Həmkarlar ittifaqları üzvlərinin yay istirahətinin təşkilini davam etdirir
.
Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı tərəfindən yay aylarında 550 nəfərin Quba, Qusar, Nabran, Şəki, Gədəbəy, İsmayıllı, Goranboy və Şamaxı rayonlarında yerləşən məkanlarda istirahəti təşkil edilmişdir. Bütün tədbirlər turist şirkətləri ilə bağlanan müqavilələr əsasında yerinə yetirilmişdir.
***
Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı mütəmadi olaraq üzvlərinin sosial müdafiəsinin gücləndirilməsinə, sağlamlıqlarının qorunmasına, istirahətlərinin təşkilinə yönəlmiş tədbirlər həyata keçirir.
İyunun 15-dən “Lokomotiv” İstirahət Mərkəzi qapılarını dəmiryolçuların və onların ailə üzvlərinin üzünə açıb.
Bu günə kimi İstirahət Mərkəzində 1500-dən artıq dəmiryolçu istirahət edib. Onlardan 11 nəfəri şəhid ailəsi olduğu üçün pulsuz yollayışla təmin olunub.
Bundan əlavə, sahə Hİ Respublika Komitəsinin vəsaiti hesabına “Lokomotiv”də də 270 nəfər dəmiryolçunun 2 və 3 günlük istirahəti təşkil edilib.
Qeyd edək ki, hazırda “Lokomotiv” İstirahət Mərkəzində 6 korpus, 6 kottec, 200 nəfərlik yeməkxana, voleybol, tennis, minifutbol meydançası, hovuz fəaliyyət göstərir.
İstirahət Mərkəzinin ərazisi abadlaşdırılmış, gül, dekorativ kollar və ağaclar əkilmişdir, çoxyerli oturacaqlar quraşdırılmışdır. Həmçinin mərkəzin daimi elektrik enerjisi ilə təmin edilməsi üçün əlavə elektrik generatoru quraşdırılmış, internet çəkilmiş, içməli su quyusu vurulmuşdur.
İstirahətə gələnlər bar-diskoteka tipli çay evində əyləncəli saatlar keçirirlər. Uşaqlar da unudulmayıb. Onların ixtiyarına müasir avadanlıqlarla təchiz olunmuş əyləncə otaqları, oyun meydançası verilib.
Dəmiryolçuların yay istirahəti davam edir.
***
Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən yay mövsümü ilə əlaqədar neftçilərin ailəvi istirahətinin qismən təmin edilməsi, asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə mərkəzləşdirilmiş qaydada “Qusar Göl” İstirahət Mərkəzinə 536 nəfər, “Maajid Hotel” İstirahət Mərkəzinə 146 nəfər, “Palma” İstirahət Mərkəzinə isə 800 nəfər neftçi və ailə üzvlərinin istirahəti təşkil edilmişdir.
“Möcüzəli Naftalan”, “Duzdağ Estate” MMC sanatoriyalarına 97 nəfər, həmçinin SOCAR-ın maliyyə dəstəyi ilə “BUZOVNA” Reabilitasiya Mərkəzinə, “Yeni Naftalan Hotel”inə, “Sehrli Naftalan” müalicəvi sanatoriyasına 573 nəfər neftçiyə yollayışlar verilib.
***
“Kənd-Qida-İş” Həmkarlar İttifaqı tərəfindən Azərbaycanın müxtəlif bölgələrinə (Şamaxı, Qəbələ, Balakən, Xaçmaz və s.) turist gəzintiləri təşkil olunmuşdur. Gəzintilərdə 127 nəfər həmkarlar ittifaqı fəalı iştirak etmişdir. Gəzintilər davam etdirilir.
***
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki Rayon Komitəsi ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkil edilməsinə bu il də böyük önəm verib. Belə ki, 2024-cü ilin iyun-avqust aylarında da 51 təhsil müəssisəsində çalışan 1945 nəfər ittifaq üzvünün yay istirahətinin əyləncəli və mənalı keçirilməsi üçün respublikamızın gəzməli-görməli, dilbər güşələri olan Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ , İsmayıllı, Göygöl, Gəncə, Gədəbəy rayonlarına birgünlük ekskursiyaları təşkil olunub. Gəzintilər ittifaq üzvlərinin istəklərinə uyğun planlaşdırılıb. Təhsil müəssisələrində çalışanlar yay istirahətinin təşkilindən, gəzintilərdən, onlar üçün yaradılan şəraitdən məmnun qalıb və təşəkkürlərini bildiriblər.
***
Nabranda yerləşən “Dənizçi” İstirahət Mərkəzi coğrafi mövqeyinə və yaradılmış şərait baxımından yay aylarında dincəlmək üçün ən münasib yerlərdən sayılır. İstirahət Mərkəzi ilə çimərlik arasında məsafə cəmi bir neçə addımdır. Uzun illərdən bəri fəaliyyət göstərsə də, dənizçilərin bir neçə nəsli yay istirahət günlərini burada keçirsə də, həm də, necə deyərlər, dəbdən düşməyib. Sahə işçiləri daha çox bu məkana üstünlük verirlər.
Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin xətti ilə iyun ayında 200, iyul ayında 900 nəfər dənizçi məhz bu məkanda yayın dadını çıxarmışdır. Respublika Komitəsi istirahətini meşə və dağlar qoynunda keçirmək istəyənlərin də arzusunu nəzərə alıb. İyun və iyul aylarında 280 nəfər dənizçiyə “Dağlar Qoynunda” İstirahət Mərkəzinə yollayış verilib.
Aliyə SƏMƏDOVA