Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Gümüş və bürünc medal qazandılar

Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə Avropa çempionatında “Zenit” İdman Cəmiyyətinin yetirmələri gümüş və  bürünc medal qazanıblar.

22.04.2021 12:42
19
A+
A-

Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə Avropa çempionatında “Zenit” İdman Cəmiyyətinin yetirmələri gümüş və  bürünc medal qazanıblar.

Milli komandamızın üzvü, “Zenit” İdman Cəmiyyətinin yetirməsi Turan Bayramov (70 kq.) səkkizdəbir finalda Böyük Britaniya təmsilçisini üstələyib. Türkiyə güləşçisi ilə qarşılaşmada Turan hesabda 3:2 öndə olarkən rəqib zədələndiyi üçün görüş saxlanılıb və həmyerlimiz yarımfinala yüksəlib. Böyüklərin Avropa çempionatında debüt edən güləşçimiz ukraynalı rəqibinə də gücünü göstərərək finalda iştirak hüququ qazanıb. Həlledici görüşdə sərbəst güləşçimiz rusiyalı rəqibinə məğlub olub və qitə birinciliyinin gümüş medalı ilə kifayətlənib.

57 kq. çəki dərəcəsində mübarizəyə qoşulan sərbəst güləşçimiz, “Zenit” İdman Cəmiyyətinin yetirməsi Əfqan Xaşalov ilk görüşdə yunan rəqibinə qalib gəlib. Həmyerlimiz daha sonra rumıniyalı güləşçini məğlub edərək yarımfinala adlayıb. Ancaq finalın bir addımlığında Rusiya təmsilçisi ilə bacarmayıb. Təmsilçimiz bürünc medal uğrunda görüşdə Aryan Tsiutrindən (Belarus) üstün olub. Son saniyələrdə sevimli fəndini uğurla yerinə yetirən Ə.Xaşalov karyerasında ilk dəfə böyüklər arasında Avropa üçüncüsü olub.

Xatırladaq ki, Əfqan Xaşalov Vətən müharibəsində iştirak edərək bizə qələbə sevincini bəxş etmiş idmançı əsgərlərimizdən biridir. O, sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı könüllü cəbhəyə yollanıb. İdman yarışlarını yarımçıq saxlayıb, çünki qarşıda daha böyük məqsəd var idi. Füzulinin, Qarabağımızın incisi olan Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə savaşıb. Düşmənin xeyli sayda canlı qüvvəsini, hərbi texnikasını məhv edib. Erməni işğalçılarına qarşı qəhrəman igidlərimizlə birlikdə sona qədər çiyin-çiyinə döyüşüb. Azad olunmuş torpaqlarda Azərbaycan bayrağını qaldıraraq tarixi Zəfərimizin qazanılmasında hünər göstərib.   

ETİKETLƏR: