Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Aqrar sahədə risklərin aşağı salınması...

çıxış yolu sığortalamaqdır

15.11.2023 14:44
8
A+
A-

Ərzaq təhlükəsizliyi tarix boyu dünyada ən mühüm həyat təminatı sistemlərindən biri kimi aktuallığını saxlamışdır. Bu gün də gündəlik istehlak səbətimizdə ərzaq məhsulları xüsusi çəkiyə malikdir. Ərzaq məhsullarının əsasını isə, təbii ki, kənd təsərrüfatı məhsulları təşkil edir. Bu baxımdan kənd təsərrüfatının inkişaf etdirilməsi zərurətdir. Ölkəmizdə həyata keçirilən aqrar siyasətin əsasında da ərzaq təhlükəsizliyinin təminatı dayanır. Elə bu baxımdan da bu və digər faktorlar nəzərə alınaraq aqrar sahədə risklərin aşağı salınmasının mühüm vasitələrindən ən başlıcası məhz kənd təsərrüfatı məhsullarının sığortalanmasıdır.

Bu prosesin necə həyata keçirilməsi, icra mexanizmi və sairə bu kimi suallarla Aqrar Sığorta Fondunun (ASF) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Əli Əhmədova müraciət etdik.

- Əli bəy, kənd təsərrüfatı məhsullarının sığortalanması vacibdirmi?

- Azərbayanda son illər, hamımızın da müşahidə etdiyimiz kimi, qeyri-neft sektoruna, xüsusilə də kənd təsərrüfatına böyük maraq var. Əvvəllər kənd təsərrüfatına yalnız bölgələrdə yaşayan əhalinin məşğulluğunun təmin olunması kimi baxılırdısa, son illər bu sahə böyük gəlir marjaları nümayiş etdirməklə biznesə çevrilib. Və bu özünü taxıl və digər ənənəvi bitkilərdə, yeni meyvə bağlarının salınmasında, o cümlədən də heyvandarlıq təsərrüfatlarının yaradılmasında göstərir. Bu məsələdə ölkə rəhbərinin apardığı siyasətin də ciddi rolu var. Ölkə başçısının tapşırığı ilə dövlət tərəfindən son illər kənd təsərrüfatına böyük dəstək verilir. Fermerlərin vergidən azad olunması, onlara əkin subsidiyalarının verilməsi, cins heyvanların xaricdən gətirilərək subsidiya ilə fermerlərə satılması kimi misalları çəkə bilərəm.

- Əli müəllim, maraqlıdır, heyvanların subsidiya ilə fermerlərə satılması prosesi necə həyata keçirilir?

- Fermer heyvanın qiymətinin 20 faizini nağd, 40 faizini uzun müddətə ödəyir. Qalan 40 faizinin ödənişini isə dövlət üzərinə götürür. Belə güzəştlər kənd təsərrüfatının əksər sahələrində tətbiq olunur. Ümumiyyətlə, son bir neçə ildə dövlət kənd təsərrüfatına subsidiya və digər mexanizmlər formasında həcmi 100 milyonlarla ölçülən güzəştli investisiyalar yatırıb. Paralel olaraq bu sahəyə özəl sektor da böyük məbləğdə investisiyalar qoyur.

Məlumdur ki, kəndli bəzi hallarda əkin sahələrini, bitkiləri və sairəni təbii fəlakətlərdən, məsələn, seldən, doludan qoruya bilmir. Belə halda çəkilən zəhmət və qoyulan investisiyalar, necə deyərlər, heçə gedir.

Bütün gözlənilməz halların qarşısının alınması üçün fermerlərə sığorta sistemi təklif olunur. Sığorta imkan verir ki, hər hansı bir təbiət hadisəsi baş verdiyi təqdirdə fermerlərin qarşılaşdıqları ziyanın əvəzi ödənilsin. Yəni kompensasiya şəklində həmin zərərin məbləği hesablanıb fermerə ödənilsin. Nəticədə fermer nəinki müflis olmur, hətta növbəti illərdə də rahat şəkildə öz fəaliyyətinə davam edir. Bu, eyni zamanda fermerlərlə şirkətlər arasında arxayınlıq da yaradır. Yəni, məsələn, market hər hansı bir fermerdən məhsul alır və arxayındır ki, onun sığortası var və hər hansı bir hadisədən müflis olmayacaq, gələn il də ona məhsul verə biləcək. Digər tərəfdən də, sığortanın olması yeni investorları bu sahəyə yatırım etməyə həvəsləndirir. Çünki qoruma mexanizmi olmadıqda, haqlı olaraq, investorlar narahat olurlar ki, yatırdıqları vəsait bata bilər. Bax, bu səbəblərə görə kənd təsərrüfatında aqrar sığortanın tətbiqi çox vacib bir addımdır.

- ASF bildirir ki, hər min manatlıq taxılı 7,4 manata, meyvə isə 8-16 manata sığorta edilir. Bu qiymətlər fermerlər üçün nə dərəcədə sərfəlidir?

- Aqrar Sığorta Fondu kənd təsərrüfatında 3 istiqamətdə sığorta ilə məşğuldur: bitki və bitkiçilik məhsulları, heyvandarlıq və balıqçılıq təsərrüfatı. Bitkiçilik məhsullarında sığortanın həyata keçirilməsi qaydası belədir: fermerin istəyindən asılı olaraq həm ağacın özü, həm tingi və həm də məhsulu sığortalana bilər. Yəni bitkinin (ağacın) bütün hissələrini qorumaq mümkündür. Qiymətlərə gəlincə isə, təbii ki, olduqca ucuzdur.

-Onların sığortalanması qaydası necə həyata keçirilir?

- 41 bitki üzrə 48 məhsul sığortalanır. Bunların 28 növü riskdən sığortalanır. Yəni, sadə dillə desək, məhsulu quraqlıqdan başqa hər şeydən sığortalamaq olar: yağışdan, qardan, şaxta vurmadan, sel-su basmalarından, yanğından, 3-cü şəxslərin qəsdən və ya bilmədən əraziyə zərər vurmasından və sairə.

Öncə onu qeyd edim ki, aqrar sığortanın əhəmiyyəti ondan ibarətdir ki, burda sığorta haqqının yarısını dövlət ödəyir. Məsələn, deyək ki, fermer 300 manatlıq qoyunu sığortalamaq istəyir. Bu zaman sığorta haqqı 18 manat olacaq. Bunun yarısını, yəni 9 manatını fermer, geridə qalan 9 manatı isə dövlət ödəyəcək. Təsəvvür edin, 300 manatlıq qoyunu cəmi 9 manata sığortalamaq olar. Onu da deyim ki, əvvəllər yalnız südlük inəklər 0 yaşdan 7 yaşa qədər sığortlanırdı, indi isə bu, artıq ətlik mal-qaralara        (3 yaşa qədər) və xırdabuynuzlu heyvanlara da tətbiq olunur.

Balıqçılıq təsərrüfatı heyvandarlıqdakı sığorta tarifləri və qaydaları ilə eynidir.

Bitki və meyvə bağlarının sığortalanması isə fərqlidir. Çünki təbiət hadisələri bitkilərə birbaşa təsir edir. Ona görə də, regionlardan asılı olaraq, onlara dəyən zərərin ödənilməsi də fərqlidir. Yəni tarif ölkənin ən çox və ən az yağıntı düşən əraziləri üzrə dəyişir. Tutaq ki, yerləşdiyi əraziyə görə, 1000 manatlıq buğda sahəsini sığortlamaq üçün sığorta haqqı 1,48 faizdir (manata çevirəndə 14 manat 80 qəpik edir). Eyni qaydada onun yarısını dövlət, qalan yarısını isə fermer ödəyir. İndi təsəvvür edin, fermer min manatlıq sahəsini, ildə cəmi bir dəfə olmaqla, 7 manat 40 qəpik ödəməklə sığortalamış olur.

- Əli bəy, bəs fermerlər məhsullarını sığortalamağa maraq göstərirlərmi?

- Əlbəttə ki, maraq göstərirlər. O qədər aşağı qiymətlərdir ki, məhsulunu və yaxud da heyvanını bir dəfə sığortalayan fermer artıq davamlı şəkildə bunu etməyə başlayır. Onu da deyim ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatda olan bütün fermerlər sığortalana bilər.

Müraciət etmə qaydasına gəldikdə isə, 1651 qaynar xəttinə zəng etmək kifayətdir ki, artıq sistem işə düşsün. Hadisə baş verdiyi zaman isə dərhal həmin yerə ekspert göndərilir. Ekspert hadisə yerinə iki dəfə gedir. Birinci dəfə, sadəcə, hadisəni qeydə alır. İkinci dəfə isə, biçin ərəfəsində gedir ki, fermerə dəyən zərərin miqdarını hesablasın. Misal üçün, apreldə hadisə baş verdi, taxıl sahəsinə ziyan dəydi. Fondun eksperti dərhal gedir, qeydə alır ki, həqiqətən də bu taxıl sahəsində hadisə baş verib. O zaman sığorta ödənişi olunmur. İyul ayında, yəni biçim başlayanda ekspert yenidən ora gedir. Tutaq ki, fermer həmin sahədən 30 sentner götürəcəkdisə, dolu düşməsi səbəbindən cəmi 20 sentner götürə bilir. Deməli, ortada itən 10 sentneri bizim fond kompensasiya edəcək. Yəni bütün bu proseslər bu cür həyata keçirilir.

Sonda onu deyim ki, 2021-ci ildə ASF fermerlərə sığorta haqqı olaraq 1,7 milyon manat, 2022-ci ildə 2,3 milyon manat ödəniş edib. Bu ilin sonuna qədər isə 5 milyon manatdan artıq ödəniş ediləcəyi artıq təsdiqlənib. Bu da, düşünürəm ki, fermerlərin sığortaya nə dərəcədə maraq göstərdiyinin təsdiqidir.

Aliyə SƏMƏDOVA

 

ETİKETLƏR:

Foto