Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İnflyasiyanı aşağı salmaqdan ötrü nə etməli?

İnflyasiyanın yüksək olması isə əhalinin alıcılıq qabiliyyətinə təsir etməklə yanaşı, onların gəlirlərinin azalmasında da mənfi rol oynayır.

15.08.2023 19:54
7
A+
A-

2023-cü ilin yanvar-iyul aylarında ölkəmizdə istehlak qiymətləri indeksi (inflyasiya) 2022-ci ilin eyni dövrünə nisbətən 12,2 faiz yüksəlib. Qiymət indeksinin tərkibində ərzaq məhsulları, içkilər və tütün məmulatları daha çox bahalaşıb. Ümumilikdə cari ilin ötən 7 ayı ərzində ərzaq inflyasiyasının qiymət artımı 14,3 faiz təşkil edib.

Bəs ölkəmizdə qiymətlərin bahalaşması, daha doğrusu, ikirəqəmli inflyasiyanın 2 ildir ki, hakim olmasının səbəbi nədir?

İqtisadçı Əli Məsimli hesab edir ki, aparılmış qiymətləndirmələrə görə, ölkəmizdə 13-14 faizlik inflyasiyanın təxminən 3-4 faiz bəndi yerli istehsaldan və daxili tələbdən formalaşır. Bu o deməkdir ki, 7 ayda qeydə alınmış 15 faizə yaxın ərzaq inflyasiyasının tərkibində idxal inflyasiyasının payı 70-75 faiz təşkil edir. 2023-cü ilin birinci yarısında idxal inflyasiyasının payı daha da yüksəlib ki, bu da ümumilikdə qiymət artımlarını sürətləndirib. Belə ki, 2023-cü ilin 6 ayı ərzində Azərbaycanın xarici ölkələrdən idxal etdiyi məhsulların dəyərində kəskin artım baş verib və idxal məhsulların dəyəri 8 milyard 198 milyon dollar təşkil edib. Bu, ümumi xarici ticarət dövriyyəsinin təxminən 36 faizi deməkdir. Yəni idxalın həcmi son bir ildə 2 milyard dollara yaxın artıb, halbuki ötən ilin birinci yarısında bu rəqəm 6,3 milyard dollar olub. İdxal mallarının tərkibində ərzaq məhsullarının payı daha çox yüksəlib, məsələn, mal əti idxalı 2.6 dəfə artıb. Ötən il 17-18 milyon dollar dəyərində ət idxal olunmuşdusa, hazırda bu rəqəm 40 milyon dolları ötüb.  Eləcə də kərə yağı və süddən hazırlanmış məhsulların, düyü, buğda, qənnadı məmulatları, şokolad və şokolad məhsulları, digər qida mallarının idxalı 10 faizə yaxın artıbdır.

İqtisadçı bildirir ki, ümumilikdə Azərbaycanda inflyasiya Avropa ölkələrinin qiymət indekslərindən çoxdur, hazırda Avropa ölkələrində orta inflyasiya göstəricisi 8-9 faizdir, ölkəmizdə ərzaq inflyasiyası isə bu rəqəmdən 2 dəfəyə yaxın böyükdür. Bunun da əsas başlıca səbəbi ərzaq mallarının xaricdən idxalının çox olması ilə yanaşı, həm də yerli qida istehsalında tələb olunan xammal komponentlərinin idxalının çox olması ilə bağlıdır.

İdxal məhsullarının baha olmasının isə 2 başlıca səbəbi vardır. Birincisi, dünya bazarında bir çox aqrar və sənaye mallarının qiymətlərinin bahalaşmasıdır. İkinci amil daşınma-nəqliyyat xərcləridir. Son 2 ildə qlobal təchizat və logistika xərclərinin 2-3 dəfə artması, yük daşınmalarının maya dəyərinin artması nəticədə idxal olunan məhsulların maya dəyərini yüksəldir.

İnflyasiyanın yüksək olması isə əhalinin alıcılıq qabiliyyətinə təsir etməklə yanaşı, onların gəlirlərinin azalmasında da mənfi rol oynayır. Ona görə də inflyasiyanın birrəqəmli həddə salınması hökuməti düşündürən əsas məsələlərdən biridir.

Millət vəkili Aydın Hüseynovun fikrincə, hökumət inflyasiyanın tempini zəiflətmək üçün bir sıra alətlərdən, xüsusilə də monetar vasitələrdən istifadə edir, məsələn, Mərkəzi Bank pul-kredit siyasətini sərtləşdirir, son bir ildə uçot dərəcəsinin 9%-ə qaldırılması da bunu təsdiq edir. Məqsəd bahalaşmanın və inflyasiya prosesinin qarşısını almaq, durmadan artmaqda olan tələbi tənzimləmək və təklifi nizamlamaqdır. Ancaq bu, inflyasiyanı sabitləşdirmək və qiymət indekslərini aşağı salmaq üçün tam kifayət etmir.

Bəs çıxış yolu nədir, inflyasiyanın səviyyəsini aşağı endirmək üçün nə etmək lazımdır?

Millət vəkili hesab edir ki, əsas çıxış yolu idxalı əvəz edən yerli istehsalın stimullaşdırılmasıdır. Əsas prioritetlər xarici ölkələrdən asılılığın aradan qaldırılması, yerli istehsalın inkişaf etdirilməsi və daxildə qida malları istehsalı üçün tələb olunan xammalların istehsalını da yerli emal və tədarük bazaları əsasında təşkil etməkdir. Bu məqsədlə təşviqedici siyasət gücləndirilməlidir. Buğda təminatı başadüşüləndir, Azərbaycanın iqlim şəraiti və torpaq ehtiyatları buğda ilə təminatı tam şəkildə təchiz etməyə imkan vermədiyindən idxala məcburuq. Ancaq digər kənd təsərrüfatı məhsullarının istehsalı üçün əlverişli imkanlar və resurslar mövcuddur. Məsələn, quş və heyvan əti üçün tələb olunan yem və yem əlavələri, qarşıqlar, digər komponentləri istehsal etmək üçün müasir emal kompleksləri yaradılmalıdır. Süd və süd məhsulları, yağ istehsalında xammalın da daxili istehsal zəncirinə inteqrasiyası üçün təcili addımlar atılmalıdır. Hazırda işğaldan azad edilmiş ərazilərin torpaq ehtiyatları daxili ərzaq tələbatının ən azı 20 faizini verə bilər. Bu bölgədə həm də idxal edilən xammal komponentlərinin emalı üçün iri təsərrüfatlar və sənaye müəssisələri qurmaqla idxalı azaltmaq mümkündür. Hazırda bu ərazilərdə fəaliyyət göstərən sahibkarlar vergi, sosial sığorta, idxal rüsumlarından azad olunub və əsas istiqamət burada çalışan biznesi ərzaq təhlükəsizliyinin təmin edilməsinə motivasiya etmək olmalıdır. Məsələn, baş nazir bu günlərdə “İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə” sənəd imzalayıb və hökumətin iqtisadi blokundan ibarət işçi qrupu yaradılıb. Həmin işçi qrup bu məsələni xüsusi diqqətdə saxlamalı, təxirə salınmadan aqrar sahibkarlıqla koordinasiyalı iş qurmalıdır.

Aydın Hüseynov hesab edir ki, yerli istehsalda müxtəlif güzəştlərin əhatə dairəsini artırmaq lazımdır. Bura həm vergi tətilləri daxildir, həm də yerli qida emalı biznesinə güzəştli kreditlərin həcmini yüksəltmək tədbirləri daxildir. Dövlət il ərzində sahibkarlara 300 milyon manata yaxın güzəştli biznes kreditləri verir, ancaq aparılmış təhlillər göstərir ki, istehsal fəaliyyətini tam optimallaşdırmaq üçün tələb olunan maliyyənin həcmi bundan 5-6 dəfə çoxdur. Ona görə də sahibkarlığa daha böyük həcmdə və asan şərtlərlə, aşağı faizlərlə kredit vermək üçün bankların öz ehtiyatlarından istifadə etməsi lazımdır. Təəssüf ki, bir çox banklar yalnız dövlətin verdiyi zəmanətli kreditlərlə biznes təşkil edir, öz resurslarını isə daha çox istehlak kreditlərinə yönəldir. Bu siyasət dəyişməlidir. Hazırda bankların kredit ehtiyatlarının həcmi 5 milyard manatdan da artıqdır, onlar cəmi kredit portfelinin 10 faizini biznesə yönəltsə, ölkəmizdə yerli istehsalın, o cümlədən də ərzaq mallarının istehsal həcmlərini 2 dəfə artırmaq olar.

İqtisadçı Əli Məsimli isə hesab edir ki, inflyasiyanın artmasına təsir edən digər faktor süni qiymət artımı və inhisarçılıqdır. Ona görə də iqtisadi qurumlar həm də diqqəti antiinhisar tədbirlərinin gücləndirilməsi istiqamətinə yönəltməlidir.

Elbrus CƏFƏROV

ETİKETLƏR: