Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azərbaycan  qarşısına qoyduğu hədəflərə uğurla addımlayır

Bunu müxbirimizə “Qarabağa dönüş” İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Tural Gəncəliyev bildirdi.

13.09.2023 12:59
151
A+
A-

Ağdam-Xankəndi yolunun açılması Azərbaycanın diplomatik cəbhədə əldə etdiyi ən önəmli uğurlardan biridir. Bununla da  Qarabağ bölgəsinin reinteqrasiyası, aqressiv separatçı ünsürlərin də tez bir zamanda silahsızlaşdırılması, tərk-silah edilməsi, Azərbaycan Respublikası Konstitusiyasının gömrük-sərhəd xidmətinə aid bütün qanunlarını, Xankəndi daxil olmaqla, işğaldan azad olunan ərazilərin sərhəd-buraxılış məntəqələrində yenidən bərpası reallaşacaq.

Bunu müxbirimizə “Qarabağa dönüş” İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Tural Gəncəliyev bildirdi.

Qeyd etdi ki, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yük avtomobili bir neçə gün öncə Ağdamdan keçərək Xankəndinə çatıb. Qarabağda mövcud olan aqressiv separatçı ünsürlər neçə vaxt idi ki, Azərbaycanın təklifi ilə gündəmə gələn Ağdam-Xankəndi yolunun işlək vəziyyətə gətirilməsi təklifini bloklayırdılar. Bir növ bu yolun bloklanması ermənilərin və Ermənistanın Qarabağda yaşayan ermənilərin güya “humanitar fəlakətə” məruz qoyulması, “aclıq çəkməsi” yalanlarının həqiqət kimi dünyaya yayılmasına xidmət göstərirdi.  Lakin sentyabrın 12-də bu yol vasitəsilə ilk hümanitar yardımın Xankəndinə ötürülməsi ermənilərin, necə deyərlər, saxta göz yaşlarına son qoydu. Qarabağ bölgəsinin Azərbaycanın digər bölgələrinə daha asan və effektiv şəkildə reinteqrasiya edilməsinə doğru mühüm addım atıldı, eyni zamanda mühüm geostrateji planların həyata keçirilməsinə də zəmin yaradıldı.

- Rusiya tərəfindən göndərilən yükün Ağdam - Xankəndi yolu ilə daşınması qlobal gündəmə necə təsir göstərəcək?

- Azərbaycan postmünaqişə dövrünün ilk günlərindən qeyd edirdi ki, bütün kommunikasiya, nəqliyyat xətləri açılmalıdır. Lakin Ermənistan tərəfinin qeyri-konstruktiv yanaşması ucbatından biz bu proseslərin aparılmasını görə bilmirdik. Ağdam-Xankəndi yolu həm bu baxımdan, həm Ermənistanın yaratdığı mifin sındırılması, həm reinteqrasiya, həm gələcək Zəngəzur dəhlizinin də bu prosesin zəncirvari reaksiyası kimi davamı olması, həm Azərbaycanın yeni diplomatik, yumşaq güc vasitəsilə qarşıya qoyduğu məqsədlərinə çatması baxımından çox önəmlidir. Azərbaycan beləliklə də, postmünaqişə dövründə strateji planlama nəticəsində müəyyənləşdirdiyi hədəfə nail oldu.

- Ümumiyyətlə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin regionda fəaliyyətini necə dəyərləndirirsiniz? 

- İndiyə kimi Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycanın  gömrük və sərhəd qanunları çərçivəsində hərəkət etməsinə biz tərəfdən maneə yaradılmayıb, qadağa qoyulmayıb. Təəssüflər olsun ki, yenə də burada Ermənistan tərəfinin  nəzarətdə saxladığı, Qarabağdakı aqressiv separatçı xunta rejimidir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin  Ağdam-Xankəndi yolundan istifadəsinin qarşısını alır. Azərbaycanı ittiham etməyə çalışan güclər təqsiri ilk növbədə Ermənistanda, dünya erməni lobbisində, aqressiv erməni diasporunun hərəkətlərində və xunta rejimində axtarmalıdırlar. Nəyə görə xunta rejimi Azərbaycan ərazisində yolları bloklayır və Ağdam-Xankəndi yolunun tam funksional olması məsələsini digər qəbuledilməz şərtləri ilə müqayisə edir. Dünyada necədir? İstənilən ölkəyə gedərkən mütləq buraxılış məntəqəsindən keçməlisən. O cümlədən Azərbaycan ərazisinə daxil olanda da.  Bu məsələdə manipulyasiyaya yol verilməsi qəbuledilməzdir.

-Tural müəllim, bəs  Laçın sərhəd-buraxılış məntəqəsindən keçid necə həyata keçiriləcək? 

- Azərbaycan dəfələrlə bəyan edib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi və onun avtomobil nəqliyyat vasitələri əgər Ağdam-Xankəndi yolu ilə karqoların, yüklərin daşınmasını həyata keçirərlərsə, o zaman Azərbaycanın gömrük və sərhəd qanunvericiliyinə uyğun şəkildə Laçın yolundan da istifadə edə bilərlər.

- Ağdam-Xankəndi yolunun açılması ilə bərabər, ermənilərin Azərbaycana reinteqrasiya qapısının açılması necə tənzimlənəcək?

- Həm Azərbaycan Prezidenti, həm də hökumət təmsilçiləri bütün erməni əsilli vətəndaşlarımızın siyasi, iqtisadi və humanitar sahələrə reinteqrasiya olunmasını istədiklərini bəyan ediblər. Onlar Azərbaycan sərhədləri daxilində Konstitusiyada əks olunmuş bütün hüquqlardan yararlana biləcəklər.

 

Əsli TELMANQIZI

ETİKETLƏR:

Foto