Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İqlim fəaliyyəti ilə bağlı əməkdaşlığın gücləndirilməsi

London İqlim Fəaliyyəti Həftəsi ilə tərəfdaşlıq çərçivəsində keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi iqlim həllərinin inkişaf etdirilməsi məsələsində beynəlxalq əməkdaşlıq və sinerjini daha da gücləndirəcək.

02.10.2024 11:31
1
A+
A-

Sentyabrın 30-da ilk Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) başlayıb.Tədbirin açılış mərasimində COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev, COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov çıxış ediblər. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun (IPCC) sədri Cim Skinin və Almaniyanın Bonn şəhərinin meri Katya Dyornerin videomüraciəti dinlənilib.

Tədbir panel sessiyalarla davam edib, müxtəlif mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Qeyd edək ki, oktyabrın 4-dək davam edəcək tədbir adaptasiya olunan iqlim həllərini araşdırmaq və bu həll variantlarının tətbiqini sürətləndirmək üçün bütün dünyadan 700 nəfər insanı, o cümlədən dayanıqlılıq üzrə müxtəlif ekspert və siyasətçiləri, eləcə də özəl sektor və vətəndaş cəmiyyətinin liderlərini bir araya gətirir. Dünya ictimaiyyəti cari ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbirinə hazırlaşarkən, Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) iqlim təqvimində mühüm an kimi tarixə düşəcək.

BMT Baş Assambleyasının 79-cu sessiyasından və Nyu-York İqlim Həftəsindən sonra keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi COP Sədrliklərinin Üçlüyü tərəfindən elan edilmiş 1,5°C hədəfinə aparan yol xəritəsi çərçivəsində həyata keçirilən işlərin daha geniş vüsət almasını təmin edəcək və COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə dəstək olacaq.

London İqlim Fəaliyyəti Həftəsi ilə tərəfdaşlıq çərçivəsində keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi iqlim həllərinin inkişaf etdirilməsi məsələsində beynəlxalq əməkdaşlıq və sinerjini daha da gücləndirəcək.

Bakı İqlim Fəaliyyəti Həftəsi COP29 ərəfəsində Azərbaycanın regional liderliyini nümayiş etdirir və milli yaşıl keçid təşəbbüslərində aparıcı rol oynamaq öhdəliyini vurğulayır. Həmin toplantı yerli və regional kontekstlərə əsaslanan yaşıl keçidlə bağlı müzakirələrin təşviqi üçün mühüm dönüş nöqtəsi olacaq. Bundan əlavə, Bakı İqlim Fəaliyyəti Həftəsi dayanıqlı inkişaf və iqlim fəaliyyəti öhdəliyinə sadiq olan təşkilatlarla yeni əməkdaşlıq əlaqələri, eləcə də investisiya və tərəfdaşlıqlar çərçivəsində Azərbaycanın keçid dövrünü dəstəkləməyə çalışacaq.

Tədbirdə  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasınını (AHİK) qurumun Aparat rəhbərinin müavini Qara Ağayev təmsil edib. Qeyd edək ki, AHİK Azərbaycanda işçilərin maraqlarını qorumaqla yanaşı, iqlim dəyişikliyi ilə bağlı ədalətli keçid prosesində fəal rol oynayır. Ölkə iqtisadiyyatında yaşıl iş yerlərinin yaradılmasını və əməkhaqlarının mühafizəsini təmin etmək istiqamətində mühüm səylər göstərir.

ETİKETLƏR:

Foto