Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Çinin Azərbaycanla bağlı yeni iqtisadi hədəfləri...

Pekin Zəngəzur dəhlizini müəllifi olduğu “Bir kəmər, bir yol” layihəsinin strateji xətti hesab edir

08.09.2023 00:38
25
A+
A-

Azərbaycanla Çin arasında iqtisadi münasibətlərin coğrafiyası son illərdə genişlənərək çoxsaylı sahələri əhatə etməkdədir. Ölkəmizdə yaradılmış əlverişli investisiya mühiti çinli iş adamlarının və Çin şirkətlərinin Azərbaycana marağını artırıb və ölkəmizin neft, sənaye, energetika, maliyyə, bank, rabitə, İKT, texnologiyalar, kənd təsərrüfatı və qeyri-neft sektorunun müxtəlif sahələrinə sərmayə qoyuluşlarını stimullaşdırıb. Eyni zamanda çinli investorların sayının artmasına mühüm təsir göstərib. Bunun nəticəsidir ki, Azərbaycanda fəaliyyət göstərən Çin şirkətlərinin sayı 120-ni ötüb və bu amil sərmayə qoyuluşlarının dinamikasına mühüm təsir göstərib. Çin şirkətlərinin 2000-ci ildən sonra Azərbaycan iqtisadiyyatına yatırdığı sərmayələrin həcmi 1,1 milyard dolları keçib. Eyni zamanda qarşılıqlı sərmayə təşviqləri sayəsində azərbaycanlı investorların bu ölkəyə xüsusi marağı artıb və Azərbaycanın Çin iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 1,7 milyard dollar təşkil edir.

Azərbaycan qlobal miqyasda Çinin əsas pay sahibi olduğu maliyyə-bank sistemində də investor kimi payını artırır. Azərbaycan 2016-cı ildə Asiya İnfrastruktur İnvestisiya Bankına üzv olub və bank ölkəmizdə çoxsaylı iqtisadi layihələrə sərmayə yatırıb. Asiya Bankının ən irimiqyaslı sərmayə krediti isə TANAP layihəsinə 600 milyon dollar kreditin ayırması olub. Ümumilikdə Asiya İnkişaf  Bankı ötən müddət ərzində Azərbaycana 4 milyard dollar kredit ayırıb.

Azərbaycan-Çin Parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvü Aydın Hüseynovun sözlərinə görə, Çin Azərbaycanla əlaqələrə xüsusi maraq göstərən ən fəal dövlətlərdən biridir, Çin üçün xammal və ilk növbədə enerji mənbələri xüsusi əhəmiyyət daşıyır. Hökumət Komissiyasının birgə tədbirləri və qarşılıqlı iqtisadi anlaşmaların artması davamlı şəkildə mal və sərmayə dövriyyələrinin həcminin də yüksəlməsinə səbəb olub, iqtisadi əlaqələr 2010-cu ildən sonra ən yüksək səviyyəyə çatıb. 2015-ci ildə qarşılıqlı mal dövriyyəsinin həcmi 500 milyon dolları ötüb. 2016-cı ildə bu rəqəm 975 milyon, 2017-ci ildə 1 milyard 300 milyon, 2018-ci ildə 1 milyard 310 milyon, 2019 və 2020-ci illərdə 2,1 milyard dollar olub. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2,2 milyard dollar təşkil edib. Əvvəlki illərdə ticarət partnyorluğunda əsas tərəf Çin idi, yəni Azərbaycana məhsul ixracında xüsusi paya sahib idi, ancaq son illərdə qarşılıqlı ticarət dövriyyəsində Azərbaycanın Çinə ixracı böyüməyə başlayıb.

Müqayisə üçün qeyd edək ki, 1992-93-cü illərdə iki ölkə arasında ticarət dövriyyəsi cəmi 1,5 milyon dollar təşkil edirdi, yəni əmtəə dövriyyəsinin həcmi 30 il ərzində 1500 dəfə böyüyüb. Çinin Cənubi Qafqaz ölkələri ilə ticarət portfelinin 48 %-i Azərbaycanın payına düşür.

Hazırda Çin Azərbaycanın 5 böyük ticarət tərəfdaşından biri kimi 4-cü yerdə qərarlaşır. İdxalda isə 3-cü yeri tutur.

Azərbaycan Çin vətəndaşları üçün sadələşdirilmiş viza proseduru tətbiq edir. Vizanı Azərbaycanın beynəlxalq hava limanlarında əldə etmək olar. Azərbaycan və Çin arasında müntəzəm birbaşa uçuşlar həyata keçirilir.

Çin-Azərbaycan münasibətlərinin humanitar şaxəsi də genişdir. COVID-19 pandemiyası dövründə hər iki ölkə güclü iradə göstərərək bu qlobal bəlaya qarşı mübarizədə həmrəylik nümayiş etdirdi, bir-birini dəstəklədi, Çin əldə etdiyi peyvəndi ilk ölkələrdən biri kimi Azərbaycana təqdim edib.

İki ölkə arasında nəqliyyat-logistika sahəsində də sıx faydalı əməkdaşlıq mövcuddur. Azərbaycan Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşir və bu strateji mövqe ölkəmiz üçün çoxlu imkan yaradır. Azərbaycan Çinin müəllifi olduğu “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olub, Prezident İlham Əliyevin 2015-ci ildə Çinə səfəri zamanı Azərbaycan və Çin arasında “İpək Yolu İqtisadi Kəməri”nin reallaşdırılmasına dair Anlaşma Memorandumu imzalanıb. Bundan sonrakı illərdə Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb və Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizləri ailəsinin fəal üzvü olan Azərbaycan “Bir kəmər, bir yol” layihəsinə qoşulduqdan sonra öz nəqliyyat infrastrukturunu tam yeniləşdirib. Xəzər dənizində ən böyük ticarət qovşağı olan Bakı Beynəlxalq Dəniz Limanının inşa olunması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, Ələt Azad İqtisadi Zonasının yaradılması, dəmir yolu infrastrukturlarının şaxələndirilməsi və modernləşdirilməsi də məhz “Bir kəmər, bir yol” təşəbbüsünə xidmət edir.

A.Hüseynovun fikrincə, “Bir kəmər, bir yol” layihəsi tam işə düşdükdən sonra hazırda il ərzində Xəzər dənizi vasitəsilə 15 milyon ton yükaşırma qabiliyyətinə malik olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gücü 25-30 milyon tona qədər artırılacaq. Nəticədə Azərbaycan tranzit daşınmalarından böyükhəcmli valyuta gəlirləri əldə edəcəkdir.

Hazırda Azərbaycan bölgədə yeni reallıqlar yaradıb və bu geosiyasi vəziyyət regional iqtisadi coğrafiyanın da dəyişməsini labüd edir. Belə ki, hazırda bölgədə yeni tranzit siyasətləri çərçivəsində Zəngəzur dəhlizi logistika xəritəsində mühüm yer tutmağa başlayıb. Zəngəzur dəhlizi Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin edəcək ən qısa dəhlizdir. Bu dəhlizin istifadəyə verilməsi Azərbaycan üzərindən illik olaraq təxminən 35 milyon ton yükün daşınmasına imkan verə bilər. Eyni zamanda Zəngəzur dəhlizinin ən strateji xətlərindən biri Naxçıvan ilə quru əlaqələrin bərpası Naxçıvanın Xəzər- Aralıq dənizini birləşdirən körpüyə çevrilməsinə imkan verəcək. Naxçıvan yolu Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin uzunluğundan 1,7 dəfə, təxminən 343 kilometr az olmaqla daşınmaların xərcini və müddətini azaldır, Mərkəzi Asiya və Avropa arasında ən rentabelli körpü rolunu oynaya bilər.

A.Hüseynov bildirir ki, ölkələrimiz arasında alternativ və bərpa olunan enerji, yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat, istehsal və elektron ticarət kimi sahələrdə son illərdə daha yeni potensialla qiymətləndirilərək konkret layihələrin icrasına yönəlməkdədir. Bu baxımdan Çinlə Azərbaycan arasında yeni əməkdaşlıq proqramında başlıca xətlərdən birini də “yaşıl enerji” konsepti tutur.

Azərbaycan hökuməti 2030-cu ilədək elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi ölkəmizin enerji siyasətində bir nömrəli prioritetdir. Dövlət başçısının “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” imzaladığı sərəncama əsasən, azad edilmiş ərazilərində “yaşıl enerji” konsepsiyasının və baş planın hazırlanması nəzərdə tutulub.

Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafını stimullaşdıran ən mühüm platformalardan biri də ticarət evlərinin fəaliyyətidir. Azərbaycanın Çində indiyə qədər 3 ticarət evi açılıb, ötən həftə Azərbaycan nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri çərçivəsində Pekində Ticarət Evinin açılışı baş tutub.

Ölkələrimizin Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində (ŞƏT) tərəfdaşlığı da qarşılıqlı fayda gətirir. Ötən həftə Azərbaycanın iqtisadi blokunu təmsil edən hökumət üzvlərinin və iş adamlarının Çinə səfəri, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyası arasında istehsal gücləri və investisiya əməkdaşlığının gücləndirilməsi haqqında Çərçivə Sazişi”nin imzalanması iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, ticarət əlaqələrinin inkişafına da müsbət töfhə verəcək.

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: