Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Səhhətimdə yaranan problemlərlə bağlı həkim rəy verib ki, yüngül işə keçməliyəm, amma işdə buna əməl etmirlər. İş yerində həkimin rəyi nəzərə alınmalıdırmı?

Həsən HƏŞİMOV, Daşkəsən rayonu.

15.08.2023 20:08
22
A+
A-

Səhhətimdə yaranan problemlərlə bağlı həkim rəy verib ki, yüngül işə keçməliyəm, amma işdə buna əməl etmirlər. İş yerində həkimin rəyi nəzərə alınmalıdırmı?

 

Həsən HƏŞİMOV, Daşkəsən rayonu.

 

- Əmək Məcəlləsinin  231-ci maddəsinə əsasən, səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə, tibbi rəyə uyğun olaraq, daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur.

Məcəllənin 232-ci maddəsində işçinin sağlamlığının mühafizəsi məqsədilə başqa yüngül işə keçirildiyi və əməkhaqqının saxlandığı hallar müəyyənləşdirilib. Həmin maddədə qeyd edilir ki:

- İşçi sağlamlığının mühafizəsinin təmin olunması məqsədilə səhhətinə mənfi təsir göstərməyən yüngül və əvvəlkinə nisbətən aşağımaaşlı işə keçirilə bilər. Bu halda işçilərin yüngül işə keçirildiyi gündən etibarən bir ay ərzində əvvəlki işi (vəzifəsi) üzrə orta əməkhaqqı saxlanılır.

- Vərəm və digər xroniki ağır xəstəliyə tutulmuş və bu səbəbdən başqa azmaaşlı işə müvəqqəti keçirilmiş işçilərə keçirildikləri bütün vaxt ərzində, lakin dörd aydan çox olmayaraq, əvvəlki iş yerində aldığı əməkhaqqı saxlanılır.

- İş yerində bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və müvafiq həkim məsləhət komissiyası və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi əsasında yüngül işə müvəqqəti keçirilmiş işçilərə əvvəlki əməkhaqqı ilə yeni iş yerindəki əməkhaqqı arasındakı fərq ödənilir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək və ya əlillik müəyyən edildiyi vaxtadək ödənilməlidir.

 

Hər ikimizin 16 il stajı var, eyni müəssisədə və eyni vəzifədə çalışırıq. Lakin Azərbaycanın ərazi bütövlüyü uğrunda yaralanan iş yoldaşım məndən daha uzunmüddətli əmək məzuniyyətindən istifadə edir. Mənə isə 36 təqvim günü məzuniyyət hesablanır. Buna aydınlıq gətirməyinizi xahiş edirəm?

 

Mehman SƏMƏDOV, Cəlilabad rayonu.

 

- Bəli, Əmək Məcəlləsinin 120-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, “İstiqlal” ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.

Sizə isə 30 təqvim günü əsas, 15 ildən çox əmək stajına görə isə 6 təqvim günü müddətində əlavə məzuniyyət olmaqla cəmi 36 təqvim günü məzuniyyət verilməsi ƏM-in 16-cı maddəsinin tələblərinə əsaslanır.

 

Dini nikahı məhkəmə qaydasında ləğv etmək olarmı?

Leyli HƏNİFƏYEVA,

Lənkəran şəhəri.

 

- Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində    bağlanmış nikah tanınır.

Nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini Ailə Məcəlləsi müəyyən edir, Məcəllə ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir.

Həmin Məcəllənin 1-ci maddəsinə əsasən,  dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir.

Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir.

Amma dini kəbinkəsmə heç bir hüquqi nəticə törətmir və qanunla qorunmur, müdafiə olunmur. Dini kəbinkəsmə hüquqi əhəmiyyətə malik olmadığına görə onun ləğvinə məhkəmə orqanlarında baxılmır.

 

Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı pozulmaqla vurulmuş zərərin əvəzi necə ödənilir?

    

İlahə ƏVƏZLİ, Bakı şəhəri.

Mülki Məcəllənin 1118-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud, yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.

İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir.

Məcəllənin həmin maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər.

ETİKETLƏR: