Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


IQ+EQ=UĞUR

Emosional zəka insanların ortaq duyğuları, ünsiyyət əlaqələri, insanlıq anlayışları, zəriflik, kübarlıq , nəzakət, etika və s. kimi bacarıqlarla təsvir olunur.

15.11.2023 14:56
61
A+
A-

Hazırda hər kəs IQ haqqında məlumatlıdır. Bu gün “IQ testləri” sorğusu üçün axtarış edəndə milyonlarla nəticə çıxır. Bu testlərin effektivliyi mübahisəli olsa da, zəkanın əhəmiyyəti şübhəsizdir. Amma indiki reallıqlar göstərir ki, uğur qazanmaq üçün tək zəka kifayət etmir. Mürəkkəb tənliyi həll etmək və ya faiz hesablamaq bacarığı, əlbəttə, önəmlidir, lakin bu bacarıq yeni komandaya qoşulmağa və ya çətin danışıqlar aparmağa, mübahisələri həll etməyə necə kömək edə bilər? Duyğular çox vaxt zehni qabiliyyətlərdən daha vacibdir. Onlara nəzarət etmək üçün isə EQ - emosional intellekti inkişaf etdirmək zəruridir.

Ola bilsin ki, sizin də ətrafınızda ağıllı görünən (məsələn, yaxşı mühəndislər), lakin bəsit şeyləri heç başa düşməyən (misal üçün, qarşısındakının keçirdiyi hissləri və emosiyaları duymayan) insanlar var. Harvard Universitetinin təhsil üzrə professoru, doktor Hovard Qardner belə bir insanın yalnız qismən intellektli olduğunu qeyd edir.

Hovard Qardnerin “Çoxşaxəli intellekt nəzəriyyəsi” vurğulayır ki, zəkanın ən azı 6 növü var: verbal-linqvistik, məntiqi-riyazi, məkan-vizual, bədən-kinestetik, musiqi-ritmli, şəxslərarası, fərddaxili intellekt. Onlar bir-birindən asılı deyillər və beyində hər biri müstəqil sistemlər kimi fəaliyyət göstərirlər. Adətən intellektdən danışarkən əsasən sadalanan ilk üç komponenti nəzərdə tuturuq, qalanları isə bir növ diqqətdən kənarda qalır.

IQ və emosional intellekt arasında hansı oxşarlıqlar və fərqlər var?

IQ insanın intellektual, məntiqi, analitik və düşünmə qabiliyyətlərinin ölçüsüdür. Yüksək və normal IQ səviyyəli insan bu bacarıqların öhdəsindən layiqincə gələ bilir. Ancaq beynimiz təkcə riyazi problemləri təhlil edib həll etmir, həm də duyğuları yaşayır. Bu həqiqəti görməzlikdən gəlmək olmur. Çox ağıllı insanların həyatda uğura nail ola bilməyəcəyi bir çox nümunə var, çünki “ağıllı” olmaq yetərli deyil. Yüksək IQ və emosional intellektdən tamamilə məhrum olan şəxs zəka sahəsində əla, lakin adi həyata uyğun olmayan bir intellektualın parodiyasıdır.

Uğur qazanmaq üçün yalnız IQ kifayət etmir, EQ də uğurun vacib bir komponentidir.

Emosional intellekt isə digər insanların emosiyalarını anlamaq, onların motivasiyalarını və istəklərini başa düşmək, praktiki problemləri həll etmək üçün öz duyğularını və digər insanların emosiyalarını idarə etmək bacarığıdır.

Emosional zəka ağıl və qəlbin sinxronizasiyasıdır. Bir insanın işə qəbul olması intellektual zəka ilə mümkün olsa da, karyerasında irəliləməsi üçün artıq emosional zəka lazımdır. İstər şəxsi, istər iş həyatında emosiyalarla başa çıxmaq olduqca çətin işdir. Məntiqlə hərəkət edən insanlar belə, bəzən məntiqli olmayan hadisələr qarşısında çətinlik çəkirlər və elə tam bu zamanda emosional zəka köməyə gəlir və nəticədə emosiyalara nəzarət etmək asan olur. Goelman-ın nəzəriyyəsindən belə qənaətə gəlmək olur ki, emosional zəka sonradan qazanıla bilər, yəni onu öyrənmək və inkişaf etdirmək mümkündür.

Goleman-ın “Emotional İntelligence” kitabı ilə emosional zəkayla əlaqəli tamamilə yeni fikirlər meydana gəldi. Əvvəllər insanların intellekt dərəcəsi IQ ilə ölçülürdüsə, artıq son tədqiqatlara əsasən, emosional zəkanın insanların şəxsi və iş həyatında uğurlu olmalarına intellektual zəkadan daha çox təsir göstərdiyini sübuta yetirmiş oldu. Emosional zəka insanların ortaq duyğuları, ünsiyyət əlaqələri, insanlıq anlayışları, zəriflik, kübarlıq , nəzakət, etika və s. kimi bacarıqlarla təsvir olunur. Emosional intellekti güclü insanlar iş münasibətlərində həm özlərinin, həm də qarşı tərəfin düşüncələrini düzgün şəkildə analiz edərək, öz reaksiya və hərəkətlərini idarə etmək qabiliyyətinə sahib olurlar və nəticə etibarilə düzgün qərar verə bilirlər. Çünki bu qabiliyyətin yaxşı inkişaf etdiyi insanlar emosiyalara tabe olmurlar. Gərgin vəziyyətdə və empatiya nəticəsində digər insanların hiss və istəklərini anlama qabiliyyəti yüksək olduğundan, onlar yaranan vəziyyətdən emosional zəka ilə düzgün çıxa bilirlər. Deməli, emosional zəka ilə bizə istər karyera, istərsə də şəxsi həyatımızda emosiyaları nəzarətdə saxlamaq, özünəinam, motivasiya, özünü dərk etmək, sosial həssaslıq - bütün bu bacarıqların həyatda, karyera və digər fəaliyyət sahələrində uğur qazanmaq şansı daha yüksək olur.

Empatiya emosional zəkanın çox vacib hissəsidir. Bu, təkcə şəxsi münasibətlərdə deyil, həm də işdə lazım olan bacarıqdır. Başqalarını başa düşməyə çalışdıqda, onlar hörmət sahibi və dəyərli olduqlarını hiss edib qarşılıq verəcəklər.

Kimlə ünsiyyət qurmağınızın əhəmiyyəti yoxdur: dostlar, həmkarlar, müdirlər, müştərilər - hər yerdə şəxsi əlaqə vacibdir. Proqramçılar belə,  həyatının çox hissəsini onlayn keçirsə də, bəzən real həyatda ünsiyyət qurmalı olurlar: supermarketdə kassirlə, taksi sürücüsü ilə. Heç kimə sirr deyil ki, diqqətli və nəzakətli olsanız, hətta restoranda ofisiant da sizə daha yaxşı xidmət göstərəcək. İnsanlarla ünsiyyət qurmaq bacarığı sayəsində empatlar şəxsi və sosial həyatlarında, karyera yüksəlişlərində böyük nailiyyətlər əldə edə bilirlər.

“Təcrübədə emosional intellekt” kitabının müəllifi Castin Bariso EQ inkişaf etmək üçün 13 meyar müəyyən edir. Onlardan bəziləri: hisslərin və emosiyaların fərqində olmaq, danışmazdan və ya hərəkət etməzdən əvvəl fasilə vermək, düşüncələrə və duyğulara reaksiyanı idarə etmək, tənqiddən nəyisə yaxşılaşdırmaq üçün fürsət kimi istifadə etmək, dəyərlərə və prinsiplərə sadiq qalmaq, təsəlli qabiliyyətinə malik olmaq, başqalarını dəyərləndirmək və ruhlandırmaq, üzr istəməyi bacarmaq və səhvləri etiraf etmək, öhdəlikləri yerinə yetirmək, başqalarına kömək etmək.

Mütəxəssislər emosional zəkanı inkişaf etdirmək üçün bədii ədəbiyyat oxumağı tövsiyə edirlər. Tədqiqatlar göstərir ki, bu, özümüzü başqalarının yerinə qoymağı, onların hisslərinə diqqət etməyi və empati qurmağı öyrənməyə kömək edə bilər. Sosial məkanlarda olmaq, insanlarla ünsiyyət qurmaq insanlarla münasibətdə təcrübə qazandıracaq.

 

Günel RAFAYILQIZI

 

ETİKETLƏR: