Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Vacib missiyamızın həyata keçirilməsi üçün,

bir fürsət hesab edirik

14.02.2024 11:29
97
A+
A-

İlk baxışdan milli, dini, peşə bayramlarını, eləcə də beynəlxalq, respublika səviyyəli əlamətdar günləri qeyd etmək həmkarlar ittifaqlarının ənənəvi, başqa sözlə, sıravi işlərindən sayılır. Biz bu bayram və əlamətdar günləri keçirməyi sıravi işimizdən daha çox, daha vacib missiyamızın həyata keçirilməsi üçün, necə deyərlər, bir fürsət hesab edirik. Məsələn, qanlı          20 Yanvar, 26 Fevral Xocalı faciələri,     27 Sentyabr - Anım Günü münasibətilə təşkil olunan yığıncaqlar, şəhidlərimizin ailələrinin, məzarlarının ziyarəti zamanı gənc nəslin dövlətçiliyimizə, Vətənə məhəbbət hisslərini gücləndirməyə xüsusi diqqət yetiririk. Mühazirələrin, çıxışların, söhbətlərin əsasında bir məqsəd durur: faciələrə bir daha məruz qalmamaq üçün qüdrətli dövlətə sahib olmalıyıq. Qüdrətli dövlət qurmaq isə Xalqın, Vətənin namusu naminə bir yumruq ətrafında birləşmək hesabına mümkün olur. Buna ən yaxşı nümunə 9 May faşizm üzərində qələbə, 8 Noyabr faşizm ənənələrinin davamçısı erməni işğalçılarının üzərində çalınan Zəfər günlərinin geniş miqyasda, yaddaqalan formalarda keçirilməsidir. Bu qələbələrin müəllifi, icraçısı olan Milli Ordumuzun yaranması günü münasibətilə təsis olunmuş “Silahlı Qüvvələr Günü” xüsusi təntənə ilə qeyd edilir. Ötən il iyun ayının 25-də Mingəçevir şəhərində təşkil edilmiş Silahlı Qüvvələr Gününə “Mingəçevir REŞ” MMC, “Enerjiservis” MMC, “Mingəçevir SESS” MMC, “Hərbiləşmiş Mühafizə Dəstəsi” MMC və “Azərbaycan İES” MMC-də çalışan şəhid ailələri, qaziləri, müharibə veteranları da dəvət olunmuşdu.

Tədbir bayram süfrəsi ilə yekunlaşmışdı.

Biz vətənpərvərlik tərbiyəsinin millilik təməli üzərində daha möhkəm, uzunömürlü olduğunu nəzərə alaraq, tariximizin dərin qatlarından gəlmiş humanist, xeyirxahlıq kimi insani keyfiyyətlərin məcmusuna çevrilmiş bayramları da böyük həvəslə yaşadırıq. Novruz, Qurban, Ramazan bayramları bu baxımdan xüsusi yer tutur.

Qadına hörmət ulu babalarımızdan, dinimizdən gələn xarakterik keyfiyyətimizdir. Ona görə də 8 Mart Beynəlxalq Qadınlar Günündə hər bir üzv təşkilatımızda tədbirlər keçirilir, işçi xanımlar xoş sözlərlə, hədiyyələrlə təbrik olunur.

İşçilərin sağlamlığı, istirahəti də həmkarlar ittifaqının diqqətindən kənarda qalmır. Ötən il iyun-avqust ayları ərzində işçilərimizin Azərbaycanın səfalı guşələrinə gəzintiləri, tarixi yerlərə ekskursiyaları təşkil edilmişdir. “Enerjisistem” üzrə 110 marşrutla 2976 nəfər işçi ailə üzvləri ilə birlikdə istirahət hüququndan bəhrələnmişdir.

İyul-oktyabr aylarında “Azərenerji” ASC üzrə “Heydər Əliyev İli”nə həsr edilmiş “İntellekt bilik yarışı” təşkil edilmişdir. Mərhələ-mərhələ müəssisələr arasında keçirilən bu yarışlar savadlı, hərtərəfli dünyagörüşlü və perspektivli gəncləri aşkar etməklə yanaşı, eyni zamanda müəssisələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin yaradılmasına xidmət edir. Qaliblər pul, Fəxri Fərman və kubok ilə mükafatlandırılıb.

Sentyabr- oktyabr aylarını əhatə edən “Bir işıq da sən yandır” fotomüsabiqəsinin keçirilməsi energetiklərin 15X20 ölçüdə təqdim etdikləri fotoşəkillərində enerjisistemin keçmişi, bu günü, gələcəyi, elektrik enerjisinin həyatımızdakı rolu və yaratdığı gözəlliklər öz əksini tapmışdır.

Qaliblər mükafatlandırılmışlar.

 

Şöhrət MUSTAFAYEV,

Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri HİRK-in

Təşkilat şöbəsinin müdiri

ETİKETLƏR: