Qarabağda “Yaşıl Kart”ın tətbiqinə başlanılır
“Yaşıl Kart” tətbiqi xarici və beynəlxalq nəqliyyat şirkətlərinin bu bölgəyə asan hərəkətini təmin edəcək
Azərbaycan nəqliyyat vasitələrinin asan və intensiv hərəkətini təmin edən beynəlxalq “Yaşıl Kart” sistemini işğaldan azad edilmiş ərazilərdə də tətbiq edəcək. Bununla bağlı “Yaşlı Kart” sığorta tətbiqinə lisenziya verən Beynəlxalq Bürolar Şurasının (BBŞ) razılığı əldə edilib. Belə ki, ötən illərdə Azərbaycanın əraziləri işğal altında olduğundan bu ərazilərdə “Yaşıl Kart” sisteminin tətbiqi mümkün olmayıb, ancaq hazırda Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın idarəçiliyi tam təmin edildiyindən “Yaşıl Kart” sığorta təminatı üçün də hüquqi imkanlar yaranıb. Bunu nəzərə alan Beynəlxalq Bürolar Şurası Azərbaycanın müraciətinə müsbət cavab verib və Londonda keçirilən BBŞ-nin 58-ci Baş Assambleyasında azad ərazilərdə də “Yaşıl Kart”ın tətbiqinə razılıq verilib.
“Yaşıl Kart” sistemi beynəlxalq miqyasda tətbiq olunan əsas sığorta fürsətlərindən biridir və nəqliyyat vasitələrinin bir ölkədən digər ölkənin ərazisində hərəkəti zamanı maneəsiz daşınmalar və bir sıra güzəştləri özündə birləşdirir. Azərbaycan hökuməti ötən illər ərzində bu sistemin ölkəmizdə tətbiqi çərçivəsində hüquqi bazanı təmin edib, “Yaşıl Kart” sistemi çərçivəsində fəaliyyət göstərmək istəyən sığortaçılara müxtəlif təminatlar yaradılıb, Azərbaycandan Türkiyə, İran, Belarus, Moldova, Rusiya, Ukrayna və bu sistemə daxil olan digər ölkələrə gedən Azərbaycan qeydiyyatlı elektrik mühərriki ilə hərəkət edən minik avtomobilləri üçün “Yaşıl Kart”dan istifadə imkanları yaxşılaşdırılıb. Həmçinin texnoloji nəqliyyat vasitələri və bu kateqoriyadan olan digər mexaniki avtonəqliyyat vasitələri üçün “Yaşıl Kart”ın hüquqi-sığorta çərçivəsi müəyyən edilib ki, bu da asan hərəkət üçün daha əlverişli mühit deməkdir.
Azərbaycan İcbari Sığorta Bürosu ölkəmizdə “Yaşıl Kart” sisteminin tətbiqində koordinasiyaedici qurum kimi çıxış edərək nəqliyyat vasitələrinin Beynəlxalq Yaşıl Kart Sisteminə inteqrasiyası üçün müvafiq addımlar atmaqdadır. Beynəlxalq çərçivədə Azərbaycanı təmsil edən bu qurum Bürolar Şurasına üzv olan milli Yaşıl Kart Bürosunun funksiyalarını həyata keçirməklə ölkəmizdəki sığorta şirkətləri ilə nəqliyyat sahibləri arasında inteqrasiyaedici rol oynayır, yaşıl sığorta xidmətlərinin əldə olunmasına kömək edir. Həmçinin xarici ticarət əməliyyatlarında və daşınmalarda iştirak edən nəqliyyat vasitələrinin asan və maneəsiz yük daşınmalarında hərəkərininin sərbəstləşdirilməsi üçün onları müvafiq dövlət qurumları ilə əməkdaşlığa cəlb edir. Bu siyasətin tərkib hissəsi kimi Dövlət Gömrük Komitəsi ilə İcbari Sığorta Bürosu arasında 2 il əvvəl istifadəyə verilmiş “Yaşıl Kart” mexanizmi ölkəmizdə qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinin ölkəni tərk etməmişdən öncə gömrük məntəqələrində etibarlılığını elektron formatda müəyyən edir ki, bu da şəffaflıq və sığorta hadisələri ilə bağlı ödənişlərin ünvanlı təyinatı baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, dünyanın müxtəlif ölkələrində Azərbaycanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş sığorta hadisələri nəticəsində zərərin ödənişi ilə əlaqədar İSB-yə müraciət edilərkən sığorta şəhadətnamələrinin saxtalaşdırılması hallarına rast gəlinir ki, bu da sığorta şirkətlərini risk altında qoyurdu. DGK ilə sığorta şirkətləri arasında inteqrasiyanın təmin edilməsindən sonra bu halların qarşısı alınıb və saxtalaşdırma hallarına yol verən nəqliyyat vasitələrinin sığorta xidmətləri üzrə fəaliyyətində şəffaflaşma halları artıb. Eyni zamanda elektron sistemlərin inteqrasiya edilməsi sərhədkeçmə proseslərinin sürətləndirilməsinə, gömrük məntəqələrində “Yaşıl Kart”ın etibarlılığının elektron formatda müəyyən edilməsinə şərait yaradıb.
“Yaşıl Kart”ın azad ərazilərdə tətbiqi xarici və beynəlxalq nəqliyyat şirkətlərinin bölgəyə asan hərəkətini təmin edəcək. Hazırda bu ərazilərdə geniş vüsət alan yenidənqurma və inteqrasiya prosesləri, tikinti və yenidənqurma işləri ilə əlaqədar nəqliyyat daşınmalarının həcminin artması bu bölgədə xarici ölkələrə məxsus nəqliyyat vasitələlərinin intensiv hərəkətinə geniş meydan verib. Həmçinin bu bölgədə sənaye texnologiyaları parklarının yaradılması, aqrar komplekslərin fəaliyyətinin təmin edilməsi böyükhəcmli yükdaşınmalarına səbəb olmaqdadır və həmin daşınmalarda iştirak edən nəqliyyat vasitələri müxtəlif ölkələrdən mal-materialları tədarük edir. Azad edilmiş ərazilərdə “Yaşıl Kart” sisteminin tətbiq olunması sığorta hadisələri zamanı sığortaolunanların maraqlarının müdafiəsi, eləcə də icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək baxımından mühüm əhəmiyyət daşıyacaq. “İcbari sığortalar haqqında” qanunun 63.2.2-ci maddəsinə əsasən, Azərbaycanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsinin sahibi Azərbaycanın “Yaşıl Kart”ını yalnız “Yaşıl Kart” sistemində fəaliyyət göstərmək hüququna malik olan yerli sığortaçılarla müqavilə bağlayaraq əldə etməlidir. “Yaşıl Kart” üzrə qeydiyyatdan keçmiş nəqliyyat vasitələri azad ərazilərdə sığorta xidmətlərinin təmin edilməsində və asan və maneəsiz daşınmaların həyata keçirilməsində mühüm rol oynayacaq.
Elbrus CƏFƏROV