“Türkiyədən öyrənəcəyimiz çox şey olsa da,
onların da bizdən öyrənəcəyi bəzi şeylər var”
Müsahibimiz Türkiyənin Erciyəs Universitetinin Ermənişünaslıq bölümünün və Azərbaycan-Ermənistan Araşdırmaları Mərkəzinin rəhbəri, professor Qafar Çaxmaqlıdır. Biz Qafar müəllimlə Türkiyə ali təhsil müəssisələrində tədris sisteminin bəzi xarakterik cəhətləri barədə söhbət apardıq. Yeri gəldikcə qardaş ölkə ilə Azərbaycan təhsili arasında oxşarlıqlara və fərqlərə də toxunduq. Q.Çaxmaqlıdan söhbətin əsas məğzinə keçməzdən əvvəl özü haqqında qısa məlumat verməsini xahiş etdim. - İxtisasca jurnalistəm, - dedi. 80-90-cı illərdə bir neçə dövlət və özəl qəzetlərdə işləmişəm. Azərbaycanda sonuncu iş yerim Bakı Dövlət Universitetində mətbuat xidmətinin rəhbəri olub.
- Necə oldu ki, fəaliyyətinizi Türkiyədə davam etdirmək qərarına gəldiniz?
- Mətbuat xidmətinin rəhbəri olduğum vaxt mən və bir neçə həmkarım Azərbaycan-Ermənistan Araşdırmaları Mərkəzini yaratmaq qərarına gəldik və BDU-nun nəzdində yaratdıq. Ancaq, düzünü desəm, mərkəzin fəaliyyəti o qədər də ürəyimcə olmadı. Elə o zamanlarda Türkiyədə erməni dilində araşdırmalar aparılması, bu dilin akademik səviyyədə tədrisi üçün iki universitetdə fakültə yaradılması qərara alınmışdı. Bunlardan biri Erciyəs Universiteti, digəri isə Ankara Universiteti idi. Orada erməni dilini bilən mütəxəssislərə ehtiyac yarandı və mən də bu dili bilən və araşdırmalar aparan mütəxəssis kimi, 2010-cu ildə Erciyəs Universitetinə dəvət aldım. Öncə universitetdə ermənişünaslıq üzrə strateji mərkəz yaradıldı, daha sonra isə erməni dili və kültürü kafedrası açıldı. 2010-cu ildən həmin kafedranın həm qurucusu, həm də rəhbəri oldum.
Sonra Azərbaycan və Gürcüstandan mütəxəssislər dəvət etdik.
- Qafar müəllim, yeri gəlmişkən, erməni dilinin Türkiyədə tədris olunması hansı ehtiyacdan irəli gəldi?
- Bilirsiniz, düşmənlə mübarizə etmək üçün ilk növbədə onun dilini öyrənməlisən. Tarixini, dilini bilmədən bizə qarşı apardıqları ideoloji mübarizənin önünə çıxmaq olmaz. Bax, elə bu sahədə, sözün əsl mənasında, Türkiyə bu gün çox qabaqdadır. Akademik anlamda ermənilərin keçmişinin araşdırılması, onların Azərbaycan və Türkiyəyə qarşı apardıqları ideoloji təxribatların qarşısının alınması və sairə bu kimi məsələlərə Türkiyə bu gün çox önəm verir. Elə bu baxımdan həm dövlət orqanlarında çalışmaq, həm də araşdırma və tədqiqatlar aparmaq üçün mütəxəssis yetişdirilir.
- Bəs bu dili öyrənmək istəyənlər necə, çoxdur?
- 2010-cu ildən indiyə qədər 150-dən çox məzunumuz olub. Əksəriyyəti türklər olsa da, digər ölkələrdən də təhsil alanlar az deyil. Misal üçün, rus, tatar, Azərbaycan türkü tələbələrimiz olub. Onu da deyim ki, hazırda 3-cü kursda oxuyan azərbaycanlı tələbəmiz də var.
- Keçək əsas mövzumuza. Bu gün Azərbaycan təhsili ilə Türkiyə təhsili arasında nə kimi fərqlər var?
- Təhsil sistemlərimizdə oxşar cəhətlər çoxdur. Fərqlərdən biri odur ki, sizin müsahibəyə hazırlaşdığımız zaman yarızarafat, yarıciddi dediyiniz kimi, Azərbaycanda universitetlərə qəbul olmaq çətin, məzun olmaq isə asandır. Bizdə sistem belədir ki, ən pis halda tələbə universitetdən xaric olunur. Ancaq Türkiyədə bu, belə deyil. Tutaq ki, birinci kurs tələbəsi 1 semestr ərzində 4 həftə dərsə gəlmir və ya imtahanda lazımi balı toplaya bilmir. O, ikinci kursa keçirilir. Ancaq birinci kursda aldığı dərsləri ikinci kursda bir də almaq məcburiyyətində olur. Elə sonuncu kurs tələbələri olur ki, birinci kursda kreditini tamamlaya bilmədiyi üçün diplom ala bilimir. Məcburdur ki, o, krediti tamamlayana qədər universitetdə qalıb təhsil alsın, qeyri-kafi nəticə göstərdiyi dərsləri yenidən keçsin.
- Qafar müəllim, ölkəmizdə bəzi ixtisaslar üzrə iş tapmaq çətinliyi var. Bu baxımdan Türkiyədə vəziyyət necədir?
- Bilirsiniz, dünya təhsil sistemində belə bir ənənə var, o ölkə irəlidə sayılır ki, onun ali təhsilli vətəndaşlarının sayı digər ölkələrdən çoxdur. Yəni universitet bitirmək yalnız diplom alıb hardasa işləmək anlamına gəlmir, məqsəd odur ki, hər bir gənc dünyanın indiki dəyişmələrinə uyğunlaşsın və gedən proseslərdən baş çıxartsın deyə, universitet bitirənlərin sayının çoxluğu maneə deyil. Sovet hökuməti vaxtı təhsil sistemində planlaşma var idi. Nə qədər kadra ehtiyac var idisə, ona uyğun ixtisaslar planlaşdırılırdı. Universiteti bitirdikdən sonra da o saya uyğun təyinat verirdilər. İndiki dövrdə isə buna ehtiyac yoxdur. Universiteti bitirmək o demək deyil ki, mütləq oxuduğun ixtisas üzrə işləməlisən. Əsas odur ki, cəmiyyətdə rəqabət mühiti yaranır. Fərqli sahələrdə də mütəxəssis kimi yetişmək mümkündür. Bu, elə Türkiyədə də bu cürdür. Sadəcə olaraq, rəqabət mühiti yaradılmalıdır ki, o, inkişafa təkan versin. Bir sözlə, təhsilli insanların sayının çox olmağı cəmiyyət üçün zərərli bir şey deyil, əksinə, nə qədər çox olarsa, o qədər yaxşıdır. Rəqabət nəticəsində ən yaxşılar seçilir və onun faydası daha çox olur.
- Türkiyə təhsilində də, yəqin ki, problemlər var...
- Əlbəttə, təhsildə problem təkcə bizim ölkədə deyil, dünyanın başqa ölkələrində, eləcə də Türkiyədə var. Əsas odur ki, dünyanın qabaqcıl təhsil sistemlərindən geri qalmayaq. Buna nail olmaq üçün Türkiyədə təhsil sahəsində mütəmadi islahatlar aparılır, qanunlar qəbul olunur. Yəni, təhsil sistemində hər zaman yeni problemlər ortaya çıxa bilər, bu, normal haldır. Ən əsası odur ki, dövlət buna dərhal müdaxilə etsin, onların qarşısını almaq üçün doğru qərarlar versin. Türkiyədə bu işə çox həssas yanaşılır.
- Təhsil sahəsində Azərbaycan qardaş ölkənin hansı təcrübələrinə yiyələnməlidir?
- Mənə elə gəlir ki, ötən illər ərzində Azərbaycan Türkiyə təhsil sistemindən yetərincə yararlanıb. Amma sistem fərqi var. Biz uzun müddət sovet dövründə yaşamışıq. Bu özünü ali təhsil sistemində də büruzə verir. Yəni necə? Azərbaycanda orta təhsildən sonra bakalavr, magistr, doktorantura pillələri və daha sonra elmlər doktoru mərhələsi gəlir və belə-belə davam edir. Məsələn, siyasi elmlər üzrə fəlsəfə doktoru bir də elmlər doktoru üzrə də müdafiə etməlidir. Ancaq bundan sonra professor adına yiyələnmək olar. Amma Türkiyədə ali təhsil və magistraturanı (yüksək lisans) bitirdin, ondan sonra doktoranturanı da müdafiə etdinsə, artıq sən elm adamı sayılırsan. Bax, ölkəmiz də bu cür sistemə keçməlidir. Bunun üçün təhsil qanunumuzda dəyişiklik edilməlidir.
Düzdür, Türkiyə təhsil sistemi Azərbaycan təhsil sistemindən irəlidədir, Avropa da Türkiyədən irəlidədir. Sadəcə, inkişaf üçün inteqrasiya lazımdır. Onu da deyim ki, Türkiyədən öyrənəcəyimiz çox şey olsa da, onların da bizdən öyrənəcəyi bəzi şeylər var.
- Məsələn, nələr?
- Məsələn, klassik musiqi, mədəniyyət anlamında bizdən öyrənirlər. Onların “Güzel sanatlar” fakültəsi var, yəni mədəniyyət, incəsənət sahəsini göstərə bilərik, orda çalışanların çoxu azərbaycanlılardır. Ümumiyyətlə, klassik musiqidə, modern dünyaya inteqrasiyada bəzi şeylərdə onlardan xeyli irəlidəyik. Ona görə də onlar o sahələrdə bizim mütəxəssislərə daha çox üstünlük verirlər. Bir də onu deyim ki, mexanika, tətbiqi riyaziyyat sahəsində də bizim alimlərimiz daha üstündürlər və çoxu da orda dərs deyir. Bir sözlə, onların da bizdən öyrənəcəkləri çox şeylər var. Məncə, Türkiyə ilə əlaqələrin genişlənməsində təhsil, elm sahəsi önəmli rol oynayacaqdır.
Müsahibəni apardı:
Aliyə SƏMƏDOVA