Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


XXI əsrin bəlası: Narkomaniya.

Gəncləri zərərli vərdişlərdən qoruyaq!

24.11.2021 12:17
9
A+
A-

Əsrin bəlası olan, ağ ölüm adlandırılan narkomaniya problemi bütün dünyada olduğu kimi, Azərbaycandan da yan keçməyib. Respublikamızda bununla bağlı görülən mühüm tədbirlərə baxmayaraq, problemin tam qarşısını almaq hələ də mümkün olmayıb.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün təsdiq olunmuş Dövlət Poqramı” narkomaniyaya qarşı mübarizədə müvafiq qurumların qarşılıqlı fəaliyyət qurmasına və zəruri işlərin görülməsinə imkan yaradan sistemə təminat verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) narkomaniya ilə mübarizədə fəal və ardıcıl mövqeyi var. Problemin dövlət səviyyəsinə qaldırılması və ictimaiyyətin nəzarəti altında saxlanması, bu sahədə qəbul edilmiş dövlət proqramlarının (DP), BMT konvensiyalarının və beynəlxalq layihələrin icrasında iştirakı buna sübutdur.

AHİK-də Dövlət Proqramından irəli gələn vəzifələrin gerçəkləşməsi ilə bağlı Fəaliyyət Planı qəbul edilib. Bu sənəddə işləyən və təhsil alan gənclər arasında problemə dair qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsi xüsusi yer alıb. Fəaliyyət Planına əsasən, yerlərdə bütün səviyyəli Hİ təşkilatları tərəfindən səlahiyyətləri çərçivəsində tədbirlər görülür, narkomanlığa səbəb olan amillər üzə çıxarılır, iş yerlərində əmək intizamının təşkilinə və antinarkotik təbliğatın gücləndirilməsinə (plakatlar, nəşrlər, söhbətlər, seminarlar) diqqət artırılır, gənclərin ictimai həyata, xüsusilə həmkarlar ittifaqlarının fəaliyyətinə cəlb edilməsi işləri davam etdirilir. Hİ-nin əhatəsində olan müəssisə və təşkilatlarda narkomaniya ilə mübarizədə əmək və hüquq müfəttişlərimiz, etimadlı həkimlər, müxtəlif komissiyalar fəal iştirak edirlər. Təkcə 2019-cu ildə müəssisələrdə, təhsil ocaqları və təşkilatlarda narkomaniyanın ziyanı haqqında 62 tədbir həyata keçirilib. Bunlar “Narkotiksiz gələcək naminə!”, “Biz narkomaniyaya yox deyirik!”, “Gələcəyimiz - sağlam gənclərdir!” və s. başlıqlar altında maarifləndirici seminarlar, dəyirmi masa, treninq və kampaniyalardır.

Həmkarlar ittifaqlarının antinarkotik təbliğatın gücləndirilməsində rolunu əks etdirən materiallar bir qayda olaraq “Ülfət”, “İki sahil” və d. informasiya vasitələrində işıqlandırılır.

Gənclərin böyük bir qismi həmkarlar ittifaqı sıralarında birləşir. Bu da təşkilatımızın üzərinə böyük məsuliyyət qoyur. AHİK gənclər siyasətini rəhbər orqanlarının iclaslarında təsdiq olunmuş sənədlərə istinadən həyata keçirir. Bunlar: “Azərbaycanda uşaq və gənclərin hüquqlarının müdafiəsi və mənəvi tələbatlarının ödənilməsi sahəsində həmkarlar ittifaqlarının fəaliyyəti və tədbirlər planı”, “Gənclər siyasəti konsepsiyası”, “Azərbaycan həmkarlar ittifaqlarının gənclər siyasətinin həyata keçirilməsi”, “Azərbaycan həmkarlar ittifaqlarının gənclər siyasəti üzrə fəaliyyətinin əsas istiqamətləri” haqqında və digərləridir.

Gənclərin sıralarımızda təşkilatlanması istiqamətində çoxsahəli tədbirlər görülür. Bu tədbirlərin birbaşa icraçısı AHİK-in və sahə Hİ respublika komitələrinin nəzdində yaradılan gənclər şuralarıdır. Gənclər şuralarının yığıncaqlarının gündəliyinə çox aktual mövzular çıxarılır. Gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin özünüidarəetmə vərdişlərinə yiyələnməsi, onların ideya və təşəbbüslərinin dəstəklənməsi, beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakı, məşğulluq sahəsində imkanlarının genişləndirilməsi, əmək miqrasiyası, gender bərabərliyi və s. mövzular ətrafında müzakirələr aparılır. Eyni zamanda şuralar gənclərin həmkarlar ittifaqının rəhbər orqanlarında təmsil olmalarına, müəssisə və təşkilatlarda bağlanan bütün saziş və kollektiv müqavilələrə gənclərlə əlaqədar müvafiq bölmə və öhdəliklər daxil edilməsinə səy göstərir.

Təqdirəlayiq haldır ki, gənclərin problemlərinə həsr olunmuş qitə və dünya miqyaslı tədbirlərdə gənc liderlərimizin iştirakı ilbəil artır. Təkcə son 5 il ərzində onlar Rusiya, Polşa, Qazaxıstan, Almaniya, Avstriya, Moldova, Bolqarıstan, İtaliya, Yaponiya, Gürcüstan, Belçika, Yunanıstan, Belarus və Litvada keçirilmiş konfrans və treninqlərdə ölkəmizi layiqincə təmsil etmişlər. Onlar müasir gənclərə xas olan problem və nailiyyətlərin müzakirəsində iştirak edərək əldə olunmuş bilik, müsbət təcrübə və texnologiyaları həmkarları ilə bölüşürlər.

AHİK, hökumət və işəgötürənlərin sosial tərəfdaşı olaraq, gənc nəslin nə düşündüyünü, dəyərlər yönümünü, iqtisadi vəziyyətini, istehsalatda, yaradıcılıqda, hərbdə, təhsildə, elmdə davranışını təhlil edir. Həmkarlar ittifaqı dövlət proqramları, beynəlxalq layihələr və müvafiq fəaliyyət planlarının icrasında da fəal iştirak edir, problemlərin həllindəki müsbət nəticələri öyrənir.

Biz gənclərin istehsalata həm fəal ictimaiyyətçi, həm də ixtisaslı kadr kimi hazırlığı işində stimullaşdırma metodlarından da istifadə edirik. “Bu - mənim peşəmdir” başlığı altında foto, təsviri və tətbiqi sənət üzrə, “Gənclərlə iş üzrə ən yaxşı ilk həmkarlar ittifaqı təşkilatı adı uğrunda” Respublika baxış-müsabiqələri, “Gənclərin liderlik məktəbi” və “Gender bilikləri və texnologiyası məktəbi” layihələri bu qəbildəndir. Gənclərin həmkarlar ittifaqı üzvlüyünə motivasiyasının gücləndirılməsi məqsədilə “İlin peşəkar gənci” fəxri adı təsis edilib. Təkcə ötən ilin nəticələrinə görə əməkdə, təhsildə və ictimai fəaliyyətdə nailiyyətlər qazanmış 53 gənc bu ada layiq görülüb. AHİK bütün gəncləri inkişaf strategiyası çərçivəsində yeni ideyalarını ortaya qoymağa, gənclər forumlarının keçirilməsinə çağırır. Bu kimi tədbirlər həm də müasir dövrdə gənclər siyasətinin prioritetlərinin dəqiqləşdirilməsi, problemlərin həlli yollarının araşdırılması, gənc liderlər arasında təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətlidir.

Gənclərin hərbi vətənpərvərlik tərbiyəsində həmkarlar ittifaqı təşkilatlarının rolu artmaqdadır. Artıq 20 ildən çoxdur ki, Azərbaycan həmkarlar ittifaqları mədəni - maarif hamiliyinə götürdüyü Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alan gənc kursantların asudə vaxtlarının səmərəli təşkili məqsədilə müntəzəm olaraq mədəni-kütləvi tədbirlər, baxış-müsabiqələr, idman yarışları keçirilir. Hər il liseydə istedadlı gənclərin üzə çıxarılması məqsədilə “Azərbaycan əsgəri” bədii qiraət, “Vətənə xidmət edirik” rəsm, “Qarabağ Azərbaycandır!” və “Bir kərə yüksələn bayraq bir daha enməz!” inşa yazı müsabiqələrinin, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş bölüklərarası hərbiləşdirilmiş idman,  eləcə də Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədovun xatirəsinə həsr edilmiş şahmat yarışları təşkil olunur, qaliblərə AHİK-in Diplomu və qiymətli hədiyyələri verilir. Eyni zamanda təhsil ilinin yekunlarına görə yüksək nəticələr qazanan və əla qiymətlərlə oxuyan, liseyin ictimai həyatında fəal iştirak edən kursantlar həmkarlar ittifaqlarının pul mükafatları ilə də təltif edilirlər.

Tələbələrin və işləyən gənclərin intellektual səviyyəsi və sağlamlığı da Hİ-nin fəaliyyət prioritetini təşkil edir. Tədbirlərin böyük əksəriyyəti də bu amala xidmət göstərir. 10 ilə yaxındır ki, “Nə? Harada? Nə zaman?” intellektual oyun keçirilir. Oyunların ilkin mərhələsində minlərlə tələbə öz biliyini sınayır. Final mərhələsinə yüksələn intellektlər arasında mübarizə daha gərgin xarakter daşıyır. Bu da təhsilimizin uğuru və gənc nəslin elmə marağının bariz göstəricisidir.

Azərbaycan həmkarlar ittifaqları ali məktəb tələbələrinin tədrisdə uğurlar qazanmasına, fəal ictimaiyyətçi kimi yetişməsinə nail olmaq  üçün “Adlı təqaüd” mükafatı təsis etmişdir. Ölkənin əksər ali məktəblərini əhatə edən bu təsisat uzun illərdir ki, ən yaxşılara, əlaçı və ictimaiyyətçi tələbələrə verilir. İndiyə qədər 2 mindən çox tələbə bu təqaüdə layiq görülmüşdür.

Gənclərin idman, bədən tərbiyəsi ilə məşğulluğu da əsas hədəflərimizdən biridir. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatlarının İctimai Birliyində (AHİTİB) “Məhsul”, “Spartak”, “Gənclik”, “Qarabağ”, “Zenit”, “Alpinist və Turist”, “Şahmat və Dama”, “Atilla”, “Pəhləvan” idman təşkilatları birləşib. Bizi peşəkar idmançı yetişdirməkdən daha çox bədən tərbiyəsində kütləvilik maraqlandırır. İdmanla müntəzəm məşğul olan gənc zərərli vərdişlərə, pis əməllərə qurşanmağa həvəs göstərməz. Onu da qeyd etmək lazımdır ki, bədən tərbiyəsinə cəlb etdiyimiz gənclər arasından kifayət qədər Olimpiya, dünya və Avropa çempionatlarının, birinciliklərinin, beynəlxalq turnirlərin qalibləri çıxıb. Biz idman tədbirlərini ildən-ilə daha genişmiqyaslı, daha kütləvi, daha səmərəli formalarda keçirməyə səy göstəririk. Bundan başqa, Təhsil Nazirliyi ilə birlikdə universiada və spartakiadalar keçirilir, idmanın bir neçə növü üzrə çempionatlar da təşkil olunur.

İnsanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, bir sözlə, həyatı iflic edən narkomanlığa münasibətdə hər kəs barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyyətli mübarizə aparmalıdır.

 

Afaq YUSİFOVA,

AHİK -in Zəhmətkeşlərin

mədəni -məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin

 mütəxəssisi

 

ETİKETLƏR: