Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Oyun qaydaları tamamilə dəyişməlidir

Azərbaycan iqtisadiyyatının liberallaşması zəruridir

20.02.2024 22:16
25
A+
A-

Milli Məclisin fevralın 16-da keçirilən iclasında Baş nazir Əli Əsədov hökumətin prioritetlərini açıqlayıb: “Növbəti dövrdə müdafiə və milli təhlükəsizliyin daha da gücləndirilməsi, hərbi sahədə texnoloji inkişaf və hərbi sənaye kompleksinin təkmilləşdirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılması, sərhədlərimizin toxunulmazlığının təmin edilməsi əsas prioritet olacaq”.

 

Təbii ki, bütün bunlara nail olmaq istəyinin təməlində dayanıqlı iqtisadi inkişafı təmin etmək dayanır. Növbəti illərdə iqtisadi inkişafa nail olmaq üçün Dövlət proqramı və ya strateji yol xəritəsi nəzərdə tutulubmu?

Belə bir narahatedici fakt da var ki, hazırda Azərbaycanın xarici ticarət dövriyyəsi azalıb - idxal artıb, ixrac azalıb. Ötən il ölkəmizdən ixrac 34 milyard dollara yaxın, idxal isə təxminən 17 milyard dollar olub. Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə Azərbaycandan ixrac təxminən 38 milyard dollar, idxal isə 14,5 milyard dollar təşkil edib. Bunun səbəbləri nədir və həlli yolları hansılardır?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov məsələ ilə bağlı bildirdi ki, Azərbaycanın makroiqtisadi göstəricilərinə diqqət yetirsək, idxalın artması daha çox Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlıdır. Bərpa, yenidənqurma işləri idxala tələb yaradır. Bu da, təbii ki, idxalın həcminə təsir göstərir.

Vüqar müəllim onu da qeyd etdi ki, ixracdakı azalmalar neftin dünya bazarında qiyməti ilə əlaqədardır. 2022-ci ildə neftin qiyməti dünya bazarında kifayət qədər yüksək olduğuna görə, 2023-cü ildə əvvəlki illə müqayisədə ixracda azalmalar qeydə alınır. Lakin bütövlükdə müsbət tendensiya qorunub saxlanılır. Çünki Azərbaycanın tədiyə balansı pozitivdir. Bu da ondan xəbər verir ki, tədiyə balansının mövcud vəziyyəti digər istiqamətdə makroiqtisadi sabitliyi dəstəkləməyə şərait yaradır. Eyni zamanda cənab Prezident andiçmə mərasimində çıxışı zamanı yeni hədəfləri müəyyənləşdirdi: islahatların yenilənməsi, monopoliyaya qarşı mübarizənin gücləndirilməsi və s.

Baş nazir tərəfindən də hökumətin həyata keçirəcəyi hədəflər elan olunub. Bu hədəflər həm islahatların dərinləşməsi, sektorlar üzrə inkişafın genişlənməsi, həm də idxaldan asılılığın aradan qaldırılması məqsədlərini daşıyır.

Millət vəkili onu da qeyd etdi ki, müdafiə sənayesinə 1 milyard manata yaxın investisiyanın cəlb edilməsi nəzərdə tutulub (dövlət və özəl). Bu da, təbii ki, idxaldan asılılığın aradan qaldırılması və ixrac imkanları deməkdir.

V.Bayramov islahatların dərinləşməsinin sosial rifaha da pozitiv təsir göstərdiyini xüsusi vurğuladı: “Yeni iş yerlərinin sayının artırılması sosial təminat tədbirlərinin gücləndirilməsi anlamına gəlir. Beləliklə, yeni dövrün hədəfləri xüsusən həssas qruplarımızın sosial müdafiəsinin dəstəklənməsinə imkan yaradacaq”.

İqtisadçı-ekspert Rəşad Həsənov isə qəzetimizə verdiyi müsahibədə bildirdi ki, 2012-ci ildə təsdiq olunmuş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında 2020-ci ilə qədər adambaşına düşən qeyri-neft məhsullarının ixracının 1000 ABŞ dollarına çatdırılması nəzərdə tutulmuşdu. Bu, təxminən 10 milyard ABŞ dollarlıq qeyri-neft məhsulunun ixracı deməkdir. Nəticələr göz qabağındadır və bu istiqamətdə vəziyyət acınacaqlıdır.

Ekspert təəssüflə qeyd etdi ki, Azərbaycan iqtisadiyyatı bugünkü şərtlərdə, modeldə və hazırkı konservativ yanaşma ilə rəqabətli dünya bazarına təklif edə biləcəyi məhsullar istehsal etmə qabiliyyətində deyil.

“Düzdür, müəyyən məhsullar ixrac olunur, lakin həmin məhsullar əsasən kənd təsərrüfatı məhsulları və faktiki olaraq neft sektorunda şaquli diversifikasiya nəticəsində neftdən emal olunmuş propilen, polietilen üstünlük təşkil edir”, - deyə R. Həsənov söylədi.

Ekspertə görə, quru sərhədlərinin illərdi bağlı olması da fiziki şəxslərin gündəlik tələbat məhsulları və digər bu kimi məhsulların idxal prosesini məhdudlaşdırır.

Həmsöhbətim qısa müddətdə nəticə əldə etməyin mümkün olmadığını söylədi: “Oyun qaydaları tamamilə dəyişməlidir. Azərbaycan iqtisadiyyatının liberallaşması zəruridir. Rəqabətli fəaliyyət mühitinin yaradılması labüddür. Konservativ siyasət faktiki olaraq yerli biznesin rəqabətinin artırılmasına heç bir töhfə vermədi. Yeni dövrün oyun qaydaları müəyyən edilməyincə, Azərbaycan iqtisadiyyatının bugünkü staqnasiyadan çıxarılması mümkün görünmür”.

 

Günel RAFAYILQIZI

ETİKETLƏR: