Bakıda beynəlxalq seminar keçirilib
S.Qlovaskas yaşıl iqtisadiyyata keçidin beynəlxalq səviyyədə doğurduğu narahatlığı diqqətə çatdırdı. Bildirdi ki, bu narahatlığın mərkəzində daha çox işçilərin taleyi durur.
Avqustun 19-20-də Bakıda “Azərbaycanda ədalətli yaşıl keçidlə bağlı dövlət siyasətinə həmkarlar ittifaqlarının təsir imkanlarının artırılması” mövzusunda beynəlxalq seminar keçirilib.
Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) birgə təşkilatçılığı ilə baş tutan seminarda AHİK və üzv təşkilatların nümayəndələri iştirak ediblər.
AHİK-in sədr müavini Cavanşir Alxasov və BƏT-in İşçilərin fəaliyyəti üzrə Bürosunun (ACTRAV) Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri Sergeyus Qlovaskas çıxış edərək seminarın mövzusunun aktuallığından və əhəmiyyətindən danışıblar. C.Alxasov deyib ki, yer kürəsində təbii proseslərin gedişinə insan amilinin mənfi təsiri nəticəsində qlobal fəlakətlərə aparacaq iqlim dəyişiklikləri baş verir. Ekologiyanın getdikcə daha ağır duruma gələcəyi artıq gözləniləndir. Bu səbəbdən, gec də olsa, dünya dövlətləri bu fəlakətlərin təsirinin azaldılması üçün birgə fəaliyyət proqramları həyata keçirməyə qərar vermişlər. Yer kürəsi əhalisinin heç birindən yan keçməyəcək ağır nəticələri, qismən də olsa, azaltmaq səyləri hamımızdan bu problemə diqqətlə və çox ciddi yanaşmağı tələb edir.
Ekologiyaya mənfi təsir göstərən sənaye sahələrinin, ümumiyyətlə, bütün iqtisadiyyatın “yaşıl iqtisadiyyata” keçirilməsi əsas vəzifələrdən biridir. Ancaq bu, bəzilərinin anladığı kimi zavod və fabriklərin, digər iş yerlərinin sahəsində yaşıllıq yaratmaq, ağac əkmək və sair demək deyil. Bu, ilk növbədə ekologiyaya ziyan vuran istehsalat proseslərinin, xüsusilə də enerji istehsalı sahələrinin ekoloji dayanıqlı proseslərlə əvəz olunmasının təmin olunmasını tələb edir.
C.Alxasov dedi, yaşıl iqtisadiyyata keçid vacibdir. Ancaq bu keçid hamı üçün ağrısız və tədricən olmalıdır. Bu işdə biz həmkarlar ittifaqlarının üzərinə böyük məsuliyyət düşür. Keçidlə bağlı işçilərin mənafeyinə zidd problemlərin meydana çıxacağı labüddür. Bizim əsas vəzifəmiz bu problemlərin minimuma endirilməsi üçün hökumətlə davamlı dialoq aparmaqdan ibarətdir. Çünki həmkarlar ittifaqları üzvü olan işçilərin hüquqlarını qorumaq bizim ən əsas borcumuzdur. Nəzərə almaq lazımdır ki, işçinin robotla əvəz olunması heç də ekoloji problemi həll etmir.
BƏT uzun illərdir “Ədalətli keçid” konsepsiyasının BMT-nin iqlim dəyişmələri ilə bağlı siyasətinə daxil olunması üçün səylər göstərir. Həmkarlar ittifaqlarının “yaşıl iş yerləri”nin yaradılmasında və təşviqində böyük rolu qeyd olunur. “Ədalətli keçid” ideyaları iqlim dəyişikliklərinin və ətraf mühitin deqradasiyasının işçilərə və ümumiyyətlə, əmək bazarına birbaşa və dolayısı mənfi təsirlərinin aradan qaldırılması üçün zəruri şərtə çevrilir.
Bildiyiniz kimi, AHİK bu günə qədər mütəmadi olaraq ədalətli keçidin təşviqi ilə bağlı müəyyən tədbirlər görmüşdür. Yaşıl iş yerlərinin yaradılmasına yumşaq keçid üçün ən səmərəli yol və metodların müəyyənləşdirilməsi məqsədilə BƏT-in dəstəyi ilə bir neçə tədbir-seminar, konfrans və s. keçirilmiş, işçilərin bu sahədə maarifləndirilməsinə yönəlmiş digər görüşlər təşkil olunmuşdur. Onu da bilirsiniz ki, AHİK-in dəstəyi ilə bu il 26-27 sentyabr tarixlərində Bakıda ACTRAV, BHİK Pan Avropa Regional Şurasına daxil olan ölkələrin və Qlobal Hİ Federasiyasının nümayəndələrinin iştirakı ilə konfransın keçirilməsi gözlənilir. Bu kimi tədbirlərin COP29 iqlim konfransının hazırlanması üçün möhkəm zəmin yaradacağına və ədalətli keçidin təşviq olunmasına böyük töhfə verəcəyinə əminliyimizi bildiririk.
S.Qlovaskas yaşıl iqtisadiyyata keçidin beynəlxalq səviyyədə doğurduğu narahatlığı diqqətə çatdırdı. Bildirdi ki, bu narahatlığın mərkəzində daha çox işçilərin taleyi durur.
- Onların həyata keçirilən hər hansı islahatların qurbanına çevrilməməsi həmkarlar ittifaqları üçün prioritet olmalıdır, - dedi. - Hər bir işçinin təhlükəsiz iş şəraitində çalışması, istehsalat zədələnmələrindən sığortası uğrunda mübarizə aparmaq təşkilatımızın missiyasından irəli gələn müqəddəs borcumuzdur. Biz gözlənilən qlobal fəlakətə qarşı bundan sonra necə mübarizə aparacağıq? İşimizdə hansı təkmilləşdirmələrə ehtiyac var? Bugünkü və bu tipli tədbirlərdə biz bu suallara cavab axtaracağıq.
Seminarda BƏT-in ekspertləri tərəfindən iştirakçılara COP29-un prioritetləri, AHİK-in Azərbaycanın COP29-dakı mövqeyinin təqdimatına verdiyi töhfə, sağlam və təhlükəsiz iş mühitinin təmin edilməsi, yaşıl iqtisadiyyatda gender bərabərliyi və mövzu üzrə digər zəruri məsələlər haqqında ətraflı məlumat verilib və panel müzakirələr aparılıb.