Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Nə üçün getdikcə idxaldan daha çox asılı vəziyyətə düşürük?

quzu ətinin bir kiloqramı 20 manata təklif edilir

24.01.2024 12:03
108
A+
A-

Son günlərdə ölkədə ətin yenidən bahalaşması ilə bağlı həm sosial platformalarda, həm də ictimaiyyət arasında müzakirələr gedir. Belə ki,  Bakı və rayonlarda ətin qiymətində ən azı 3-4 manat artıma rast gəlinir. Və artıq quzu ətinin bir kiloqramı 20 manata təklif edilir.

Kənd təsərrüfatı eksperti, iqtisadçı Akif Nəsirli bildirdi ki, ölkədə ət məmulatları bayram ərəfəsindən bahalaşmağa başlayıb və hesab edirəm, hələ bir müddət qiymətlər belə də qalacaq. Ekspert indiki məqamda ət məhsullarının qiymətində azalmanın gözlənilmədiyini söylədi: “Bazarda bolluq yaratmaqla qiymətləri sabitləşdirmək olar. Lakin bu da təkcə idxal hesabına mümkün deyil. Çünki idxal olunan heyvanın qiyməti ucuz başa gəlsə də, daxildə müəyyən proseslər səbəbindən bahalaşır. Digər tərəfdən, idxal əti bazara çıxarılmır. İdxal ətdən əsasən çoxsaylı şəxsi heyəti olan müəssisələrdə istifadə edilir. Bu baxımdan hesab edirəm ki, işğaldan azad olunmuş ərazilərdə heyvandarlıq sürətlə inkişaf etdirilməlidir. Çünki o ərazilər heyvandarlıq üçün çox əlverişlidir. Hətta sovet dönəmində də Azərbaycanın heyvandarlıq təsərrüfatının 80-90%-i həmin ərazilərdə idi.

İqtisadçı Natiq Cəfərli isə dedi ki, məmləkətimizdə tarixən heyvandarlıq, qoyunçuluq ənənəsi olub, insanımız bu işi bacarıb. Bəs nə səbəbə son illər bu sahədə ciddi problemlər yaranıb? Nə üçün getdikcə idxaldan daha çox asılı vəziyyətə düşürük?

Elə öz suallarını özü də cavablandıran iqtisadçı qeyd etdi ki, bu sahədə köklü dəyişikliklər edib, məntiqli siyasət yürütmək lazımdır. Azərbaycanda texniki bitkilərin əkini sürətləndikcə, əsasən də pambıqçılıq artdıqca örüş yerlərində yem bazasının azalmasının şahidi olduq. Torpaq sahələrində yem bazasının azalması maldarlıqda problemlər yaratdı və yemin qiymətlərinin artmasına səbəb oldu. Bu tendensiya bir neçə ildir davam edir. Nəticə etibarilə yerli məhsul istehsalı ehtiyacları tam ödəmirdi. Biz daha çox Gürcüstandan iri və xırda buynuzlu mal-qara alırdıq. Xaricdən alındığı üçün hər il təqribən 50-60 milyon dollar elə tək buna xərclənir. Baxın, 2022-ci ildə ölkəmizə 194 min 562 baş diri qoyun idxal olunub, bunun 90,4%-i Gürcüstandan ölkəmizə gətirilib. 2023-cü ilin ilk 10 ayında isə artıq məmləkətə 312 min 933 baş diri qoyun idxal olunub, yəni 10 aya 2022-ci ildən az qala 2 dəfə çox idxal olub ki, bunun da 214 min 191 baş diri qoyun Gürcüstandan gətirilib: “Gürcüstanda bu işlə məşğul olanlar əsasən soydaşlarımızdır, Gürcüstan türkləridir, tək bizə yox, Türkiyəyə də böyük həcmdə ət ixrac edirlər. Yaxşı, eyni candan-qandan olan soydaşlarımız nədən Gürcüstanda ciddi uğur qazanıb qoyunçuluğu, maldarlığı inkişaf etdirə bilirlər, Azərbaycanda isə yox?! Çünki ciddi sistem fərqi var, Gürcüstanda kiçik-mikro sahibkarlar 1% vergi verir, bizdə 20% tələb edirlər, Gürcüstanda aqrar sektorla tək hökumət deyil, seçilmiş yerli özünüidarə institutları, bələdiyyələr, mer institutları məşğul olur. Gürcüstanda aqrar sektora, bölgələrdə fermerlərə verilən kredit faizləri Tbilisidən 30-40% aşağıdır, bəzi proqramlara görə, faizsizdir, bizdə isə regionlarda kredit faizləri Bakıdan 2 dəfə artıqdır”.

 

Əsli TELMANQIZI

 

ETİKETLƏR: