Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azərbaycan 2024-cü ilə nikbin sosial-iqtisadi göstəricilərlə başladı

2024-cü ilin yanvar ayında əhalinin nominal gəlirlərində, bank əmanətlərində, ünvanlı sosial yardımın məbləğində, muzdlu işçilərin orta aylıq əməkhaqqında da artımlar qeydə alınıb ki, bu da uğurlu sosial-iqtisadi başlanğıc sayıla bilər.

14.02.2024 12:52
43
A+
A-

Azərbaycan 2024-ci ili yaxşı və ümidverici iqtisadi inkişaf templəri ilə başlayıb. Cari ilin ilk ayında ölkədə 9,1 milyard manatdan çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da 2023-cü ilin yanvar ayı ilə müqayisədə 5 faiz çox əlavə dəyər deməkdir. ÜDM-in tərkibində neft gəlirlərinin dəyəri 2,6 faiz azalmasına baxmayaraq, qeyri-neft sektorundakı 12,3 faiz artım milli məhsul istehsalında yüksək artım dinamikasını təmin edib. Belə ki, qeyri-neft sektorunun əsas sahələri olan sənaye, rabitə, kənd təsərrüfatı, turizm, ticarət kimi aparıcı sektorlarda əlavə dəyərin yaranması son bir ayda əvvəlki aylara nisbətən daha çox artımlar nümayiş etdirib. 2015-ci ildən sonra ÜDM-in aylıq nominal artımı ilk dəfə 2024-cü ilin yanvarında qeydə alınıb.
Beləliklə, ölkə iqtisadiyyatının inkişafında ağırlıq mərkəzi tamamilə qeyri-neft sektorunun üzərinə transformasiya olunmaqdadır və hökumətin neft ÜDM-dən qeyri-neft ÜDM-ə keçid strategiyası özünü doğrultmaqdadır. Hökumətin yaxınmüddətli iqtisadi inkişaf ssenarilərinə əsasən, neft-qaz  sektorunun tədricən daralacağı şəraitdə iqtisadi artımın əsas hərəkətverici qüvvəsi qeyri-neft gəlirləri olacaq və 2024-cü ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 71,1 % olacağı proqnozlaşdırılır. Eyni zamanda ilin sonunda büdcə gəlirlərində neft daxilolmalarının ümumi həcmi 17 milyard manat nəzərdə tutulsa da, 1 milyard manat azalacağı, əvəzində qeyri-neft gəlirlərinin 17 milyard manatdan 18 milyard manata yüksələcəyi gözlənilir. Dövlət büdcəsinin qeyri-neft gəlirlərində əsas fiskal orqan kimi Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 42-43 faiz nəzərə alınmaqla 14-15 milyard manata çatacağı proqnozlaşdırılır. Vergi orqanı artıq 2024-cü ilin ilk ayında yığımları ilə daha böyük qeyri-neft potensialına malik olduğunu nümayiş etdirib və yanvar ayında vergi yığımlarında əhəmiyyətli artım baş verib.
Yanvarda təkcə vergilərdə deyil, sosial yığımlarda da artım qeydə alınıb. Sosial vergilərdə, yəni sosial sığorta haqları üzrə daxilolmalarda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,3 faiz və ya 58,7 milyon manat artıq vəsait toplanıb. Ümumilikdə ilin ilk ayında 397 milyon manatdan çox sosial vergi toplanıb. Həmin vergilərin əsas artım mənbəyi sahibkarlıq sektoru olub, qeyri-büdcə təşkilatları üzrə daxilolmalarda artım 18 faizdən çox olub. Həmçinin işsizlikdən sığorta haqları üzrə daxilolmalar 24 faiz, icbari tibbi sığorta haqları üzrə daxilolmalar 19,6 faiz artıb.
Qeyd edilən sahələrdə yığım mənbələrinin genişlənməsi, sözsüz ki, iqtisadi fəallığın artması, xüsusilə də qeyri-neft və biznes sektorlarında sahibkarların maliyyə imkanlarının böyüməsi sayəsində mümkün olub. Hökumətin vergi sahəsində apardığı optimallaşdırma tədbirləri, biznesə dövlət müdaxilələrinin azaldılması və digər iqtisadi stimulları sayəsində 2024-cü ilin ötən dövründə yerli və xarici biznes sahiblərinin sayı artıb. Yanvar ayında fəaliyyəti aktivləşmiş hüquqi şəxslərin sayı 21,1 faiz, ƏDV ödəyicilərinin sayı isə 44 faiz artıb. Təkcə bir ayda 92 xarici investisiyalı kommersiya qurumu fəaliyyətə başlayıb.
2024-cü ilin yanvar ayı sərmayə və biznes, vergi imkanları ilə yanaşı, kapital qoyuluşları baxımından da müsbət templərlə başlayıb. İlk ayda ölkə iqtisadiyyatına 1,6 milyard manata yaxın sərmayə yatırılıb ki, bu, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 540 milyon manat və ya 37,4 faiz çox vəsaitdir. Təkcə qeyri-neft sektoruna yatırılmış investisiyaların həcmi 34,1 faiz artıb. Bu amil də ölkədə investisiya mühitinin daha da fəallaşdığını, xüsusilə də azad edilmiş ərazilərdə aparılan tikinti-bərpa işlərinə aramsız sərmayə qoyuluşlarının həcminin yüksəldiyini təsdiqləyir. Yeri gəlmişkən, 2024-cü ildə azad edilmiş ərazilərə dövlət büdcəsindən yönəldiləcək əsaslı investisiyalarla yanaşı, xarici kreditlərin də cəlbi istisna olunmur. Əgər xarici sərmayədarların investisiya proqramlarına cəlbi reallaşsa, ilin sonunda ölkə üzrə investisiya qoyuluşlarında əlavə artımların olacağı istisna deyil. Hökumətin proqnozlarına görə, cari ilin sonunda investisiyaların 2023-cü illə nisbətdə ən azı 1,6 faiz artaraq 14,5 milyard manata çatacağı proqnozlaşdırılır.
Yeni başladığımız ilin digər müsbət iqtisadi göstəricisi inflyasiya ilə bağlıdır. Belə ki, 2024-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi 2023-cü ilin yanvar ayına nisbətən 101,7 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,7 faiz, qeyri-qida məhsulları üzrə 101,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,2 faiz təşkil edib. Beləliklə, 2024-cü ilin yanvar ayında inflyasiya son 5 ildə ilk dəfə olaraq 2 faizdən də aşağı həddə düşüb. İnflyasiyanın bu həddə qorunub saxlanılması əhalinin sosial vəziyyətinə müsbət təsir edə bilər. Bu baxımdan hökumət ilin sonuna qədər qiymət indeksinin 5 faizdən yuxarı qalxmaması üçün bütün resurs imkanlarını səfərbər etmək niyyətindədir.
2024-cü ilin yanvar ayında əhalinin nominal gəlirlərində, bank əmanətlərində, ünvanlı sosial yardımın məbləğində, muzdlu işçilərin orta aylıq əməkhaqqında da artımlar qeydə alınıb ki, bu da uğurlu sosial-iqtisadi başlanğıc sayıla bilər.
Ümumilikdə 2024-cü ilin yanvar ayı üzrə makroiqtisadi göstəricilərdə qeydə alınmış müsbət dinamika Azərbaycan iqtisadiyyatının ilə yaxşı templərlə başladığını və gözlənilən inkişaf proqnozlarına çatacağına ümidlər yaradır. Bu dinamika indiki rəqəmlər üzrə qorunub saxlanılsa, ilin ortalarında büdcəyə yenidən baxılması istisna deyil. Bu zaman, sözsüz ki, büdcədə əlavə gəlir mənbələri azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə yönəldiləcək, ancaq digər xərc istiqaməti kimi sosial sahəyə diqqət yetiriləcəyi də mümkün ola bilər. Bu isə maaş və digər sosial artımlar üçün yeni imkanlar deməkdir. 

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: