtisadiyyatına keçid, təhsil xidmətləri bazarının formalaşması istər-istəməz insanların şüuruna təsir göstərir, təhsilə münasibətlər yenilənir. Cəmiyyətin mənəvi həyatında elmin, mədəniyyətin rolu artır. Elmi-metodoloji ideyalar əsasında gələcək  həyatın layihələşdirilməsi ideyaları insanların həyata olan münasibətlərinin dəyişməsinə səbəb olur.

Təhsil sahəsində qərarlar qəbul etmək imkanları tədricən dövlət strukturlarından ictimaiyyətin ixtiyarına keçir. Təsadüfi deyildir ki, inkişaf etmiş ölkələrdə təhsilin maliyyələşməsi dövlətlə yanaşı bələdiyyələr, sahibkarlar tərəfindən həyata keçirilir. Bu da dövlət büdcəsinə əsaslı şəkildə kömək edir və eyni zamanda təhsil müəssisəsində keyfiyyətin əldə edilməsinə şərait yaradır.

Son onillikdə təhsildə yeni elm sahəsinin - təhsil menecmentinin tədricən təsir dairəsini genişləndirməsi sayəsində mütəxəssislər tərəfindən hazırlanan idarəetmə mexanizmləri və texnologiyalarının təhsil sisteminə tətbiqi, heç şübhəsiz, təhsilin keyfiyyətinin yüksəldilməsində də özünü göstərir.

K.Əsədov sözünün sonunda bildirdi ki, Təhsil nazirinin tədrisin yeni sistem əsasında qurulması barədə fikirləri təhsilimizin yaxın gələcəkdə yeni inkişaf mərhələsinə qədəm qoyacağına ümidlər yaradır.

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: