Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Pensiya sisteminin təkmilləşdirilməsinə ehtiyac var

İqtisadçı-ekspert Rəşad Həsənov bir çox narahatedici məqamlara aydınlıq gətirdi

22.04.2021 12:15
73
A+
A-

- Son vaxtlar cəmiyyətdə müzakirə edilən məsələlərdən biri də vətəndaşların Dövlət Sosial Müdafiə Fonduna toplanmış vəsaitlərinin taleyidir. Statistik rəqəmlərə görə, işləyən əhalinin 41 faizi pensiya yaşına çatmamış dünyasını dəyişir. Onların əməkhaqqından və ya digər gəlirlərindən tutulan pullar vərəsələrinə verilmir, Fondun büdcəsində qalır. Halbuki çox ölkələrdə tam əksinədir.

- Bu, təbii ki, müzakirə olunan məsələdir, “Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq ancaq könüllü yığım hissəsinə toplanan vəsaitlər varislərə ötürülür. Yığım iki hissədən ibarət olur. Birincisi, icbari yığım. O, faktiki olaraq müəyyən edilmiş faizlər çərçivəsində əməkhaqqı fonduna 25 faiz hesablanma ilə tutulur. İkincisi isə, vətəndaşın könüllü yığımıdır. Könüllü yığım olan hissəsində toplanmış vəsaitlərin irsən ötürülməsi nəzərdə tutulur. Lakin praktikada belə vəsait yoxdur. Əslində mükəmməl pensiya sistemi, vətəndaşların pensiya hüququ əldə etməyən, pensiya yaşına qədər yaşamayan vətəndaşların yığımlarının onların varislərinə ötürülməsinə, eyni zamanda pensiya əlçatanlığını təmin edir. Təəssüf ki, Azərbaycanda vəziyyət nisbətən fərqlidir. Əsas prioritet Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri və xərclərinin optimallaşdırılmasıdır. DSMF Azərbaycanda dövlət büdcəsinə verilən dotasiya hesabına öz xərclər üzrə öhdəliklərini yerinə yetirə bilir. Hər il təxminən orta hesabla 1.5, 1.6 milyard manat dövlət büdcəsindən pensiya fonduna pul ayrılır. 2020-ci ilə qədər bu göstərici 38 faiz ətrafında idi. Bu xərclər büdcə hesabına ödənilirdi. Təbii ki, bunun fundamental səbəbləri var idi. Bu o demək deyildi ki, toplanmış vəsaitlər dünyasını dəyişmiş pensiyaçıların varislərinə verilməsin.

Problemin həll yolu əslində əmək bazarının leqallaşdırılmasıdır. Əmək bazarının qanuniləşdirilməsi pensiya sisteminə daxil olmaları əhəmiyyətli səviyyədə, təxminən 3.5 dəfə artıra bilər. Bu isə mövcud olan problemləri tam aradan qaldıra bilər. Amma bizdə bunun daha asan variantına əl atırlar, mümkün qədər pensiya təminatı sistemində əlçatanlığı aşağı salırlar.

- Beynəlxalq təcrübəyə görə, pensiya yaşı əhalinin ortalama yaşamaq həddinə uyğun müəyyənləşdirilir. Yəni yaşamaq həddi ilə pensiya yaşı arasında fərq 12 il götürülür. Bu baxımdan yanaşsaq, Azərbaycanda ortalama yaş həddi 71, 72 olduğu üçün, vətəndaş 60-61 yaşında pensiyaya çıxmalıdır.

- Bəli, vacib məsələlərdən biri yaş həddinin azaldılmasıdır. Yaş həddinin 65-ə çatdırılması Azərbaycanda orta pensiya dövrünün 6 ilə qədər azalmasına gətirib çıxarır. Dünya təcrübəsindən misal gətirsək, fərq Yaponiyada 22 il, Almaniyada 20 ildir. Orta ömür Yaponiyada 89 ildir, pensiya yaşı isə 67-dir. Ölkəmizdə orta ömür 71 ildir, pensiya yaşı 65-dir. Bu orta ömür nisbətində pensiya yaşının artırılması pensiyaya çıxma hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırdı.

- Azərbaycanda vətəndaş pensiyaya çıxandan sonra hesabına yığılmış vəsaitə niyə tam sahiblik edə bilmir?

- Fondun gəlirlərinin xərclərini ödəməməsi, hökumətin varisliklə bağlı məsələyə çox səthi yanaşmasına gətirib çıxardı. 2017-ci ildə “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik ediləndə, varislik məqamını özündə ehtiva etdi. Çox təəssüf ki, qanunda fərdi hesabın yalnız yığım hissəsindəki vəsaitlərin varisliyi məsələsi əksini tapdı. Yəni olmayan bir hesab. Virtual hesab. Amma sığorta şirkətində toplanan vəsaitlərin ötürülməsi məsələsi həll olunmadır. Bu, doğru yanaşma deyil, bu məsələ tezliklə həll olunmalıdır. Toplanan vəsaitlər qanunvericiliyə uyğun olaraq əslində Dövlət Sosial Müdafiə Fondunun xərclərinə yönəldilir. Qanunvericilk ilə bu mənimsənilmir. Mənimsənilən hissə qanunsuzluq çərçivəsində baş verir. İstənilən halda, bu, pensiya mexanizminin özünün təşfiqediciliyini, cəlbediciliyini zəiflədir. Dünya təcrübəsi də göstərir ki, pensiya mexanizmləri adətən əksər ölkələrdə daha çox əmək bazarının leqallaşdırılması istiqamətində həm də bir alət kimi istifadə olunur. Yəni pensiya mexanizmi nə qədər cəlbedici olarsa, insanlar öz əməyini qanuniləşdirməkdə o qədər maraqlı olar. Ölkəmizdə hələlik şərtlər daxilində mövcud mexanizm bütün bu sadaladıqlarımızın əksini formalaşdırır.

- Alternativ, özəl pensiya fondları yaratmaq barədə çoxdan söhbət getsə də, hələ onun reallaşdırılması mümkün olmayıb. Səbəb nədir?

- Bəli, bu bizim bazarda indiki şəraitdə mümkün olmayacaq. Birincisi, hüquqi əsaslar yoxdur. Yəni özəl pensiya fondlarının təşəkkül tapması üçün hüquqi əsaslar olmalıdır. İkincisi, Azərbaycanda bu kimi maliyyə insitutlarına güvən çox aşağıdır. 30-40 il müddətinə proqnozlaşdırma tələb edən, fiziki şəxs tərəfindən yaradılan mexanizmə, hətta sığorta tətbiq edilsə belə, vətəndaşlar əmanətlərini etibar edə bilərlərmi? Təbii ki, xeyr. Dövlətin pensiya mexanizminə güvənməyən vətəndaşın, özəl pensiya fonduna güvənməsi ehtimalı çox aşağıdır. Bu baxımdan ən yaxşı halda bu mexanizm, dövlət təminat verərsə, qismən işlək ola bilər. Necə ki, dövlət Əmanətlərin Sığortalanması Fondu vasitəsilə əmanətlərə və eyni zamanda depozitlərə zəmanət verir. Bənzər yanaşma özəl pensiya fondlarının fəaliyyətində də tətbiq olunarsa, vətəndaşlar o zaman qismən bu istiqamətə meyilli ola bilər.

Özəl pensiya fondlarının üstünlükləri də vardır. Yaş ilə bağlı mövcud meyarları daha da qısalda bilər. Razılaşma əsasında 65 yaşında yox, daha tez vətəndaş öz yığımlarının hesabına yüksək pensiya ala bilər. Bu vəsaitlər eyni zamanda fondlar tərəfindən idarə olunur, əldə olunan gəlirin bir qismi də vətəndaşın yığımına yönəldilir. Bu isə vətəndaşın yığımlarının ən azından inflyasiya riskinin qarşısının alınmasına gətirib çıxardır. Burada şərtlər əsasən tərəflər arasındakı müqavilə əsasında formalaşır. Hansı ki, Dövlət Sosial Müdafiə Fondunda bu, qanun çərçivəsində hər kəsə bərabər statusda təşkil olunur. Özəl pensiya fondları bəzi hallarda fərdi şəkildə münasibətlərin, hüquqların formalaşdırılması imkanı yaradır. Amma bizdə hazırkı vəziyyətdə, xüsusən əhalinin gəlirlərinin aşağı olduğu şərtlər daxilində kiminsə 30-40 il sonranı düşünmək imkanı yoxdur, olsa belə, mövcud olan belə özəl fondlara güvənməyəcəklər.

Müsahibəni apardı:

Gülöyşə MƏMMƏDLİ