Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Virusa qarşı birgə mübarizə

.

04.09.2024 10:40
13
A+
A-

Mərkəzi Afrikanın bir sıra ölkələrində meymunçiçəyi (mpox) virusunun yayılması qlobal narahatlığa səbəb olub. Virusa yoluxma halı artıq dünyanın əksər ölkəsində də müşahidə olunur.

Bu isə geridə qoyduğumuz pandemiya dövrünün bir sıra narahatlıqlarını təkrarən yaşayacağımıza dəlalət edir. Yenidən infeksiyalar və peyvəndlər, iş yerlərinin qorunması, vaksinlərin ən çox ehtiyac duyulan ərazilərə çatdırılması kimi hallar aktual əhəmiyyət kəsb edəcək.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmiləri bildiriblər ki, bu,      COVID-19-dan çox fərqli bir virusdur, başqa şəkildə yayılır. COVID-19 hava yolu ilə ötürülür, “Mpox” isə çox yaxın fiziki təmasla yayılır.

İctimai Xidmət İnternasionalı (PSİ) üzv təşkilatlarına “Mpox” epidemiyasına qarşı mübarizə aparmaq məqsədilə əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı brifinq hazırlayıb. Qeyd olunur ki, səhiyyə işçiləri, o cümlədən təmizlik işçiləri, laboratoriyalarda və tullantıların utilizasiyasında çalışanlar yoluxma riski olan işçi qrupları arasındadır.

İşçilər və dövlət xidmətləri COVID-19-un dağıdıcı təsirindən sonra yenidən bərpa olunmağa başladığı halda, mpox-la mübarizədə keçmiş səhvlər təkrarlanmamalıdır. Hökumət nümayəndələri və işəgötürənlər ictimai xidmət işçilərini təmsil edən həmkarlar ittifaqları ilə birlikdə bu fövqəladə vəziyyətə qarşı ortaq məsləhətləşmələr aparmalıdır. Yalnız bu halda virusun qarşısını almaq mümkündür.

Ümumilikdə vəziyyət PSİ tərəfindən davamlı olaraq izlənir. ÜST tərəfindən akkreditə olunmuş təşkilat olaraq PSI işçilərin perspektivlərinin beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə vəziyyətinə daxil edilməsinə çalışır.

Qeyd edək ki, meymunçiçəyi xəstəliyi meymunçiçəyi virusunun törətdiyi, əsasən Qərbi və Mərkəzi Afrikada yayılmış nadir xəstəliklərdəndir. Meymunçiyəyi virusu yeni növ virus deyil. İlk dəfə 1958-ci ildə meymun koloniyalarında kəşf edilmiş, ilk insana yoluxma hadisəsi isə Konqo Demokratik Respublikasında 1970-ci ildə baş vermişdir. Adından görsəndiyinin əksinə olaraq, xəstəlik yalnız meymunlardan ötürülmür. Virusun daşıyıcıları daha çox gəmiricilər və çöl heyvanlarıdır.

İlkin simptomlara yüksək hərarət, başağrısı, yorğunluq, halsızlıq, limfa düyünlərinin şişməsi aiddir. Virusun ağır ştamları ilə yoluxduqda 5 faiz hallarda ölüm baş verə bilər.

ÜST bütün ölkələrə zəruri tibbi-sanitariya tədbirlərinin tətbiq edilməsini, testləşmə və tədqiqatlar aparmağa və vaksinlər əlçatan olduqda məqsədli vaksinasiyanı həyata keçirməyi tövsiyə edir.

ETİKETLƏR: