Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Şəhid adını əbədiləşdirmək məqsədilə qanunvericilikdə hansı tədbirlər nəzərdə tutulub və onları hansı dövlət orqanı həyata keçirir?

Təvəkkül SADIQOV, Şirvan şəhəri.

13.09.2023 14:06
26
A+
A-

Şəhid adını əbədiləşdirmək məqsədilə qanunvericilikdə hansı tədbirlər nəzərdə tutulub və onları hansı dövlət orqanı həyata keçirir?

 

Təvəkkül SADIQOV,

Şirvan şəhəri.

 

- “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na əsasən, aşağıdakı tədbirlər həyata keçirilir:

- Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və Azərbaycanın Milli Qəhrəmanı olan şəhidlərin büstləri qoyulur.

- Azərbaycanın Milli Qəhrəmanı olan, habelə Vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunan şəhid adları küçələrə, meydanlara verilir.

- Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və Azərbaycanın Milli Qəhrəmanı olan, habelə Vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunan şəhid adlarının təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırılır.

- “Şəhid” Memorial Kompleksi yaradılır.

- Vətən uğrunda göstərilən qəhrəmanlıqla bağlı döyüş yerlərinin, habelə dəfn yerlərinin qorunması və abadlaşdırılması, qəbirüstü daşların, xatirə abidələrinin qorunması təşkil edilir.

-Döyüş əməliyyatları getmiş yerlərdə xatirə nişanları qoyulur və qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirləri həyata keçirirlər.

Sualınızın 2-ci hissəsi ilə bağlı qeyd etmək istəyirik ki, şəhid adını əbədiləşdirmək məqsədilə aparılan yuxarıda qeyd edilən tədbirlərin hamısı  yerli rayon (şəhər) icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

 

Özəl təşkilatda işləyirəm. Üç ildir ki, nə məzuniyyət, nə də kompensasiya vermirlər. Məzuniyyət pulumu almaq üçün məhkəməyə müraciət edə bilərəmmi?

 

Mustafa HAQVERDİYEV,

Bakı şəhəri.

 

- İşçilərin məzuniyyət hüququ, məzuniyyətin verilməsi qaydası, məzuniyyət  pulunun ödənilməsi, bunlarla bağlı mübahisələrin həlli qaydaları Əmək Məcəlləsi ilə tənzimlənir. Məcəllə ilə müəyyən edilmiş fərdi əmək mübahisələrinin həlli qaydaları Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş qaydada vəzifəyə təyin edilən və Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan şəxslərdən başqa bütün işçilərə şamil edilir.

Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən, işçiyə məzuniyyət vaxtı üçün orta əməkhaqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.

Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əməkhaqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əməkhaqqının faktiki olaraq verildiyi gündən hesablana bilər.

Məzuniyyət vaxtı üçün hesablanmış orta əməkhaqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir.

Məcəllənin 296-cı maddəsinin 4-cü   hissəsinə görə, pul tələbləri ilə əlaqədar yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

 

1948-ci ildə anadan olmuşam. Doğulduğum gün və ay məlum deyil. Şəxsiyyət vəsiqəsi alanda doğum tariximi 1948-ci il iyun ayının 15-nə yazdılar. Bu tarix düzgündürmü?

Allahverdi QURBANOV,

Şəki şəhəri.

 

- Məlumdur ki, vətəndaşın doğulduğu gün, ay və il tibbi şəhadətnamə əsasında doğum akt qeydində və doğum haqqında şəhadətnamədə yazılır. Sonradan vətəndaşa məxsus olan bütün sənədlərdəki doğum tarixi də elə həmin şəhadətnamədə qeyd edilən tarixə əsasən yazılır. Bu sənədlərə vətəndaşın şəxsiyyət vəsiqəsi də aiddir. Yəni şəxsiyyət vəsiqəsində qeyd olunan tarix doğum haqqında şəhadətnamə əsasında yazılır.

Doğum tarixinizdə ayın və günün göstərilməməsi Sizin işlərinizdə, yəqin ki, indiyə kimi heç bir çətinlik törətməmişdir. Lakin qeyd etdiyiniz qaydada yazılan doğum tarixləri mövcuddur və belə halları nəzərə alıb qanunvericilik ümumi bir qayda tətbiq edilməsini müəyyən etmişdir. Nazirlər Kabinetinin 31 oktyabr 2013-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı Qaydası”nın 2.26. bəndinə əsasən, doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə doğum ayı və günü qeyd edilmədən təkcə doğum ili göstərilibsə, onda qeydiyyat orqanı bu çatışmazlığı tamamlamaq üçün doğum gününü həmin ilin iyul ayının 1-i kimi qeyd edir. Doğum tarixi ilin birinci yarısı kimi göstərilən halda, doğum günü həmin ilin aprel ayının 1-i, ilin ikinci yarısı kimi göstərilirsə, doğum günü həmin ilin oktyabr ayının 1-i kimi qeyd olunur.

Qeyd edək ki, bəzi hallarda doğum ili və ayı yazılır, lakin doğum günü haqqında qeydiyyat olmur. Bu zaman doğum günü həmin ayın 15-i yazılır.

Nəzərinizə çatdırırıq ki, Qaydalara əsasən, Sizin doğum tarixiniz iyun ayının 15-i yox, 01.07.1944-cü il kimi qeydiyyata alınmalıdır

ETİKETLƏR: