Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Əmək bazarı. Peşə bölgüsü və gender bərabərsizliyi

Azərbaycanda qızlar və oğlanların peşə seçimləri ilə bağlı statistik rəqəmlərə gəldikdə isə, bəzi sahələrdə cinsiyyət fərqinin olduğu danılmaz faktdır.

04.09.2024 10:14
21
A+
A-

“Azərbaycan bəlkə də az sayda olan ölkələrdəndir ki, peşələrin üzərində, necə deyərlər, “qız”, “oğlan” damğası var. Bu da bir sıra ciddi problemlər yaradır. Digər problem isə gənclərin peşə sahələri, onların tələbləri, gələcək imkanları və təhsil proqramları haqqında məlumatlarının olmamasıdır. Məlumatsızlıq ona gətirib çıxarır ki, peşələr kimlərinsə nümunəsində və ya valideynlərin arzusu ilə seçilir. Belə kortəbii seçim isə, nəhayətdə, əmək bazarında müəyyən sahələrdə sıxlığa, digər sahələrdə boşluğa səbəb olur”.

Bu sözləri müxbirimizə təhsil üzrə ekspert Elçin Əfəndi söylədi. Dedi ki, peşə yönümü proqramların olmaması və ya qeyri-kafi olması, sosial təzyiqlər və stereotiplər, gənclərin maraq və qabiliyyətlərinə uyğun peşə seçməsini çətinləşdirir.

Elçin müəllim vurğuladı ki, Azərbaycanda qızlar və oğlanların peşə seçimləri ilə bağlı statistik rəqəmlərə gəldikdə isə, bəzi sahələrdə cinsiyyət fərqinin olduğu danılmaz faktdır.

Məsələn, qızlar arasında müəllimlik və təhsil sahələrinə maraq daha çoxdur. Azərbaycanda pedaqoji ixtisaslarda təhsil alanların təxminən 70-80%-i qadınlardır. Bu sahədə kişilərin azlığı isə, demək olar ki, təhsil sahəsində ən böyük və öndə gələn problem olaraq qalır.

İqtisadiyyat və biznes idarəçiliyi ixtisasları üzrə təhsil alanların təxminən 60%-i oğlanlardır.

Səhiyyə ocaqlarında çalışanlar arasında zərif cinsin nümayəndələrinin üstünlük təşkil etdiyi müşahidə olunur. Xüsusilə tibb bacısı, əczaçılıq, və pediatriya sahələrində qadınların sayı daha çoxdur.

Mühəndislik və informasiya texnologiyaları (IT) kimi sahələrdə oğlanlar üstünlük təşkil edir. Mühəndislik və texniki ixtisaslar üzrə tələbələrin təxminən 80%-i kişilərdir. İnformasiya texnologiyaları, tikinti və memarlıq fakültələrində də oxşar tendensiya mövcuddur.

Hüquq sahəsində müəyyən dərəcədə cinsiyyət balansı var.

İncəsənət və dizayn sahələrinə qızlar arasında maraq daha böyükdür. Xüsusilə moda dizaynı və qrafik dizayn sahələrində qadın tələbələrin sayı üstünlük təşkil edir.

Müsahibim onu da dedi ki, cəmiyyətdə gender rollarına dair yanaşmalar və peşə seçimi ilə bağlı təlim və maarifləndirmə fəaliyyətləri dəyişdikcə, qızlar və oğlanlar arasında müxtəlif sahələrə maraq göstəriciləri də dəyişə bilər.

- Elçin müəllim, süni intellekt (Sİ) və robot texnologiyalarının sürətlə inkişafı gələcəkdə iş bazarını əhəmiyyətli dərəcədə dəyişdirəcək. Bəzi peşələr sıradan çıxacaq, bəziləri isə transformasiya ediləcək, həmçinin yeni peşələr yaranacaq. Bu peşələrlə bağlı hazırda  ölkədə hansı maarifləndirmə tədbirləri gedir?

- Bəzi sahələr var ki, məsələn, anbar idarəetməsi, məhsulların yığılması və qablaşdırılması kimi işlər yaxın gələcəkdə robotlar və dronlar tərəfindən görüləcək.

Sİ proqramları sadə mühasibat və məlumat işlənməsi işlərini yerinə yetirəcək. Bu da bəzi mühasibat işlərini sıradan çıxara bilər.

Özünəxidmət kassalarının və onlayn alış-verişin artması ilə pərakəndə satış sahəsində iş yerləri azala bilər.

Avtonom (sürücüsüz) nəqliyyat vasitələrinin inkişafı ilə taksi, yük maşını sürücülərinə ehtiyac qalmayacaq.

Dronlar və avtonom çatdırılma robotları poçt və kuryer xidmətlərini əvəz edə bilər.

- Hansı yeni peşələrin yaranacağı və cəmiyyətdə aparıcı mövqeyə çıxacağı labüddür?

- Süni intellekt və robot texnologiyaları sahələri.

Robotların dizaynı, istehsalı və təkmilləşdirilməsi ilə məşğul olan peşəkarlar, kibertəhlükəsizlik mütəxəssisləri, tibb robotika texnikləri.

Süni orqan mühəndisləri. Biotexnologiya sahəsində insan bədəninin hissələrinin və ya orqanlarının süni şəkildə yaradılması.

Ekoloji mühəndislər. İqlim dəyişikliyi və ekosistemlərin qorunması üçün yeni texnologiyaların və həllərin inkişaf etdirilməsi.

Yaşıl enerji mütəxəssisləri. Bərpaolunan enerji mənbələrinin inkişafı və istifadəsi üzrə mütəxəssislər.

Hazırda ən mühüm məsələ peşəkarların bu dəyişikliklərə adaptasiya ola bilmələri və yeni bacarıqlar əldə etmək üçün düzgün peşə seçimi etmələrdir.

 

Əsli TELMANQIZI

ETİKETLƏR:

Foto