Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Sağlam rəqabət naminə...

Yeni Dövlət Agentliyinin yaradılması antiinhisar, rəqabət, dövlət satınalmaları, istehlakçıların hüquqlarının müdafiəsi və digər sahələrdə dövlət nəzarətini gücləndirəcək

27.08.2024 23:52
10
A+
A-

Prezident İlham Əliyevin imzaladığı “Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb. Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirəcək.
Funksional baxımından birbaşa Prezidentə tabe olacaq yeni qurum antiinhisar siyasətini həyata keçirəcək, bu sahədə müasir çağırışlara cavab verməklə dövlətin və vətəndaşların maraqlarını təmin edəcək, şəffaflığı və intizamlılıq səviyyəsini artırmaq, çeviklik tələblərini nəzərə almaqla haqsız rəqabət hallarının qarşısını alacaq, sui-istifadə hallarını minimallaşdıracaq, nəzarət imkanlarını genişləndirəcək.
Agentliyin yaradılması ölkədə həyata keçirilən müasir iqtisadi islahatların və yeni çağırışlar əsasında daha da güclənən biznes-dövlət münasibətlərinin yaxın tərəfdaşlıq çərçivəsində inkişafının mühüm nəticəsi hesab edilə bilər. Eyni zamanda, biznes mühitinin əlverişliliyinin artırılması və azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edən antiinhisar fəaliyyətinin təkmilləşdirilməsi, bazar iştirakçılarının hüquq və mənafelərinin daha müasir formatda qorunması, eləcə də rəqabət sektorunda meydana çıxan yeniliklərin icrası çevik və operativ dövlət orqanının yaradılmasını labüd edirdi. Bundan başqa, 2024-cü il iyulun 1-dən qüvvəyə minən Rəqabət Məcəlləsinin tələblərindən irəli gələn mühüm vəzifələrin icrası üçün daha təkmil və finksional strukturun formalaşması zərurəti yaratmışdı. Qeyd edək ki, Rəqabət Məcəlləsində azad rəqabətin təmin olunması, qorunması və inkişaf etdirilməsinin bu sahədə dövlət siyasətinin əsas prinsiplərindən biri olması nəzərə alınaraq, Məcəllədə haqsız rəqabət formalarına yenidən baxılıb. Belə ki, mövcud qanunvericiliyə əsasən, rəqibin təsərrüfat fəaliyyətinin təqlidi, nüfuzdan salınması, onun fəaliyyətinə müdaxilə, haqsız sahibkarlıq fəaliyyəti, haqsız işgüzarlıq davranışı və istehlakçıların çaşdırılması haqsız rəqabət formaları kimi müəyyən edilib. Beləliklə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ölkəmizdə azad və sağlam rəqabət mühitinin təmin edilməsi və inkişafına şəraitin yaradılması, bazarlarda rəqabətin pozulması hallarının qarşısının alınması, eləcə də bu istiqamətdə nəzarət tədbirlərinin həyata keçirilməsi, Rəqabət Məcəlləsi ilə müəyyən edilmiş mühüm tədbirlərin və dövlət nəzarəti mexanizmlərinin icrası istiqamətində təxirəsalınmaz addımlar atan qurum kimi məsuliyyət daşıyacaq. Məlumdur ki, son dövrlərdə ölkəmizdə şəffaflıq prinsipləri bütün sahələrdə başlıca meyar kimi müəyyənləşib, o cümlədən azad iqtisadiyyatın əsas atributu olan sahibkarlığın daha geniş və maneəsiz fəaliyyətinin təmin edilməsi yürüdülən iqtisadi siyasətin əsas prioritetlərindən biridir.
Agentlik antiinhisar orqanı kimi bazarda rəqabətin təmin olunması, qorunması və inkişafına daha effektiv nəzarətin təşkil edilməsi üçün xüsusi imtiyaz və səlahiyyətlərə malik olacaq. Bundan əlavə, sağlam rəqabətin inkişafını stimullaşdırmaq, maneələri aradan qaldırmaq və ya onları azaltmaq məqsədilə rəqabət orqanı tərəfindən yoxlamalar keçiriləcək ki, bu da vətəndaşların mənafeyinin qorunmasına xidmət edəcək.
Ümumiyyətlə, sahibkarlıq fəaliyyəti də daxil olmaqla, iqtisadi fəaliyyətin azad və sağlam rəqabət şəraitində həyata keçirilməsinin təmin olunması rəqabət siyasətinin əsas prinsiplərindən biri kimi davamlı diqqətdə saxlanılacaq və Dövlət Agentliyi təsərrüfat subyektləri ilə yanaşı, dövlət orqanları, yerli özünüidarəetmə orqanları, habelə tənzimləyici qurumlar da daxil olmaqla rəqabət mədəniyyətini təşviq edəcək.
Dövlət Agentliyi həmçinin dövlət satınalmaları sahəsində də çevik və operativ idarəetmə sistemini quraraq bu sahədə optimallaşma tədbirlərini həyata keçirəcək, elektron satınalma üzrə şəffaflıq imkanlarını təmin edəcək, eləcə də sahibkarlıq subyektlərinin satınalmalarda iştirakını stimullaşdıracaq. Ümumilikdə yeni dövlət orqanı satınalan təşkilatlar tərəfindən dövlət satınalmalarının düzgün planlaşdırılması və onların səmərəli təşkili ilə sağlam rəqabət mühitinin inkişaf etdirilməsi, eləcə də bu sahədə şəffaflığın və intizamlılıq səviyyəsinin artırılması istiqamətində əhəmiyyətli tədbirlər görəcək. Həmçinin dövlət vəsaitindən qənaətlə və səmərəli istifadəni təmin etməklə rəqabətədavamlı, keyfiyyətli mal, iş və xidmətlərin əldə olunmasına zəmin yaradacaq. Ələlxüsus da 2024-cü il yanvarın 1-dən qüvvəyə minən satınalmalarla bağlı qanunvericilikdə təsbit edilmiş yeni satınalma metoduna və ehtimal olunan qiymətin məbləğinə uyğun olaraq sahibkarların peşəkarlığı, təcrübəsi, maliyyə imkanları, texniki imkanları və maddi-texniki bazası, işçi qüvvəsinin olması ilə bağlı tələblərin satınalan təşkilat tərəfindən şərtlər toplusunda müəyyənləşdirilməsini tənzimləyəcək. Nəticədə şəffaflıq, aşkarlıq, ədalətlilik və rəqabətlilik prinsiplərinin təmin edilməsi bərqərar olacaq. Habelə dövlət satınalmalarının rəqəmsallaşdırılması ilə bağlı müvafiq tədbirləri gerçəkləşdirəcək. Bu tənzimləmə isə bütün təchizatçılara bərabər rəqabət şəraitinin yaradılmasına xidmət etməklə yanaşı, həm də keçirilən satınalmaların nəticəsi barədə ictimaiyyətin məlumatlandırılmasına və ümumilikdə ictimai nəzarətin gücləndirilməsinə şərait yaradacaq. Eləcə də elektronlaşma sayəsində Mərkəzi Bank ilə birlikdə bank təminatlarının dövlət satınalmalarının vahid internet portalına inteqrasiyası daha da gücləndiriləcək. Ədliyyə Nazirliyi və Dövlət Vergi Xidməti tərəfindən sahibkarlara verilən arayışların tam elektronlaşdırılması sayəsində rəqəmsal infrastrukturların sahibkarlar üçün daha əlçatan olmasını təmin edəcək.
Beləliklə, yeni Dövlət Agentliyinin yaradılması ölkəmizdə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətini genişləndirəcək, inhisarçılığın, rəqabətə zidd davranışların, haqsız rəqabət hallarının qarşısının alınması və ümumilikdə sosial-iqtisadi sahədə yeni mərhələnin başlanmasına təkan verəcək.

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: