Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Anam 1976-1977-ci il tarixlərində Quba rayon mədəniyyət evi nəzdindəki birillik biçib-tikmə kursunda əyani peşə təhsili almışdır. Təhsil aldığı həmin birillik müddət əmək pensiyası təyini üçün sığorta stajına daxil edilirmi?

.

15.11.2023 17:18
7
A+
A-

Anam 1976-1977-ci il tarixlərində Quba rayon mədəniyyət evi nəzdindəki birillik biçib-tikmə kursunda əyani peşə təhsili almışdır. Təhsil aldığı həmin birillik müddət əmək pensiyası təyini üçün sığorta stajına daxil edilirmi?

 

Elmar RƏHİMLİ,

Quba şəhəri.

 

- 2006-cı ilə kimi vətəndaşların pensiya təminatı haqqında başqa bir qanun mövcud idi. Həmin qanuna əsasən, şəxsin əyani təhsil müddəti pensiya hüququ qazanan zaman staj kimi qəbul edilirdi. 2006-cı ildən “Əmək pensiyaları haqqında” qanun qüvvəyə mindi və qanunun 21-ci maddəsində sığorta stajına daxil olan iş və ya digər fəaliyyət müddəti kimi əyani təhsil müddəti göstərilmədi.

Son vaxtlar əyani təhsil müddətinin əmək pensiyası stajına daxil edilməsi vətəndaşlar tərəfindən ən çox müraciət edilən məsələ olduğunu nəzərə alaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşların pensiya təminatına dəstək olmaq üçün bir yenilik etdi. Belə ki, 2020-ci ildə nazirliyin kollegiyası əyani təhsil müddətinin yenidən sığorta stajına daxil edilməsi haqqında qərar qəbul etdi. Ananız əyani peşə təhsili alması haqqında birillik sənədi də təqdim etməklə müvafiq quruma müraciət edə bilər.

 

Etibar edilmiş şəxs tərəfindən hər hansı bir hərəkətin başqasına etibar edilməsi mümkündürmü?

    

Ramiz AĞAYEV, Beyləqan rayonu.

 

- Mülki Məcəllənin 363.3-cü maddəsinə əsasən, etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda, həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər.

Mülki qanunvericiliyin tələblərinə görə,səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur.

Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz.

 

Mediatorun fəaliyyəti nə vaxt dayandırılır?

 

Fətəli SƏMƏDOV,

Bərdə rayonu.

 

- “Mediasiya haqqında” qanunun 17-ci maddəsində mediator fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması və ya mediatorun Mediasiya Şurasının üzvlüyündən çıxarılması məsələsi göstərilmişdir. Belə ki, mediator fəaliyyətini həyata keçirmək hüququ aşağıdakı hallarda dayandırılır:

- öz arzusu ilə müvafiq ərizə təqdim etdikdə;

- həmin qanunla müəyyən olunan vəzifələrin pozulması hallarının aradan qaldırılmasına dair Mediasiya Şurasının qərarını yerinə yetirmədikdə (pozuntunun aradan qaldırılması üçün zəruri olan müddət nəzərə alınmaqla);

- intizam məsuliyyəti tətbiq edilərək 1 aydan 6 ayadək müddətə intizam məsuliyyəti tətbiq edilərək mediasiya fəaliyyətinin həyata keçirilməsi hüququnun dayandırılması.

 

Yaşı 18-dən az olan işçilər  gecə işlərinə cəlb edilə bilərmi? Belə işçilərə qısaldılmış iş vaxtı müəyyən edilməsi və attestasiya olunmaları haqqında məlumat verilməsini xahiş edirəm.

 

Vəli MƏMMƏDOV,  Bakı şəhəri.

 

- Qanunvericiliklə yaşı 18-dən az olan işçilərin gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, ezamiyyətə göndərilməsinə qadağa qoyulmuşdur (maddə 254). ƏM-in 97-ci maddəsi ilə axşam saat 22-dən səhər saat 6-dək gecə vaxtı sayılır. Məcəllənin 98-ci maddəsində isə gecə vaxtı işlərinə cəlb edilməsinə yol verilməyən işçilərin kimlər olması göstərilmişdir. Yaşı 18-dən az olan işçilər də bu siyahıya salınmışdır. Həm də qeyd edək ki, yaşı 18-dən az olan işçilər üçün gecə vaxtı axşam saat 20-dən səhər saat 7-dək hesab olunur.

Göründüyü kimi, gecə vaxtının özü də belə işçilər üçün fərqli müəyyənləşdirilmişdir. Bu isə, şübhəsiz ki, gənc işçilərin sağlamlığının mühafizəsinə yönəldilmişdir.

Yaşı 18-dən az olan işçilərə verilmiş güzəştlərdən biri də onların attestasiyadan keçirilməsinə yol verilməməsidir. Çünki attestasiya işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq üçün keçirilir. Qanunvericilik əmək, peşə vərdişlərinin, əmək stajının az olması və fizioloji vəziyyətləri ilə bağlı olan amilləri nəzərə alaraq ƏM-in 66-cı maddəsində attestasiya olunmayan işçilərin siyahısını vermişdir ki, yaşı 18-dən az olan işçilər də bu qəbildəndir.

Əmək Məcəlləsinin 91-ci maddəsinə uyğun olaraq qısaldılmış iş vaxtı işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər halları nəzərə alınaraq ƏM-ə və digər normativ-hüquqi aktlara əsasən tətbiq edilə bilər. Qısaldılmış iş vaxtı həm də əmək müqaviləsinin, kollektiv müqavilələrin şərtləri ilə müəyyən edilə bilər. Öz razılıqları ilə olsa da belə, işəgötürən yaşı 18-dən az olan işçini tam iş vaxtı ilə işlədə bilməz.

Yaşı 18-dən az olan şəxslərin də yaşı və fizioloji xüsusiyyətləri nəzərə alınaraq onlar üçün qısaldılmış iş vaxtı müəyyən edilmişdir. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün isə 36 saatdan artıq ola bilməz.

Lakin yaşı 18-dən az olan işçinin əməkhaqları qısaldılmış iş vaxtında işlədikləri üçün normal iş vaxtı ilə (həftədə 40 saat) qısaldılmış iş vaxtı arasında olan vaxt fərqinə görə azaldıla bilməz.

ETİKETLƏR: