Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Əmək məzuniyyəti  nədir və hansı qaydada verilir?

Mahir ƏŞRƏFOV, Balakən rayonu.    

24.11.2021 12:42
25
A+
A-

Əmək məzuniyyəti  nədir və hansı qaydada verilir?

 

Mahir ƏŞRƏFOV, Balakən rayonu.    

-Əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti Əmək Məcəlləsində nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.

Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər.

Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər.

 

Hansı hallarda mülki işlərə qapalı baxılır və bu cür işlərdə kim iştirak edə bilər?                                Şükufə SADIQOVA, Sumqayıt şəhəri.

- Dövlət, peşə, kommersiya sirrinin açılması, şəxsi və ailə həyatı sirrinin yayılması, yetkinlik yaşına çatmayan şəxslərin marağının gözlənilməsi səbəbləri istisna olmaqla, bütün məhkəmələrdə işlərə aşkar baxılır.

İşlərə aşkar baxılması demokratik cəmiyyətdə əxlaq, ictimai qayda, dövlət təhlükəsizliyi baxımından, həmçinin digər xüsusi hallarla əlaqədar ədalət mühakiməsinin maraqlarına toxunarsa, məhkəmə baxışı və ya onun bir hissəsi qapalı keçirilə bilər.

Məhkəmə baxışında iştirak edən şəxs övladlığa götürmə, vərəsəlik, kommersiya, ixtira və ya vergi sirrinin, eləcə də qanunla qorunan digər sirlərlə yanaşı, həmçinin şəxsi və ailə həyatının intim məsələlərinin qorunması məqsədilə məhkəmə baxışını qapalı keçirməyi tələb edə bilər.

Məhkəmə işə qapalı məhkəmə iclasında baxılması barədə qərardadı işdə iştirak edən şəxsləri ilkin dinlədikdən sonra qəbul edir.

Məhkəmə baxışının qapalı keçirilməsində işdə iştirak edən şəxslər, onların nümayəndələri və vəkilləri iştirak edir. Zərurət yaranarsa, onların şahidləri, ekspertlər, mütəxəssislər və tərcüməçilər çağırılır.

Qapalı məhkəmə baxışı mülki məhkəmə icraatının bütün qaydalarına riayət olunmaqla aparılır.

İşdə iştirak edən şəxs olmayan və ya şahid qismində dəvət edilməyən on altı yaşına çatmamış şəxslər məhkəmə iclası zalına buraxılmırlar.

Məhkəmə aktları bütün hallarda açıq elan edilir.

 

Özəl təşkilatda fəhlə işləyirəm. İki ildir ki, mənə məzuniyyət pulu vermirlər və deyirlər ki, məzuniyyət pulunun verilməsi özəl təşkilatlara aid deyil. Bu, doğrudurmu?

 

Şəmsi MƏMMƏDOV, Gəncə şəhəri.

 

- Xeyr, doğru deyil. İşçilərin məzuniyyət hüququ, məzuniyyətin verilməsi qaydası, məzuniyyət pulunun ödənilməsi, bunlarla bağlı mübahisələrin həlli qaydaları Əmək Məcəlləsi ilə tənzimlənir. Məcəllə ilə müəyyən edilmiş fərdi əmək mübahisələrinin həlli qaydaları Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş qaydada vəzifəyə təyin edilən və Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan şəxslərdən başqa bütün işçilərə şamil edilir.

Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən, işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.

Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əməkhaqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əməkhaqqının faktiki olaraq verildiyi gündən hesablanıla bilər.

Məzuniyyət vaxtı üçün hesablanmış orta əməkhaqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir.

Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə görə, pul tələbləri ilə əlaqədar yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

ETİKETLƏR: