Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Tibbi sığorta hamı üçün əlçatandır

 -Aynurə xanım, vətəndaşların əksəriyyəti hara və necə müraciət edəcəklərini dəqiq bilmir. Bu da görünür, icbari tibbi sığortanın tətbiqi mexanizmi barədə məlumatsızlıqdan irəli gəlir.

22.04.2021 12:14
105
A+
A-

Aprelin 1-dən etibarən bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanılsa da, insanlar arasında hələ də qaranlıq qalan bəzi məqamlar var. Həmin məqamlara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aynurə Əhmədova ilə aydınlıq gətirməyə çalışdıq.

 -Aynurə xanım, vətəndaşların əksəriyyəti hara və necə müraciət edəcəklərini dəqiq bilmir. Bu da görünür, icbari tibbi sığortanın tətbiqi mexanizmi barədə məlumatsızlıqdan irəli gəlir.

-Əvvəla, deyim ki, bütün vətəndaşların icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən istifadə etmək hüququ var. Çünki dövlət büdcəsindən bütün vətəndaşlar üçün icbari tibbi sığorta haqqı ayrılır. Həmçinin 1 yanvar 2021-ci il tarixindən etibarən “Tibbi sığorta haqqında” qanuna əsasən, dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlardan, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılıb. Qeyd edək ki, vətəndaşlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilən kalkulyatordan istifadə etməklə əməkhaqlarından və ya gəlirlərindən tutulan icbari tibbi sığorta haqqının məbləğini hesablaya bilər.

Heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Onlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən dövlət büdcəsinin vəsaiti hesabına istifadə edə bilərlər. 

İcbari tibbi sığorta çərçivəsində tibb müəssisələrinə müraciət qaydasına gəldikdə, qeyd edək ki, vətəndaş səhhətində yaranan narahatlıqla bağlı (təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla) ilk növbədə ailə həkiminə (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) müraciət etməlidir. Belə ki, ailə həkimini seçmək üçün sığortaolunan yaşadığı ərazi üzrə ən yaxın olan ilkin səhiyyə xidmətini göstərən dövlət tibb müəssisəsinə (poliklinika, Ailə Sağlamlıq Mərkəzi, kənd həkim məntəqəsi) müraciət etməlidir. Ərizə formasını doldurmalı və qeydiyyatçıya ərizə ilə yanaşı, şəxsiyyət vəsiqəsini, eləcə də yaşadığı ünvan üzrə qeydiyyata dair sənədi təqdim etməlidir. Ailə həkimini seçərək sığortaolunan tibb müəssisəsində qeydiyyata alınır. Ailə həkimi vətəndaşı müayinə etdikdən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verir. Bu zaman vətəndaş göndəriş əsasında ixtisaslı həkimə müraciət edir.

Yeri gəlmişkən, ailə həkiminin fəaliyyət göstərdiyi tibb müəssisəsində tibbi profilaktik tədbirlər və tibbi-sanitar maarifləndirmə işinin aparılması, eyni zamanda qanın ümumi analizi üçün qan nümunəsinin alınması və s. xidmətlər qarşılanır.

-Tibbi sığorta paketini hansı tibb xidmətləri əhatə edir?

-İcbari tibbi sığortanın Xidmətlər Zərfi sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur. İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə  2550 sayda müxtəlif tibbi xidmət daxildir: ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulator yardım xidməti, laboratoriya xidməti, fizioterapiya xidməti, invaziv radiologiya xidməti və stasionar tibbi xidmət.

Təcili tibbi yardım xidmətinə ambulans xidməti, ambulator və stasionar şəraitdə təcili və təxirəsalınmaz tibbi yardım xidmətləri aiddir. Təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri Xidmətlər Zərfinə daxildir.

İxtisaslaşdırılmış ambulator tibbi xidmət tibb müəssisəsində tibbi müşahidə və müalicə tələb olunmayan hallarda xəstəliklərin və sağlamlıqla bağlı problemlərin aradan qaldırılması üçün ixtisaslı həkim tərəfindən göstərilir. Ambulator tibbi yardıma ixtisaslı həkimin konsultasiyası, göndəriş əsasında müvafiq laborator və instrumental müayinələr, radioloji xidmətlər, müalicənin təyini, müalicə ilə bağlı məsləhətlərin verilməsi, tələb olunduqda sığortaolunanın dispanser müşahidəyə götürülməsi, fizioterapiya, müalicəvi masaj xidməti və s. xidmətlər daxildir.

Tibb müəssisəsində ambulator tibbi yardım çərçivəsində göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən anesteziya xidməti, dərman təminatı və tibbi sərf də qarşılanır. Ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri Xidmətlər Zərfinə daxil deyil.

Stasionar tibbi xidmətlərə əhali arasında ölüm və əlillik riski yüksək olan xəstəliklərin xəstəxanadaxili müalicəsi, eləcə də həyati vacib, eyni zamanda dəyəri yüksək olan əməliyyatlar daxildir. Koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi, oynaqdaxili endoprotezlərin yerləşdirilməsi, aorto-koronar şuntlama əməliyyatı, ürək qapaqlarında aparılan əməliyyatlar, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcə də minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları və s. kimi 950 sayda cərrahi əməliyyat Xidmətlər Zərfi ilə qarşılanır.

Stasionar tibbi xidmətlərə həmçinin ixtisaslı həkimin müayinəsi, stasionar müalicəönü tələb olunan müayinələr, instrumental və laborator müayinələrin aparılması, medikamentoz müalicə, cərrahi müdaxilələr, fizioterapiya xidməti və s xidmətlər də daxildir. Həmin xidmətlər 3500-dən artıq diaqnozu əhatə edir. Bunlara miokard infarktı, beyin insultu, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı və digər qan dövranı sisteminin xəstəlikləri, eləcə də mədə-bağırsaq xəstəliklərin, uroloji xəstəliklərin, infeksion və parazitar xəstəliklərin müalicəsi, o cümlədən hamiləlik, doğuş və zahılıq dövründə xəstəliklərin müalicəsi, travmalar, yanıqlar, zəhərlənmələr zamanı müalicə və digər xəstəliklərin müalicəsi daxildir. Stasionar tibbi xidmətlər tibb müəssisəsində ixtisaslı həkim tərəfindən göstərilir.

Tibb müəssisəsində təcili və təxirəsalınmaz tibbi yardım, stasionar müalicə zamanı istifadə olunan dərman və tibbi sərf, koxlear implant sistemi, nitq prosessoru, stent, endoprotez və digər xüsusi tibbi sərflər Xidmətlər Zərfi ilə təminata alınıb.

-Əgər rayon qeydiyyatında olan şəxsin müalicəsi üçün qeydiyyatda olduğu ərazidə ona lazım olan tibbi xidmət yoxdursa, o, aidiyyəti üzrə digər xəstəxanalara yönləndiriləcəkmi?

-Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir. Vətəndaş qeydiyyatda olduğu ərazi üzrə dövlət tibb müəssisəsinə müraciət edir, həmin tibb müəssisəsində ona lazım olan tibbi xidmət göstərilir. Tibbi xidmətin həmin xəstəxanada göstərilməsi mümkün olmadıqda, müqaviləli tibb müəssisələrinə göndəriş verilir. Tibbi xidmətlərə göndəriş vərəqəsi TƏBİB-in tabeliyindəki tibb müəssisəsi tərəfindən verilir.

-İcbari tibbi sığortanın tətbiqi təkcə dövlət xəstəxanaları üçün nəzərdə tutulub, yoxsa vətəndaşlar özəl tibb müəssisələrindən də yararlana bilərlər?

-Müqaviləli tibb müəssisələrinə həm dövlət tibb müəssisələri, həm də Bakı və Gəncə şəhərlərində yerləşən özəl xəstəxanalar aiddir. Bu da o deməkdir ki, vətəndaş müqaviləli tibb müəssisələrinin tərkibində olan həm dövlət, həm də özəl xəstəxanalara müraciət edə bilər.

-Bəzən olur ki, tibbi sığorta ilə yaxınlaşan vətəndaşa həkim laqeyd və ya narazı yanaşır. Bu kimi halların yaşanmaması üçün hər hansı bir nəzarət mexanizmi yaradılıbmı?

-Vətəndaş tibb müəssisəsində göstərilmiş tibbi xidmətlərin keyfiyyətindən narazıdırsa və ya tibb personalı tərəfindən ona qarşı hüquq pozuntusuna yol verilibsə, bununla əlaqədar ilk növbədə tibb müəssisəsinin vətəndaş müraciətləri ilə bağlı təyin olunmuş məsul şəxslərinə və yaxud birbaşa rəhbərliyinə müraciət etməlidir. Vətəndaş ona verilmiş cavabdan və yaxud görülmüş tədbirdən razı qalmazsa, TƏBİB-in (012) 310 17 70 nömrəsinə zəng edə, info@tabib.gov.az elektron poçt ünvanına və ya rəsmi ünvanına (İsmayıl Hidayətzadə küç. 11, Bakı, AZ1154) müraciət edə bilər.

Müsahibəni apardı:

Aliyə SƏMƏDOVA