Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Türkiyə kimi dəyərləri sabit olan bir dövlət təzyiqlərlə öz milli maraqlarından əl çəkməz”

Həmsöhbətim Milli Məclisin deputatı Fazil Mustafadır

29.04.2021 10:24
224
A+
A-

- Cozef Baydenin ABŞ-ın Çinlə iqtisadi, Rusiya ilə hərbi, İranla nüvə silahı problemləri yaşadığı bir vaxtda ən yaxın müttəfiqlərindən olan Türkiyəni qondarma “soyqırımı”nda günahlandırıb, yumşaq desək, özündən incik salıb, ən azı ciddi rəqiblərinin sıralarında yer almağa məcbur etməsi nə deməkdir?  Ağılsız siyasət, özündən müştəbehlik və ya hələlik sirr olaraq qalan növbəti neçəncisə gedişin başlanğıcı?

- ABŞ prezidentlərinin adət üzrə 24 aprel açıqlaması verməsi əslində Amerika anormallığının bir təzahürüdür. Yer üzündə yüzlərlə faciə yaşanmış və sadəcə, bir seçki qumarı kimi istifadə olunan bir açıqlama hər dəfə əsilsiz ittihamlar və ona qarşı yalanlama hərəkətlərini özü ilə gətirir. Bu dəfəki açıqlama ABŞ-Türkiyə münasibətlərinin hər nə qədər gərginləşməsinə yol açmış olsa da, ən çox Türkiyənin yararına olan bir addım, ermənilərin zərərinə işləyəcək bir proses olduğunu söyləməyə əsas verir. Artıq Türkiyə hüquqi əsası olmayan bu iftira ilə qarşılaşdıqdan sonra yeni bir siyasət izləmək fürsəti qazanmış oldu. Onsuz da Konqresin və Senatın, 49 ştatın bu barədə qərarı vardı, dəyişən bir durum da yoxdu, bu açıqlama da bir şeyləri dəyişməyəcək, ancaq Türkiyəyə ABŞ mərkəzli siyasətdən tam imtina üçün əsas verəcək. Ermənilər isə daha bir neçə il real siyasətdən xəyallarla uğraşmağa doğru yön alacaqlar, bu da onların izdirablarının davamı deməkdir. 

- Sizin də dediyiniz kimi, Baydenin işlətdiyi “soyqırımı” sözü söz olaraq qalacaq. Çünki bu ittihamın hüquqi əsası yoxdur. 1919-1920-ci illərdə, Böyük Britaniya hakimlərinin də iştirakçısı olduğu, Malta xüsusi Tribunalında Osmanlı imperiyasının ermənilərə qarşı soyqırımı törətməsi təsdiqini tapmadı. Yəni onu təsdiq edən hökm qəbul olunmadı. Ümumiyyətlə, bu barədə beynəlxalq məhkəmə qərarı yoxdur. Belə olan halda ermənilər heç bir hüquqi əhəmiyyət daşımayan bəyanat səsləndirmək üçün niyə bu qədər qüvvə və vəsait xərcləyirlər?

- Hüquqi təməli olmayan bu kimi mövzuların siyasi təməli də boş olur. Bir müddət aktual görünə bilər, ancaq mahiyyətcə “seçki qumarı”ndan başqa bir məna ehtiva etməz. Bu mövzunu tarixə daşıyıb müzakirə etmək heç Türkiyənin də yararına deyil. Çünki biri sənə iftira atırsa, günün hüququ çərçivəsində cavabı verməlisən, tarixə yönəldikdə suçluluğu üzərindən atmağa çalışmaq kimi anlaşıla bilər.  Savaş sürəcində yunanlar ingilis-fransızlarla, ermənilər də ruslarla birləşərək öz dövlətlərinə xəyanət etmişlər. Görülən tədbiri ABŞ Yaponiya ilə savaşda yapon əsilli insanlara qarşı da başqa formada tətbiq etmişdi. Soyqırımı niyyətlə bağlı anlayışdır. Osmanlı imperiyasında belə bir niyyətin olmadığı açıqca ortadadır və soyqırıma əslində məruz qalan türk-müsəlman kütlələri olmuşdur. Məsələyə sırf hüquq prizmasından yanaşılmalıdır.

- ABŞ-ın təzyiqləri Türkiyənin Aralıq dənizində, Suriyada, Liviyada, daha çox bizim üçün həyati əhəmiyyət daşıyan Qarabağda müəyyən güzəştlərə getməsinə səbəb ola bilərmi?

- Türkiyə kimi dəyərləri sabit olan bir dövlət bu cür təzyiqlərlə öz milli maraqlarından əl çəkməz. Hələ indiki durumda bunu heç etməz. Əslində ABŞ prezidenti üçün bu addım Qarabağda, eləcə də digər bölgələrdə  Türkiyənin varlığını məhdudlaşdırmaq niyyəti güdür, ancaq Türkiyə harada varsa, onu məhdudlaşdırmaq  elə də asan məsələ deyil.

- ABŞ-ın Ərdoğan iqtidarını zəiflətmək, daxildə sosial vəziyyəti gərginləşdirmək məqsədilə ölkənin milli valyutasının dəyərinin itirilməsi istiqamətində həmlələri gözləniləndirmi və mümkündürmü?

- ABŞ siyasətində Türkiyəyə və Ərdoğana qarşı ikixətli bir təzyiq mexanizmi özünü qabarıq göstərir. Suriya və İraqda terroru dəstəkləyərək Türkiyəni parçalamaq istəyir, hərbi çevriliş edərək Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaq istəyir. Ancaq Türkiyə bu prosesdən daha da güclü çıxdığından ABŞ əlində son təzyiq alətlərindən biri olan saxta soyqırımı gündəmə gətirir. Bu addım da Türkiyədə dövlətin və millətin həmrəyliyinin daha da güclənməsinə rəvac verir və daha müstəqil siyasət izləməsinə təşviq edir.

- Belə bir versiya da var ki, qondarma “soyqırımı” ifadəsi Türkiyə-ABŞ münasibətlərinin korlanmasına yox, Paşinyanın iyun seçkilərində qələbəsinə, beləliklə ruspərəst qüvvələrin hakimiyyətə gətirilməsi istəyinin qarşısını almağa hesablanıb. Aprelin 23-də Baydenin Ərdoğana telefon açması, may ayında NATO-nun gözlənilən tədbiri çərçivəsində gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparmaq təşəbbüsünün anlaşıqlı şəkildə qarşılanması bu versiyanın ağlabatan olduğu qənaətini gücləndirir.

- Bu addım Paşinyanın seçkisi ilə əlaqələndirilməməlidir. Çünki hansısa şəxsə dəstək vermək üçün illərdir bu mənasız addımla amerikan xalqının başını xarab etməyə çalışmazdılar. Burada daxili siyasət amili daha qabarıq özünü göstərir. Bu, seçkidə verilmiş vədin icrasıdır, sadəcə Bayden Obama və ya Klinton kimi intellektual keyfiyyətlərdən uzaq olduğuna görə, bu vəzifəni naşı formada icra etmiş oldu. Çünki Çin, Rusiya kimi dövlətlərlə ciddi  problemləri olan bir dövlətin öz müttəfiqini onlarla bir cinaha itələməsinin mənfi təsirlərini yaxın zamanlarda mütləq hiss edəcəklər.

 

Söhbətləşdi:

Bəyalı SƏFAOĞLU

ETİKETLƏR: