Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Minimum əməkhaqqının vergidən azad edilməsi realdır, yoxsa...

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov minimum əməkhaqqının vergidən azad edilməsi təşəbbüsü ilə çıxış edib.

11.01.2024 15:07
137
A+
A-

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov minimum əməkhaqqının vergidən azad edilməsi təşəbbüsü ilə çıxış edib. O, bu addımın atılmasının dövlət sektorunda çalışan yüz minlərlə işçinin sosial vəziyyətinə müsbət töhfə verəcəyini bildirib. Xüsusilə də aylıq maaşı minimum əməkhaqqı səviyyəsində olan xeyli işçinin sosial mənafeyi baxımından bu təşəbbüsün faydası böyük ola bilərdi.
Qeyd edək ki, hazırda Vahid Tarif Cədvəli (VTC) ilə dövlət sektorunda çalışan 200 mindən artıq vətəndaşın aylıq məvacibi təxminən minimum əməkhaqqı, yəni 345 manata bərabərdir. Onların əməkhaqqından tutulan aylıq gəlir vergisinin məbləği 20 manatdan çoxdur. Belə ki, 200 manat vergi tutulmayan məbləğ çıxıldıqdan sonra (345-200 = 145 *14) onların əməkhaqqısının 145 manatı 14 faiz dərəcə ilə vergiyə cəlb edilir ki, bu da 20,3 manat edir. Bundan başqa, dövlət sektorunda və neft-qaz sahəsində çalışan işçilərin əməkhaqqından digər sosial vergilər (məcburi dövlət sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqqı) tutulur ki, onları da nəzərə aldıqda minimum aylıq maaşından çıxılan cəmi vergilər artır. Belə ki, onların maaşından 3 faiz sosial sığorta, 0,5 faiz işsizlikdən sığorta və 2 faiz icbari tibbi sığorta haqqı da tutulur ki, bütün ödənişlərin netto məbləği 40 manata çatır. Xatırladaq ki, bu vergi hesablama düsturu dövlət və neft sektorunda çalışan işçilərin minimum əməkhaqqından tutulmalara aiddir.
Qeyri-neft və qeyri-dövlət sektorunda çalışan və aylıq maaşı minimum əməkhaqqı həddində olan işçilərin isə vergi öhdəliyi bir qədər fərqlidir. Belə ki, 2019-cu il yanvarın 1-dən qüvvəyə minən vergi qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8.000 manatadək olduqda vergi sıfır faiz, 8.000 manatdan çox olduqda 8.000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir. Yəni qeyri-dövlət sektorunda çalışanların minimum əməkhaqqına bərabər olan aylıq maaşından 14 faiz gəlir vergisi tutulmur. 345 manatın 200 manatlıq hissəsindən 3 faiz və ya 6 manat, 145 manatdan 10 faiz sosial vergi (14,5 manat ) tutulur. Bura 0,5 faiz işsizlikdən sığorta haqqı (1,72 manat), 2 faiz icbari tibbi sığorta haqqı (6,9 manat) əlavə etsək, cəmi netto vergilərin məbləği 29,12 AZN təşkil edir. Yəni minimum əməkhaqqından işçiyə çatan təmiz məbləğ 315,88 AZN edir.
Beləliklə, həm dövlət, həm də özəl sektorda minimum əməkhaqqı ilə çalışan vətəndaşlarımızın aylıq məvaciblərinin bir hissəsi vergi və sosial öhdəliklərə yönəldiyindən onlar gəlirlərinin təxminən 10-12 faizini itirirlər.
Qeyd edək ki, belə bir sosial güzəşt mexanizmi əksər ölkələrdə mövcuddur. Avropa və Asiya ölkələrinin bir qismində minimum əməkhaqqı ya tamamilə gəlir vergisindən azaddır, yaxud da onların maaşlarından hesablanan vergi və sosial tutulmalar digər yuxarı maaş alanlara nisbətən 2 dəfə aşağıdır. Məsələn, Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) əhalinin aztəminatlı hissəsi, o cümlədən minimum əməkhaqqı alanlar vergi və sosial ödəmələrdən azaddır. Bu ölkədə gəlir vergisi anlayışı, ümumiyyətlə, yoxdur, biznes sektoru isə yalnız mənfəət vergisi ödəyir. Qətərdə vətəndaşlar gəlir vergisi ödəmir, əməkhaqqı yüksək olan kateqoriya yalnız sosial sığorta ödənişləri və dolayı vergilər ödəyir. Yaxın Şərqin daha bir ölkəsi - Oman sultanlığında da vətəndaşlar gəlir vergisindən azaddır, onlar öz əməkhaqlarından 6,5 faiz aylıq sosial sığorta ödənişləri ödəyirlər. Küveytdə də sakinlərə gəlir vergisi güzəştləri edilib, bu ölkədə maaşlardan yalnız sosial sığorta ödənişləri tutulur. Bundan başqa, Kayman adaları, Bəhreyn, Bermud və Baham adaları, Monako knyazlığında, eləcə də Avropanın bir neçə cırtdan ölkəsində əməkhaqqından gəlir vergisi tutulması yoxdur.
Ona görə də müəyyən bir dövr üzrə Azərbaycanda da minimum əməkhaqqından gəlir vergisinin tutulmasını dondurmaq mümkündür. Belə bir mexanizm hökumətin sosial paketlər icra etdiyi zaman 600 min nəfərin gəlirinin əhəmiyyətli dərəcədə artmasına imkan verə bilər.
Minimum əməkhaqqının vergilərdən azad edilməsinin gəlir vergisi üzrə yığımlara və dövlət büdcəsinə təsirlərinə gəlincə, dövlət bu vergi güzəştindən böyük məbləğdə pul itirə bilməz. Onsuz da minimum əməkhaqqından tutulan verginin məbləği ümumi gəlir vergisi yığımlarında o qədər də yüksək deyil. Məsələn, 2024-cü ilin vergi  proqnozunda əməkhaqqından tutulan gəlirlərin məbləği təxminən 1,5 milyard manatdır. Belə ki, 2024-cü ildə büdcədə fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 1 milyard 895 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 195 milyon manat çoxdur. Həmin vəsaitin 84 faizi və ya 1 milyard 593,5 milyon manatı muzdlu işlə əlaqədar gəlir vergisinin payına düşür. Muzdlu işlə əlaqədar yığılan gəlir vergisinin 80 faizindən çoxu isə minimum əməkhaqqından yuxarı məbləğdə olan maaşlardan tutulan vergidən yığılır. Bu o dem
əkdir ki, minimum əməkhaqqından tutulan verginin həcmi 200 milyon manatdan da azdır.

Elbrus CƏFƏROV

ETİKETLƏR: