Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yaşa görə pensiya aldığım üçün işdən çıxmışam. İşsiz kimi qeydiyyata dura bilərəmmi?

Zeynəb ƏLİVERDİYEVA, Sumqayıt şəhəri.

28.09.2023 10:31
20
A+
A-

Yaşa görə pensiya aldığım üçün işdən çıxmışam. İşsiz kimi qeydiyyata dura bilərəmmi?

    

Zeynəb ƏLİVERDİYEVA,

Sumqayıt şəhəri.

- “Məşğulluq haqqında”qanunda işsiz şəxsin anlayışı verilib. İşsiz şəxs  dedikdə, işi və qazancı olmayan, işə başlamağa hazır olub müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs başa düşülür. Yaşa görə pensiya alan şəxslər isə əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs hesab edilmir. Qanunun 5.12.4. maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilmiş şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir.

Qanunun 5.11.2. maddəsinə uyğun olaraq  işsiz kimi qeydiyyata alınmış şəxslərin “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilməsi üçün əsaslar yarandıqda onların qeydiyyatı ləğv edilir.

Əsas işim ilə bərabər idarənin həmkarlar ittifaqı təşkilatının sədriyəm və müəyyən faiz əməkhaqqı alıram. Əsas işimdən məzuniyyətə çıxarkən həmkarlar ittifaqı təşkilatından da məzuniyyətə çıxıb məzuniyyət pulu ala bilərəmmi?

 

Rövşən ŞİRƏLİYEV, Şirvan şəhəri.

- Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində əmək fəaliyyəti ilə məşğul ola bilər.

Əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir.

Lakin Məcəllənin 6-cı maddəsinə əsasən, podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə Məcəllə şamil edilmir.

Siz əsas iş yerində əlavə başqa bir vəzifəni də yerinə yetirirsinizsə, lakin bunun üçün əmək müqaviləsi bağlanmayıbsa, Əmək Məcəlləsi sizə şamil edilmir.

 

Hamiləyəm və natamam iş vaxtına keçmək istəyirəm. İşəgötürən isə razılaşmır. Hamilə qadınlar haqqında qanunvericilikdə natamam iş vaxtı nəzərdə tutulubmu?

 

Günel NƏZƏROVA, Şirvan şəhəri.

-Təkcə hamilə qadınlar yox, işləyən bütün qadınlar üçün natamam iş vaxtı müəyyən edilən hallar və həkim müayinəsi zamanı əməkhaqqının saxlanılması qaydası ƏM-in 245-ci maddəsində əks olunub.

Hamilə, 14 yaşına çatmamış uşağı, yaxud 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir.

Hamilə və 3 yaşınadək uşağı olan qadınların həm özünün, həm də uşağının tibb müəssisələrində dispanser və ambulator müayinələrinin keçirildiyi, həkim məsləhətləri aparıldığı günlərdə orta əməkhaqqı saxlanılır. Belə müayinələrin keçirilməsi üçün işəgötürən hökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır.

 

ETİKETLƏR: