Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Əməkdaşlığın yeni mərhələsi

“Yeni türkmən qazı Azərbaycanın neft-kimya sənayesini genişləndirməyə imkan verəcək”.

23.01.2021 13:15
54
A+
A-

Yanvarın 21-də Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib. Hər iki ölkənin, eləcə də dünyanın siyasi, iqtisadi ekspertləri memorandumu gələcəkdə Azərbaycanın və Türkmənistanın enerji sahəsində əməkdaşlığının mühüm, davamlı və uğurlu başlanğıcı kimi dəyərləndiriblər. Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban mətbuata açıqlamasında bildirib ki, “Kəpəz” yatağı Azərbaycanın sahilindən təqribən 140 kilometr uzaqlıqda ən sonuncu yataqdır. 1989-cu ildə Azərbaycan neftçiləri tərəfindən geofiziki yolla deyil, kəşfiyyat quyusu qazılmaqla yatağa çevrilən bir layihə olub. 1997-ci ildə “Kəpəz” yatağı ilə bağlı Rusiya-Azərbaycan müqaviləsi imzalanıb. Bu müqavilə Türkmənistan tərəfindən etirazla qarşılanıb. Artıq 24 il idi “Kəpəz”, (Türkmənlər onu “Sərdar” adlandırırlar) mübahisəli yataq kimi qalırdı.

İ.Şabanın sözlərinə görə, 5 ilə yaxındır ki, Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri səviyyəsində enerji layihələri üzrə əməkdaşlığa dair görüşlər keçirilir.

Xəzərin o tayındakı ən böyük neft həcmləri bu gün Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyə terminalına, o cümlədən Türkmənistanın neft məhsulları Azərbaycan üzərindən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kulevi terminalı vasitəsilə dünya bazarına çıxarılır. Artıq ilk dəfə olaraq iki türk dövləti bir-biri ilə məhz neft və qaz hasilatı ilə bağlı razılığa gəlir. İndiyədək Azərbaycanın Xəzər dənizində heç bir ölkə ilə birgə hasilat layihəsi olmayıb. “Dostluq” layihəsi həm də Azərbaycanın neft hasilatının stabilləşməsinə öz töhfəsini verəcək. Bu yataq özünün geoloji quruluşuna görə yaxınlığında yerləşən və qaz ehtiyatlarına malik “Qarabağ” yatağına oxşar yataqdır. Ancaq bu yatağın ehtiyatları ondan böyükdür.

Ekspertin sözlərinə görə, təbii ki, karbohidrogen ehtiyatlarının yerin dərinliklərində qalması heç bir ölkəyə - nə Türkmənistana, nə də Azərbaycana hansısa dividend gətirmir: “O, sadəcə ehtiyat idi. Ancaq Azərbaycanın infrastrukturu və imkanları ilə bazara çıxarılması və kapitala çevrilməsi hər iki ölkəyə əlavə gəlir gətirəcək. Bu, həmçinin iki ölkə arasında enerji sahəsində, o cümlədən iqtisadi-siyasi sahədə əməkdaşlığı yeni formata çevirəcək. Digər tərəfdən, bu, Azərbaycanın Xəzər hövzəsində neft-qaz hasilatçısı kimi nüfuzunun artmasına dəstək olacaq”.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza da yeni müqavilənin yeni əməkdaşlıq münasibətləri yaradacağına inanır. Deyib ki, bu  saziş hər iki ölkəyə təbii qaz hasilatı sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlər vəd edir.

O, həm də Türkmənistan qazının Xəzər dənizi vasitəsilə Azərbaycana və digər ölkələrə tranzitinə yol açacaq. Türkmənistan üçün etibarlı bazarlara çıxışı təmin etmək çox vacibdir.

M.Brayza əlavə edib ki, Türkmənistanın yeni qaz həcmləri Azərbaycanda, eləcə də Türkiyədə təbii bazara malikdir.

“Yeni türkmən qazı Azərbaycanın neft-kimya sənayesini genişləndirməyə imkan verəcək”.

Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı imzalanan sənədin daha çox siyasi tərəyinə diqqət cəkib. Deyib ki, uzun müddət Azərbaycanla Türkmənistan arasında müəyyən ziddiyyətli məqamlar var idi. Türkdilli ölkələrin formalaşdırdığı birliklərə, keçirilən tədbirlərə Qazaxıstan, Qırğızıstan, Azərbaycan və Türkiyə qatılırdı. Daha sonra Özbəkistan da türk birliyinə qoşuldu: “Son zamanlar Türkmənistan təmsilçiləri də bu və ya digər formada türk dövlətlərinin birgə forumlarında iştirak edirdi. Türkmənistanın nisbətən uzaq qalmasının müəyyən səbəbləri var idi. Ola bilsin, bu, ölkənin müstəqillik dövründən sonra tutduğu mövqedən asılı idi. Bəlkə, ilkin mərhələdə proseslərə qoşulmamağı qərara almışdılar. Digər səbəb isə Xəzər dənizində mübahisəli enerji yataqlarının bölünməsi ilə bağlı idi”.

Xəzər dənizinin statusu ilə bağlı qeyri-müəyyənlik də münasibətlərdə problemlərə səbəb olurdu. Amma tədricən ziddiyyətlər aradan qalxmaqdadır. Şübhəsiz, burada Azərbaycan dövlətinin apardığı təmkinli və sakit, eyni zamanda bölgənin gələcəyinə yönəlik siyasəti mühüm rol oynayır. O mənada Türkmənistanla “Dostluq” yatağının birgə işlənməsi son dərəcə önəmlidir. Azərbaycanın enerji sahəsində təcrübəsi böyükdür. Dənizin ən dərin qatlarında özüllər, platformalar qurur və onları sahillə əlaqələndiririk. Bu da Türkmənistana xeyir gətirən vacib məqamlardan biridir. Mümkündür ki, dənizdəki yataqdan çıxarılan ehtiyatlar geriyə - Türkmənistana deyil, birbaşa Avropaya daşınsın. Bu da Türkmənistan üçün əlavə imkandır. Memorandum hər birimizi sevindirməlidir. Çünki bu anlaşma normallaşan əlaqələrə daha bir nəfəs gətirəcək. Ən əsası isə bu sahədə Türkmənistan da türk birliyinin inkişafında daha yaxından iştirak edəcək və öz töhfəsini verəcək.

ETİKETLƏR: