“Duzdağ”ın möcüzəli müalicəsi...
“Ağbulağ”ın cazibəsi....
Sentyabrın 6-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin iclası keçirilib. Tədbiri giriş sözü ilə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev açaraq, gündəliyə AHİK-in VI Məclisinin çağırılması və digər təşkilati məsələlərin daxil edildiyi barədə məlumat verdi. Gündəliyə çıxarılan məsələlər ətrafında çıxışlar olub, rəy və təkliflər səslənib, müzakirələr aparıldı. Səs çoxluğu ilə qəbul olunmuş qərarla AHİK-in VI Məclisinin vaxtı və mövzusu təsdiqləndi. Həmçinin digər məsələlər də səsə qoyularaq qəbul edilib. S.Möhbalıyev işçilərin istirahəti, müalicəsinin təşkili, o cümlədən Duzdağ Fizioterapiya Mərkəzinə müalicə kursu keçmək üçün müraciət edənlərin yollayışla təmin edilməsi ilə bağlı tapşırıqlar verdi.
İclas başa çatdıqdan sonra əməkdaşımız Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayevlə görüşüb. Naxçıvan şəhərində yerləşən Duzdağ Fizioterapiya Mərkəzi və oradakı digər kurort-sanatoriyalar, eləcə də yollayışların əldə olunması yolları və s. barədə söhbət edib.
Q.Abdullayev deyib ki, “Duzdağ” nəinki Naxçıvanda, eyni zamanda Azərbaycanda analoqu olmayan məkandır. Ümumi 152 otaqdan ibarət olan mərkəzdə 300 nəfər müalicə ala bilər. Daxilində restoran, kafe, SPA mərkəzi, konfrans, idman zalları, akvapark, Olimpik star mövcuddur.
Mərkəzdə speleoterapiya Ukraynanın Ujqorod xəstəxanasının metodik göstərişlərinə uyğun aparılır. “Speleoterapiya” yunanca “Spelaion” - mağara, kaha və “terapiya” - müalicə deməkdir.
Qeyd edim ki, ötən əsrin ikinci yarısının əvvəllərindən dünya təbabət elminə bronxial astmalı xəstələrin karst mağaralarında, duz şaxtalarında müalicəsinin yüksək effekt verdiyi məlum olub. Tədqiqatlar nəticəsində təbiblər bu qənaətə gəliblər ki, duz mədənlərində natrium və xlor ionları üstünlük təşkil etdiyindən, o, speleoterapiya-ağciyər bronx xəstəliklərinin müalicəsinə olduqca müsbət təsir göstərir. Şaxtanın mikroklimatında kalsium ionları üstünlük təşkil edir. Şaxta şəraitində ilk dəfə müalicə hələ 1871-ci ildə İtaliyanın Florensiya şəhərinin yaxınlığında, Toskana vilayətinin Monsumman yaşayış ərazisində revmatik poliartritə tutulmuş xəstələrdə aparılmışdır. Daha sonra şaxtalar Polşanın Krakov şəhərində 1968-ci ildən, Ukraynanın Ujqorod şəhərinin Solotvino qəsəbəsində 1972-ci ildən və Azərbaycanın Naxçıvan şəhərində 1979-cu ildən fəaliyyət göstərib. Eyni zamanda duz şaxtası şəraitində aparılan müalicə İtaliya, Macarıstan, Polşa, Almaniya, Ukrayna, Ruminiya və s. kimi ölkələrdə geniş yayılıb. Bu şəfa ocağının müalicəvi təsirinin digər duz şaxtalarından üstünlüyü ondadır ki, şaxta horizontal yerləşdiyindən, xəstələr yeraltı hissəyə adaptasiya olunaraq girirlər. Həmçinin şaxtada havalandırma təbiidir, mikrob cisimciklər aşağı səviyyədədir, allergenlər yox dərəcəsindədir. Mağarada rütubət və temperatur daim sabit qalmaqdadır. Burada 47 otaqda eyni anda 128 pasiyentin müalicəsi üçün rahat şərait yaradılmışdır. Mərkəzdə pasiyentlər üçün kafe,TV salon, kitabxana, mağaza, növbətçi tibb bacısı otağı mövcuddur.
“Duzdag” hotelinin daxilində yerləşən fizioterapiya mərkəzində dərman bitkiləri və efir yağları ilə müalicəvi vannalar, müalicəvi masaj, darıdağ vannaları, şor su yatağından palçıq müalicəsi təcrübəli həkim və tibb bacıları tərəfindən həyata keçirilir.
Burada uşaqlarda olan bronxial astma, nəfəs boruları, allergik xəstəliklər də müalicə olunur. Müalicə başa çatdıqdan sonra böyüklərdə 65-70%, uşaqlarda isə 80-85% yaxşılaşma qeyd olunur.
Şuranın sədri qeyd etdi ki, burada müalicə alan xəstələrin əyləncəsi üçün də hər cür şərait yaradılıb. Mərkəzdə bütün xidmətlərlə təchiz olunmuş 5 ulduzlu otel, geniş həyətyanı sahə, akvapark, kotteclər, işıqlı, hündür, böyük yeməkxana, binanın alt mərtəbəsində hovuzları, və. s mövcuddur.
- Qəzənfər müəllim, bəs “Ağbulaq” İstirahət Mərkəzi necə?
- Yaşıllıqlar adasını xatırladan bu istirahət mərkəzində ümumi tutumu 76 nəfər olan 38 otaq fəaliyyət göstərir. Otaqlar peyk yayımlı TV, daxili xətli telefon, minibar, kassa, vanna otağı (duş, duş kabini), WC, fenlə təchiz olunub. Həmçinin istirahət mərkəzində “Ağbulaq” restoranı, kafe-bar, restoran-bar fəaliyyət göstərir. Bundan başqa, minifutbol-voleybol meydanı, uşaqlar üçün əyləncə parkı, market, valyuta məntəqəsi, poçt xidməti və başqa xidmətlər də mövcuddur.
Qeyd edim ki, burada hər şənbə, bazar günləri həmkarlar ittifaqı üzvlərinin istirahətlərinin təşkili təmin olunur.
Bundan əlavə, Ağbulaq Xizək Mərkəzi 2021-ci ildən istifadəyə verilib. Tikinti işləri dünyanın bir çox ölkəsində dağ-xizək mərkəzlərinin yaradılması layihəsini həyata keçirən Fransanın “MND” şirkətinin layihəsi əsasında həyata keçirilib. Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən mərkəzdə ümumi uzunluğu 1500, eni isə 30 metr olan dağ-xizək enişi, kanat yolu, xizəksürmə məktəbi, əyləncə və uşaq parkları yaradılıb, süni qaryaratma sistemləri qurulub. Uzunluğu 952 metr olan kanatın başlanğıc və son dayanacaq yeri arasındakı hündürlük fərqi 267 metrdir. Kanat yolunda, hər biri 4 yerlik olmaqla, 58 oturacaq quraşdırılıb ki, bu da saatda 1000-dən artıq insana xidmət etməyə imkan verir.
Həmçinin 20 min kubmetr tutumu olan süni göl də gözəl mənzərəsi ilə turistləri özünə cəlb edir.
Əyləncə və uşaq parklarında, eləcə də başlanğıc sahədə 231 metrlik konveyer xətləri yaradılıb. Burada uşaqlar üçün xizək məktəbi, xizək üçün lazım olan bütün ləvazimatlar mövcuddur. Həmçinin ərazidə turistlərin istirahəti üçün də şərait yaradılıb, xidmət sahələri istifadəyə verilib. Ərazidə mərkəz üçün 2 mərtəbəli inzibati bina, hər biri 2 nəfərlik olmaqla,1-i inzibati binanın ikinci mərtəbəsində, 1-i isə kanat liftinin sonuncu dayanacağında olmaqla 2 kafe fəaliyyət göstərir. İnzibati binanın birinci mərtəbəsində qeydiyyat, xizəklərin və müvafiq geyimlərin təhvil verilməsi xidməti göstərilir.
Geniş turizm potensialına malik olan Şahbuz rayonunun Ağbulaq kəndində müasir xizək mərkəzinin mövcudluğu muxtar respublikada ənənəvi turizm növlərinin inkişaf etdirilməsi ilə yanaşı, yeni turizm istiqamətlərinin, o cümlədən idman turizminin də inkişafı üçün geniş imkanlar yaradıb.
-Yeni tikilməkdə olan Darıdağ Arsenli Su Müalicə Mərkəzinin əhəmiyyəti haqqında nə deyə bilərsiniz?
- “Darıdağ” suyu karbon qazlı, mərgümüşlü, yüksək minerallaşdırılmış xlorlu-hidrokarbonatlı-natriumludur: Kudova (Polşa), Dürkgeym (Almaniya), Sineqorsk (Saxalin) sularının analoqudur. Lakin suyun tərkibindəki mineral duzların mütənasibliyinə görə “Darıdağ” suyu onlardan üstündür. “Darıdağ” suyundan hələ qədim zamanlardan kustar şəkildə sümük-oynaq, əzələ sistemi xəstəliklərinin, o cümlədən “duzlaşma” adlanan patologiyalar və onun müxtəlif fəsadlarının müalicəsində geniş istifadə edilib. Hazırda burada arsenli su vannası vasitəsilə revmatik, dəri, əzələ və sinir sistemləri xəstəliklərinin ambulator müalicəsi aparılır. Şəfa ocağının suyu Kəlbəcər rayonundakı “İsti suya” bərabərdir. 1300-1500 m. dərinliyində quyudan çıxır. Həmin vaxt 55 dərəcə istiliyi olur. 15 dəqiqədən artıq suda qalmaq olmur.
Bu gün də müzakirə olunan mövzulardan biri sanatoriyalardakı müalicə xidmətlərindən istifadə üçün üzvlərimizin maarifləndirilməsinin vacibliyi idi. Çünki analoqu olmayan, təbiətin yaratdığı bu müalicə metodlarından istifadə edərək sağalan insanların sayı kifayət qədərdir. Bu cür xətəliklərdən əziyyət çəkən insanlara müalicə mərkəzlərimiz şəfa ola bilər.
-İttifaq üzvləri yollayışları necə əldə edə bilərlər?
-Bunun üçün, sadəcə olaraq, həmkarlar ittifaqı təşkilatlarına müraciət etmək kifayətdir.