Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Elektron resept vətəndaşların tibbi məlumatlara əlçatanlığını təmin edəcəkmi?

Yəni artıq elektron reseptə keçəndə həkimlər dərmanı adı ilə deyil, tərkibə görə yazacaqlar.

24.01.2024 11:49
106
A+
A-

Rəqəmsal resept (Elektron resept) sistemi Azərbaycanda mövcud olan dövlət və özəl tibb müəssisələrində vətəndaşlara yazılan reseptlərin elektron şəkildə qeydiyyatı və idarə olunması funksiyasını daşıyır.

Bunu Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” hesabında Səhiyyənin İnformasiyalaşdırması Mərkəzinin Elektron səhiyyə standartlarının və təsnifatlarının nəşriyyatı şöbəsinin müdiri Kəbutər Mövsümlü deyib.

Onun sözlərinə görə, eyni zamanda e-resept vətəndaşların tibbi məlumatlarına əlçatanlığını, tibb mütəxəssislərinin daha effektiv xidmət göstərməsini təmin edir:

“Elektron Resept Sistemi həkim, pasiyent və əczaçılar üçün vahid bir platforma üzərindən reseptlərin idarə olunmasını təmin edəcək. Belə ki, elektron resept kağız dövriyyəsini aradan qaldıracaq, həkimlər vətəndaşlara onlayn və sürətli şəkildə xidmət göstərəcək. Eyni zamanda elektron resept əvvəllər təyin edilmiş dərmanların tarixini görməyə, dərmanlar arasında arzuolunmaz  uyğunluğun qarşısını almağa, dəqiq dozaları göstərməyə, habelə Xəstəliklərin Beynəlxalq Təsnifatına əsaslanan diaqnozlara uyğunlaşmağa imkan verəcək”.

K.Mövsümlü həmçinin bildirib ki, Elektron Resept Sisteminin tətbiqi yuxarıda qeyd olunan üstünlüklərlə yanaşı, bütün sektorun şəffaflığının artırılması nəticəsində əlavə iqtisadi effekt yaradacaq: “Bu sistemin tətbiqi ilə dərman satışı sahəsində tarnzaksiyalara nəzarətin real mexanizmi yaranacaq”.

Milli  Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva isə dedi ki, yanvarın 1-dən Elektron Resept Sistemi fəaliyyətə başlayıb. Və getdikcə daha böyük vüsət alacaq. Bu reseptin fəaliyyətə başlaması həm həkimlər üçün, həm də vətəndaşlarımız üçün olduqca müsbət addımdır. E-resept sisteminin xüsusilə vətəndaşlar üçün  bir sıra üstünlükləri var. Belə ki,  ölkəyə qeyri-qanuni yolla keyfiyyətsiz dərmanlar daxil olurdu, artıq bu, mümkün olmayacaq.

Millət vəkili onu da qeyd etdi ki,  insanlar arasında “firma dərmanları” deyilən  deyim var ki, həkim firma dərmanları yazır, vətəndaşlar da məhz həkimin məsləhət bildiyi aptekə yollanırlar. Bu kimi halların da qarşısı alınacaq. Yəni artıq elektron reseptə keçəndə həkimlər dərmanı adı ilə deyil, tərkibə görə yazacaqlar. Müxtəlif dövlətlər eyni tərkibə malik olan dərmanları müxtəlif adlarla istehsal edirlər. Vətəndaşlarımız da həkim ona hansısa adla dərman yazdıqda aptekə yaxınlaşır və bu dərman olmayanda narahat olurdular. Amma əslində dərmanlar tərkibə görə yazılarsa, bu narahatçılıq da aradan qalxar.

K.Əliyeva  bütün bunları nəzərə aldıqda, vətəndaşların bu sistemə keçiddən razı qalacaqlarını vurğuladı.

                       

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: