Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Zəlzələlər və insan psixologiyası

İstər televiziya və radio, istərsə də yazılı mediada rast gəldiyimiz mütəxəssis rəyləri onu deməyə əsas verir ki, ölkəmiz üçün zəlzələlər daimi və adi haldır.

08.09.2023 00:40
17
A+
A-

Dünya gözümüzün önündə sanki nağıllardakı qalalar kimi sarsıldığı zaman, hər birimiz yaşadığımız anın həqiqi olub-olmadığına şübhə edirik. Zamanın bir anda dayandığını hiss etdiyimiz bu məqamda zəlzələ adlanan mistik qüvvə insanların həyatını bir göz qırpımında məhv edir. Zəlzələlər təbiətin ən təsirli və qorxunc “şou”larından biridir. Lakin bu təbii fəlakətin travmatik tərəfləri, sadəcə, yer altındakı sarsıntıların bir yansıması deyil, eyni zamanda insan zehnində və cəmiyyətin ruhunda da dərin izlər qoyur .

Son vaxtlar Azərbaycanda və Xəzər dənizində baş verən zəlzələlər bizim üçün bu təbiət hadisəsinə daha geniş anlamda yanaşmanı aktual edir. İstər televiziya və radio, istərsə də yazılı mediada rast gəldiyimiz mütəxəssis rəyləri onu deməyə əsas verir ki, ölkəmiz üçün zəlzələlər daimi və adi haldır.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli qeyd etdi ki, bəzən gün ərzində 60-a yaxın yeraltı təkan qeydə alınır. Bunlardan bəziləri hiss edilir. Ötən günlərdə Kürdəmirdə baş verən zəlzələ çox dərində (52 km.) olduğuna görə elə də güclü dağıntıya səbəb olmayıb.

Bildirdi ki, Azərbaycanda 80-dən çox seysmoloji stansiya var. Zəlzələ zamanı dərhal seysmoloji stansiyalardakı qurğulara məlumat daxil olur. Yaxın zamanda ölkəmizdə güclü zəlzələlərin gözlənilmədiyini vurğulayan Q.Yetirmişli bunun səbəbinin regiondakı yeraltı enerjinin boşalması olduğunu qeyd edib.

Qeyd etdiyimiz kimi, son günlərdə KİV-lərdə bu və digər məsələlərlə bağlı bir çox xəbərə rast gəlmək mümkündür. Bütün bu rəqəmlərdən yayınıb, ölkəmiz üçün güclü bir zəlzələnin gözlənilmədiyini də nəzərə alaraq, bu təbii fenomeni fərqli bir nöqteyi-nəzərdən analiz etmək fikrinə düşdük.

Belə ki, yazının əvvəlində də qeyd etdiyimiz kimi, burada əsas diqqət zəlzələsonrası yaranan psixoloji travmalara yönələcək. Bu məsələ olduqca aktual araşdırma mövzusu olmaqla yanaşı, həm də insanlıq tarixinin ən primitiv, qədim dövrlərinə istinad edir.

Bu mövzu ilə bağlı yazı hazırlayarkən bir çox məşhur psixoloqun - əcnəbilərin dili ilə desək, ruh həkiminin araşdırmalarını, elmi məqalələrini incələmək lazım gəldi. Daha sonra bu araşdırmalar barədə məlumat verəcəyəm. Lakin əvvəl dünya ədəbiyyatının ən görkəmli yazıçılarından biri olan Cek Londonun “Əcdadların harayı” kitabını xatırladım. Hazırkı insani duyğularımızın bizə əcdadlarımızın genləri ilə ötürüldüyünü qeyd edən ədib, qorxu və travmaların da ilk insan nəslindən bizə miras qaldığını bildirir. Belə ki, qorxularımız hətta heç vaxt zəlzələyə şahidlik etməyən bir insan üçün belə, olduqca qüvvətli və canlıdır. Bunun səbəbi isə daha əvvəl bu qorxunu yaşamış, belə anlara şahidlik etmiş, amma həyata tutunmağı bacaran bir əcdadımızın bizə ötürülən genlərindən qaynaqlanır.

Bu isə heç vaxt zəlzələ görməyən insanlarda yaranan psixoloji travmalara səbəb olur. Məhz buna görə zəlzələ fobiyası ən çox yayılan 20 fobiyadan biridir.

Hər zəlzələ özünəməxsus, yeni bir hekayənin başlanğıcıdır. Bu hekayə yerin daxilində nəhəng enerji qaynaqlarının ani bir şəkildə partlaması ilə başlayır. Hər şey bitdikdən sonra bu hadisə insanların həyatlarında və cəmiyyətin ümumi quruluşunda yaranan dərin sarsıntılara səbəb olur. Hekayə təkcə birinci şəxsin yox, zəlzələsonrası dağılan binaların, körpülərin, batan yolların, itirdiyimiz sevdiklərimizin və ən əsası zədələnən ruhlarımızın fonunda bütün həyatımıza təsir edir.

İndi isə mövzu ilə bağlı mütəxəssislərin fikirlərinə nəzər salaq. Dr. George A.Bonanna öz karyerasında zəlzələ və təbii fəlakətlər sonrası yaranan travmalara xüsusi maraq göstərib. Onun bu mövzu ilə bağlı olduqca geniş araşdırmaları var. O özünün “Traumatic Loss, Discruption, Recovery and the Reorganization of Affect” kitabında zəlzələyə şahidlik etmiş pasiyentlərinin düşüncə və travmalarına xüsusi yer ayırıb. G.Bonanna qeyd edir ki, zəlzələlərin təsirləri, sadəcə, fiziki travmalarla yekunlaşmır. Bu təbii fəlakətlərin ən qaranlıq tərəfi insanların zehnində və psixologiyasında yaratdığı dərin yaralardır. Gözlərimizin önündə baş verən bu təbii kabuslar həyatda qalmağı bacaran insanların ömürlük travmalarına çevrilir. Bu xəstələr gecə yatarkən tez-tez yer sarsıntısının təkrarlandığını, binaların dağıldığını və bu dəfə təkcə sevdiklərini deyil, öz həyatlarını da itirdiklərini görürlər.

Professor Yuval Neria isə özünün “Fəlakətlə bağlı itki ilə əlaqədar mental sağlamlıq nəticələri” əsərində qeyd edir ki, bir zəlzələnin travmatik tərəfləri cəmiyyətin dayanıqlılıq gücünü test edir. Kədər, itki və qorxu kimi duyğular ya cəmiyyəti bir araya toplayır, insanları bir-birinə bağlayır, ya da tam əksinə, onları parçalayır. Bundan əlavə, mütəxəssis zəlzələ və təbii fəlakətlər zamanı liderlərin verdiyi qərarların həyati önəm daşıdığını qeyd edir.

Nəticə olaraq zəlzələlərin travmatik tərəfləri, sadəcə, yerin sallanmasıyla kifayətlənmir. Təbiətin ruhu hər zaman insan ruhu ilə ümumi bir vəhdət təşkil edib. Məhz bu səbəbdən “insan təbiəti” deyimi yaranıb. Zəlzələlər insanları həm sınayır, həm də daxildəki güclərini ortaya çıxarır. Bu səbəblə bu təbiət hadisələrinin travmatik tərəflərini anlamaq insanların daha güclü olmasına və birlikdə hərəkət etmə potensiallarının güclənməsinə gətirib çıxara bilər.

 

İmran ƏLİYEV

ETİKETLƏR: