Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yaşayış sahələrindən fərdi sahibkarlıq fəaliyyəti üçün istifadədə etmək olarmı?

Ramiz İSRAFİLOV, Gəncə şəhəri.

06.11.2023 16:43
29
A+
A-

- İlk növbədə onu qeyd etmək lazımdır ki, yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır.

Mənzil Məcəlləsinin 14-cü maddəsinə əsasən, yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərə həmin yaşayış sahəsindən peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinə o şərtlə yol verilir ki, bu, digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın.

Amma yaşayış sahələrində sənaye istehsalatlarının yerləşdirilməsinə yol verilmir.

 

Mediasiya zamanı tərəflər hansı məsələlərdə bərabər hüquqlar daşıyır?

 

Taleh QASIMOV, Sumqayıt şəhəri.

 

- Mediasiyada tərəflər hüquqi və fiziki şəxslər habelə mediasiya prosesinin tətbiqinə razılıq vermiş inzibati orqanlardır. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər də mediasiya prosesində tərəf ola bilir. Mediasiya zamanı tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı “Mediasiya haqqında” qanunun 6-cı maddəsində aşağıdakı kimi qeyd olunub:

- Tərəflər mediasiya zamanı bütün məsələlərdə, o cümlədən mediatorun seçilməsində bərabər hüquqlardan istifadə edirlər və bərabər vəzifələr daşıyırlar.

-Tərəflər mediasiyanın məqsədləri naminə əməkdaşlıq etməli və qarşılıqlı şəkildə fəaliyyət göstərməlidirlər.

- Mediasiya mübahisənin həllində tərəflərin əməkdaşlığına, habelə ünsiyyət və danışıqlara əsaslanır.

 

İslah işləri növündə cəzaya məhkum edilən şəxslər üçün icra müddəti ümumi iş stajına daxil edilirmi? Bu şəxslər əmək qanunvericiliyi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə edə bilərlərmi? 

Samir ƏBİLOV, Bakı şəhəri.

 

- İslah işləri növündə cəzanın icrasının təşkili, şərtləri, müddətinin hesablanması, bu cəzaya məhkum olunmuş şəxslərin qazancından tutulmalar, işəgötürənin və icra məmurunun vəzifələri Cəzaların İcrası Məcəlləsi (CİM) ilə tənzimlənir. Birinci olaraq bildiririk ki, belə şəxslər qanunvericiliyə əsasən məhkum sayılır və qeyd etdiyimiz Məcəlləyə əsasən, islah işləri növündə cəza məhkumun əsas iş yerində çəkilir. Onlar məhkum olunmamışdan əvvəl işlədikləri vəzifədə və ya işdə qalırlar.

İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslərin qazancından həmin cəza müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş qaydada və məbləğdə pul tutulur. Bu pul məbləği dövlət  nəfinə keçirilir.

CİM-ə əsasən, islah işləri növündə cəzanın icrası müddəti məhkumun ümumi iş stajına daxil edilir.

Sualınızın axırıncı cümləsindən məlum olur ki, islah işlərinə məhkum edilənlərlə əlaqədar Əmək Məcəlləsinin 132-ci maddəsinin tələbləri Sizə bildirilib. Həmin maddədə məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər dəqiqləşdirilmişdir. Maddənin 2-ci hissəsində “azadlıqdan məhrum etmədən islah işlərinə məhkum edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir” ifadəsi yazılsa da, həmin müddəa Konstitusiyanın 37-ci maddəsinin tələblərinə uyğun olmadığı üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27.04.2001-ci ildə qüvvəyə minmiş qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir.

Eyni zamanda CİM-ə əsasən, cəzaların icrası və çəkilməsi zamanı məhkumların istirahət etmək hüququ var və islah işləri növündə cəzaya məhkum olunmuş şəxslər əmək qanunvericiliyi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

Həmin şəxslərə əmək qanunvericiliyində işçilərə nəzərdə tutulan iş vaxtı, istirahət vaxtı, əmək normaları, əməyin ödənilməsi normaları, qaydaları və təminatları tətbiq olunacaq və onlar islah işləri növündə cəzaya məhkum olunsa da, məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

ETİKETLƏR: