Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Niyə kitab oxumuruq?

“Bir mədəniyyəti yox eləmək üçün kitabları yandırmağa gərək yoxdur. Oxumağın qarşısını alın, yetər”. - R.Bredberi

27.09.2023 23:32
68
A+
A-

Təsəvvürlərə görə, dünyada ən çox kitab oxuyanlar Avropada, Amerikada yaşayan insanlardır. İngiltərədə fəaliyyət göstərən “Dünya Mədəniyyət Səviyyəsi İndeksi” təşkilatının araşdırmaları təsəvvürlərin heç də həqiqət olmadığını aşkara çıxardı. Sən demə, əslində dünyada ən çox kitab oxuyanlar Cənub-Şərqi Asiya ölkələrinin xalqları imiş. Məlumata görə, Hindistan dünyanın ən çox kitab oxuyan ölkəsi seçilib. Onun sakinləri həftədə orta hesabla 10,7 saat kitab oxuyur.

Təəssüf ki, Azərbaycan bu reytinqə, ümumiyyətlə, yaxın düşə bilmir, əhalimizin mütaliəyə ayırdığı zamanı heç də ürəkaçan deyil.

Bu məlumat məndə təəssüfedici bir sual yaratdı: “Niyə ölkəmizdə kitaba maraq azdır?  Xalqımızın mütaliə vərdişlərini necə artırmaq olar?”.

Suallarımı cavablandıran Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa günahın ən azı yarısını valideynlərdə gördü. Dedi ki, fərdə kitab oxuma vərdişini ailə aşılayır. Fərdin gələcək həyatında bu vərdiş oxuma mədəniyyətinin formalaşmasına müsbət təsir göstərir.

Ailə və məktəb kitabı sevdirməyi bacarmalıdır. Əks halda məktəbli kitabı yalnız müəyyən müddət üçün lazım olan vəsait kimi qavrayacaq. Kitab oxumaq vərdişə çevrilməyəcək. Əgər bu vərdiş tərbiyə olunmasa, uşaq kitab oxumağa əziyyətli bir iş kimi baxacaq. İnkişaf etmiş ölkələrdə isə proses bir qədər başqadır. Uşağa mütaliə prosesindən həzz almağı öyrədirlər. Beləliklə, onların həyatında “kitab oxumaq zövq almağa bərabərdir” modeli formalaşır.

F.Mustafa bildirdi ki, Azərbaycanın kitab oxuyan ölkələr reytinqində sonuncu sıralarda olması təəccüblü deyil. Ölkəmizdə məktəb sistemi mütaliəyönümlü sistem deyil. İstər orta, istər ali məktəb sistemi oxumağı təşviq edən ciddi mexanizmlər qurmayıb.

Bu yaxınlarda “Əli və Nino” mağazalar şəbəkəsinin təsisçisi Nigar Köçərlinin müsahibəsi diqqətimi çəkdi. Nigar xanım mövzumuz ilə bağlı bir çox problemlərə toxundu və səbəblər aydın oldu.

Misal üçün, Gürcüstanın 3,5 milyon əhalisi olduğu halda, onların ölkə üzrə ümumilikdə 250 kitab mağazası mövcuddur. Onlardan elə 10-u Batumidə yerləşir. Təəssüf ki, Azərbaycanda bütün ölkə üzrə cəmi 50 kitab mağazası var.

Eyni zamanda mütaliəyə marağın az olmasının əsas səbəblərindən biri insanların önəm verdiyi dəyərlərin böhranıdır.

Hazırkı dövrdə oxucuların elektron kitablara daha çox üstünlük verdiyini düşünürlər. Əslində isə elektron kitablar oxunan kitabların ümumi sayının heç 23 faizindən çoxunu təşkil etmir. Maraqlıdır, niyə 21-ci əsrdə ənənəvi kitablar elektron kitablardan daha populyar olaraq qalır? Birincisi, bu bir estetikadır, kitabı səhifələyib oxumaq, səhifələrin xoş ətrini hiss etmək zövq verir.

İkincisi, uşaq ədəbiyyatı kimi böyük bir seqment var. Dünyada uşaq ədəbiyyatı satışı 20-30 faiz təşkil edir. Uşaq ədəbiyyatı tamamilə elektron formata çevrilə bilməz. Çünki uşaq ədəbiyyatının özünəməxsus ritualları var (yatmazdan əvvəl ana ilə birlikdə kitab oxuyub qucaqlaşmaq, müəyyən duyğuları və emosiyaları paylaşmaq).

Bundan başqa, Azərbaycanda kitabların qiymətinin baha olması daha bir əngəl kimi göstərilir, amma bunun da öz səbəbləri var. N.Köçərliyə görə, Azərbaycanda tirajlar gülünc saydadır: “Biz C.Roulinqlə Harry Potteri Azərbaycan dilində nəşr etmək üçün müqavilə bağlayanda, 1000 nüsxə çap edib, onları üç il ərzində satacağımızı bildirdik. Qarşı tərəf çox təəccübləndi, çünki 10 milyon əhalisi olan ölkədə tiraj ən azı 100 min nüsxə olmalıdır. Təəssüf ki, bu, çox absurd və acınacaqlı bir vəziyyətdir. Məsələn, Türkiyə milyonlarla nüsxə çap edir. Təbii ki, Türkiyənin əhalisi 85 milyon nəfərdir, amma buna baxmayaraq, rəqəmlər müqayisə olunmayacaq dərəcədə böyükdür. Nəşriyyatda nə qədər çox nüsxə çap etsən, bir kitabın qiyməti bir o qədər az olur. Məsələn, Dostoyevskinin Azərbaycan dilində kitabını 1000 nüsxə tirajla çap etsəniz, onun pərakəndə satış qiyməti 12 manat olacaq. Türklər isə eyni kitabı 100 min tirajla çap edəcəklər, pərakəndə satış qiyməti hətta Azərbaycana nəqliyyat və gömrük xərcləri ilə birlikdə 8 manat təşkil edəcək. Bundan əlavə, Azərbaycan dilinə tərcümələrin çox da keyfiyyətli və ürəkaçan olmadığını nəzərə almalıyıq. Türklər üçün bu proses artıq öz yerini tapıb, onların peşəkar tərcüməçi ordusu var. Bizdə isə ölkə üzrə cəmi 200 mütəxəssis çalışır.

Türkiyədə oxucu kütləsi kifayət qədər böyükdür. Xaricdə çıxan hər hansı yeni kitab orada dərhal çap olunur. Beləliklə, ölkəmizdə oxucuların bir qismi türkcə oxumağa üstünlük verir.

Eyni zamanda ölkəmizin özünəməxsus oxucu bölgüsü var. Gürcüstan, Türkiyə, Rusiyada kitabların 90-95 faizi ana dillərində oxunur və satılır. Bizdə isə vəziyyət bir qədər başqadır. “Hazırda Azərbaycan dilində olan kitablar ümumi kitabların 25-30 faizini təşkil edir. Alıcıların 60 faizi rus, 25 faizi Azərbaycan, 10 faizi türk, 5 faizi ingilis dilində oxuyur. Türkcə oxuyanların sayı sürətlə artır. Eyni zamanda, ölkəmizdə özəl məktəblərdə ingilis dilində təhsil alan 15 min uşaq sayəsində ingilisdilli seqment sürətlə artır”, - deyə N. Köçərli söylədi.

Kitaba həvəs yaratmaq üçün ümumtəhsil məktəblərində ən azı şagirdlərin dərs proqramında olan yazıçıların əsərləri əsasında kitabxanalar fəaliyyət göstərməlidir. Şəhər, rayon, qəsəbə və kəndlərdə zəngin kitabxanalar və oxu zalları, orta məktəblərdə diskussiya klubları yaradılmalıdır. Böyük şəhərlərdə və bölgələrdə kitab sərgiləri təşkil edilməlidir. Televiziya və KİV-lərdə yeni nəşr edilən kitablar haqqında məlumat verən proqram hazırlanmalıdır. Xalqa kitab oxumağı sevdirmək üçün aylardan biri “kitab ayı” elan olunmalıdır. Məktəblərdə, kitabxanalarda yazıçılar və kitab müəllifləri ilə görüşlər keçirilməlidir, yeni çıxan kitabların təqdimatı, xarici müəlliflərin əsərlərinin Azərbaycan dilinə tərcüməsi təşkil olunmalıdır.

 

Günel RAFAYILQIZI

ETİKETLƏR:

Foto