Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“İnflyasiyanın istədiyimiz səviyyəyə düşməsi üçün

qarşıdakı iki ayda kiçik artım dinamikasını qoruyub saxlamalıyıq”

15.11.2023 14:46
8
A+
A-

Ölkə Prezidentinin hökumət qarşısında qoyduğu başlıca tapşırıqlardan biri ilin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəyə düşməsinə nail olunmasıdır. Dövlət siyasətini izləyərək biz də inflyasiyanın birrəqəmli ədədə qədər azaldılması istiqamətində görülən tədbirlərə qəzetimizin ötən saylarında toxunmuş, mütəxəssislərin fikri ilə mövzuya aydınlıq gətirməyə çalışmışdıq.

Kiçik bir xatırlatma kimi qeyd etmək istəyirəm ki, sahənin peşəkarları burada ən önəmli nüanslardan biri kimi, süni qiymət artımlarının qarşısının alınması və bunun üçün ilk növbədə monitorinqlərin davamlı şəkildə aparılmasını təklif etmişdilər. Daha sonra isə qeyd edilmişdi ki, idxalın əvəzlənməsi prosesinin sürətlənməsi çox önəmlidir. Belə ki, yerli istehsal hesabına tələb ödənilməlidir. Bu zaman qiymətlərin optimallaşdırılmasına nail ola bilərik. Buna isə ölkə daxilində dövlət ehtiyatlarının formalaşması haqqında qanun layihəsinin qəbulundan, yəni ərzaq məhsulları üzrə strateji ehtiyat fondunun yaranmasından sonra nail oluna biləcəyi vurğulanmışdı. Bildirilmişdi ki, strateji məhsulların qiymətlərində kəskin artım olan zaman ehtiyatda olan məhsulları bazara çıxarmaqla bolluq yaradılması, qiymət artımının qarşısının alınması və ya optimallaşdırılması reallaşacaq. İrəliyə hesablanmış və ümid doğuran bu proqnoz yeni yayılan statistik göstəricilərlə inflyasiyanın birrəqəmli ədədə düşəcəyinə yenə şübhələr doğurdu.

Belə ki, 2023-cü ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar - oktyabr aylarına nisbətən 110,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 111,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 109,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 109,1 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, 2023-cü ilin oktyabr ayında istehlak qiymətləri indeksi sentyabra nisbətən 100,4 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 103,9 faiz təşkil edib.

Cari ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma əsasən düyü, mal və qoyun əti, yağ, təzə balıq, süd, yumurta, meyvə və tərəvəzlər, meyvə şirələri və digər qidalarda, qeyri-ərzaq məhsullarından bahalaşma əsasən paltaryuyan maşınları, sement, kəsilmiş taxtalarda müşahidə olunub.

Qarşıdan da Yeni il bayramının gəldiyini nəzərə alsaq, bahalaşma, yəqin ki, davam edəcək. Sual yaranır: bu təqdirdə inflyasiyanın birrəqəmli ədədə düşməsi necə reallaşacaq?

İqtisadçı-ekspert Rəşad Həsənov dedi ki, növbəti iki ayda artım olmazsa, hesab edirəm ki, 0.3, 0.4 faiz artım da olsa, rəsmi birrəqəmli inflyasiyaya nail olmaq mümkün olacaq. Ümumiyyətlə götürsək, real inflyasiya rəqəmlərini müqayisələndirmək imkanı məhduddur. Düzdür, davamlı olaraq bununla bağlı rəsmi rəqəmlərlə bağlı məlumatlar yayılır, lakin bəzən şübhələr ortaya çıxır. Bugünkü şərtlər daxilində imkanımız yoxdur ki, bunu test edək və alternativ inflyasiyanı hesablayaq. Lakin son bir neçə ayı təhlil edəndə burada həm disinflyasiya, həmçinin deinflyasiyanın simptomlarını görürük. Xüsusilə may-avqust aylarında, ardıcıl olaraq 4 ay deinflyasiya qeydə alınıb. Yəni kiçikhəcmli olsa da, qiymətlər indeksində azalma müşahidə olunub. Son 2 ayda isə ardıcıl olaraq disinflyasiya prosesi müşahidə edirik. Bu, ötən ilin eyni ayları ilə müqayisədə, bu ilin eyni dövründə qiymət artımlarının daha aşağı səviyyədə olması deməkdir. Məsələn, ötən ilin sentyabrında qiymətlərdə 3.1 faiz artım olduğu halda, bu ilin həmin ayında 3 faiz, ötən ilin oktyabrında 1.6 faiz olduğu halda, bu ilin müvafiq ayında isə 0.4 faiz artım qeydə alınıb. Bu artımlar daha çox ərzaq məhsullarında müşahidə edilsə də, mal qrupları üzrə qiymətlərin strukturuna baxanda qiymət azalmalarının da, inflyasiyanın artım tempinin də aşağı düşməsini şərtləndirən faktorlar daha çox gündəlik tələbat malları və ərzaq məhsullarından qaynaqlanır. Ölkədə bu sahədə daha çox yerli istehsal dominantlıq təşkil edir.

Dünya bazarlarında ərzağın qiyməti 2022-ci ilin apreli ilə müqayisədə təqribən 20 faiz ucuz qiymətə təklif olunur.

Ölkədə isə bu sahədə daha çox yerli istehsal dominantlıq təşkil etsə də, idxal olunan, xüsusilə də xam malın qiymətinin artması, eyni zamanda əməkhaqqı fondu ilə əlaqədar artım zərurəti məhsulun maya dəyərinin yüksək olmasına təsir edir. Bütün bunlar dolayısı ilə yerli istehsal məhsullarının ucuzlaşması imkanını məhdudlaşdırır.

Rəşad müəllim qeyd etdi ki, inflyasiyanın istədiyimiz səviyyəyə düşməsi üçün ən azı qarşıdakı iki ayda kiçik artım dinamikasını qoruyub saxlamalıyıq.

 

Əsli ƏHMƏDOVA

ETİKETLƏR: