Beşinci sosial paket...
2025-ci ildə əhalinin sosial müdafiəsinin və rifahının yaxşılaşdırılması məqsədilə yeni sosial dəstək paketi icra olunacaq
Prezident İlham Əliyev yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı ölkəmizin iqtisadi imkanlarının artması nəticəsində vətəndaşların sosialyönümlü rifahının yaxşılaşdırılması yönündə davamlı addımlar atıldığına diqqət çəkərək bu sosial siyasətin növbəti illərdə də davam etdiriləcəyini bildirib. Dövlət başçısı bu siyasət tədbirləri çərçivəsində 2025-ci ildə minimum əməkhaqqı və pensiyaların artırılacağının anonsunu verib. Hazırda növbəti ilin dövlət büdcəsi layihəsinin müzakirələrinin başlanması ərəfəsində sosial artımlarla bağlı müvafiq hökumət üzvlərinə tapşırıqlar verilib.
Minimum əməkhaqqı, minimum pensiya və digər pensiyaların, eləcə də müavinətlərin artırılması ilə bağlı məsələlər Nazirlər Kabinetində 2025-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı da əsas diqqətçəkən məqamlardan biri olub. Baş nazir Əli Əsədov vurğulayıb ki, 2024-cü ilin ötən dövrü ərzində əlverişli xarici mühit və ölkəmizdə iqtisadi aktivliyin davam etməsi, o cümlədən qeyri-neft-qaz sektorunun bütün sahələrində müsbət artım templərinin müşahidə edilməsi sayəsində iqtisadiyyatda əhəmiyyətli inkişaf dinamikası qeydə alınıb. Ümumi daxili məhsulun artımı qənaətbəxşdir, eyni zamanda ölkənin 73 milyard dollar həcmində strateji valyuta ehtiyatları formalaşıb. Həmçinin iqtisadi aktivlikdən qaynaqlanaraq müsbət makro-fiskal çərçivə yaranıb, dövlət büdcəsinin daxilolmaları artır, bu amillər 2024-cü ilin dövlət büdcəsinin maliyyə dayanıqlılığını tam təmin edəcək, eləcə də növbəti ilin büdcə yığımları üçün dərin zəmin yaradacaq.
Beləliklə, 2025-ci ildə dövlətin maliyyə imkanlarının artması sayəsində büdcədə əsas prioritetlər sırasında yer alan əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması üçün əlavə sosial dəstək paketi formalaşmış olacaq. Bu isə o deməkdir ki, növbəti ildə əvvəlki illərdə icra edilmiş dörd sosial paketin davamı olaraq böyük sosial proqram gerçəkləşəcək. Sosial paket çərçivəsində şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritetləri sırasında yer alacaq. Pensiya, təqaüd, müavinət, əməkhaqqı və digər sosial ödənişlərlə əhatə olunacaq insanların sayı 2 milyondan çox olacaq.
Ümumilikdə, qeyd edilən bütün sosial hədəf prioritetləri nəzərə alınmaqla, 2025-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclərin payı cəmi dövlət xərclərinin 43 faizini təşkil edəcək.
Bəs 2025-ci ilin büdcəsində maaş və digər sosial artımları maliyyələşdirmək üçün hansı həcmdə vəsaitlər nəzərdə tutulub?
2025-ci ilin dövlət büdcəsinin göstəricilərinə dair ilkin layihədə sosial müdafiə və sosial təminat xərcləri üçün 4 milyard 998 milyon manat nəzərdə tutulub. Bu, 2024-cü ilin mövcud xərcləri ilə müqayisədə 607 milyon manat çoxdur. Bundan başqa, Dövlət Sosial Müdafiə Fondunun özünün büdcəsinin gəlir və xərclərinin də artımı proqnozlaşdırılır. Çünki hazırda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hər rüb davamlı şəkildə artır. 2024-cü ilin yanvar-avqust ayları ərzində sosial yığımların həcmi 3 milyard 725 milyon manata çatıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 350 milyon manat çoxdur. İlin sonunda əlavə daxilolmaların məbləğinin təxminən 500 milyon manat artacağı gözlənilir. Nəticədə Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il yığımları 5,7 milyard manata çatacaq. Dövlət büdcəsindən hər il Fonda 1,4 milyard manat transferti də nəzərə aldıqda, Dövlət Sosial Müdafiə Fondunun növbəti ildə büdcəsi 7,3 milyard manatdan da çox olacaq. Fondun gəlir və xərcləri 2025-ci ildə transfertlərlə birlikdə 2024-cü illə nisbətdə 400-500 milyon manat artacaq.
Qeyd edək ki, sosial təminat və sosial müdafiə xərclərinin mənbəyi həm dövlət büdcəsinin xərclərinə, həm də Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə əsaslanır. Ona görə də sosial xərclərin artımında Fondun topladığı məcburi dövlət sığorta yığımları müstəsna rol oynayır. Beləliklə, Dövlət Sosial Müdafiə Fondunun 7 milyard manatdan artıq büdcəsi və dövlət büdcəsində nəzərdə tutulan 4 milyard 998 milyon manat vəsaiti nəzərə aldıqda, birlikdə 12 milyard manatdan artıq sosial təminat xərcləri formalaşacaq. Bu, 2024-cü illə müqayisədə təxminən 1,1 milyard manat əlavə maliyyə təminatı deməkdir. Məhz həmin mənbə hesabına gələn il sosial müdafiə sahəsində bütün artımları təmin etmək mümkün olacaq.
Bəs pensiya, minimum əməkhaqqı və müavinətlər nə qədər artacaq?
Pensiyaların artımı 2024-cü ilin yekununda ölkə üzrə orta aylıq əməkhaqqının faizinə əsasən müəyyənləşəcək və 2025-ci ildə pensiyalardakı artım məbləği bu göstəriciyə əsasən təyin olunacaq. 2024-cü il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,3 faiz artaraq 1002,4 manat təşkil edib. İlin sonunda orta aylıq əməkhaqqının 10 faiz artacağı proqnozlaşdırılır ki, nəticədə pensiyaların artımı təxminən 10 faiz ətrafında olacaq. Ancaq bununla yanaşı, dövlət başçısının müvafiq tapşırığına əsasən, pensiyaların baza hissəsinin də artımı gözlənilir ki, belə olduqda pensiyalar daha çox artmış olacaq. Eləcə də əmək pensiyaları ilə yanaşı, minimum pensiya, əlilliyə görə pensiya və digər təyinatlı pensiyaların və müavinətlərin də artımı nəzərdə tutulur.
Maaşların artımına gəlincə, burada artımlar həm sosial paket çərçivəsində, həm də minimum əməkhaqqı artımı sayəsində gerçəkləşəcək. Hazırda minimum əməkhaqqı artımı üzrə sosial müdafiə orqanları müvafiq qurumlarla birgə təkliflər hazırlayır və layihə noyabrda hökumətə təqdim ediləcək. Artım faizi inflyasiya ilə bağlı gözləntilər, sosial müdafiə sektorunda yığım imkanları və digər amillər nəzərə alınmaqla müəyyən ediləcək. Nəticədə yeni ildən minimum əməkhaqqı artımlarına start verilməsi ölkə üzrə 700-800 min vətəndaşın əməkhaqqının artmasına da səbəb olacaq. Vahid Tarif Cədvəli əsasında müxtəlif dərəcələr üzrə dövlət və qeyri-dövlət sektorunda çalışan işçilərin əməkhaqları minimum əməkhaqlarının faiz mislinə uyğun artacaq.
Elbrus CƏFƏROV