Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Əmlak üzərində iqtisadi əməliyyatların aparılması işi optimallaşdırılır

.

21.02.2024 22:31
7
A+
A-

Daşınmaz əmlakın qeydiyyatı sahəsində yeni innovativ xidmətin tətbiqinə başlanılıb. Belə ki, 1 fevral 2024-cü il tarixindən texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədləri elektron qaydada hazırlanır. Bu yeniliyin vətəndaşlarımız üçün faydalarını araşdırdıq.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vətəndaş məmnunluğunun yüksəldilməsi, daşınmaz əmlakın qeydiyyatı sisteminin təkmilləşdirilməsi və xidmət prosedurlarının sadələşdirilməsi məqsədilə yeniliklərin tətbiqini davam etdirir. Belə ki, əvəllər kağız daşıyıcıda verilən texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədləri 1 fevral 2024-cü il tarixindən etibarən elektron qaydada təqdim olunur.

Həmin sənədlərin elektron imza ilə təsdiqlənmiş elektron nüsxəsi SMS bildirişi vasitəsilə müraciət edən şəxslərə göndərilir. Vətəndaşlar həmçinin SMS bildirişi vasitəsilə göndərilən linkə daxil olmaqla, “Xəritədə bax” düyməsini sıxaraq daşınmaz əmlakın ünvanını da onlayn şəkildə müəyyənləşdirə bilərlər.

Çıxarışların elektron qaydada verilməsindən sonra texniki pasport və torpaq sahələrinin plan və ölçü sənədlərinin də elektronlaşdırılması nəticəsində hazır sənədlərin əldə edilməsi üçün xidmət məntəqələrinə gəlmək zərurəti tamamilə aradan qaldırılıb. Bu da vətəndaşlara vaxta qənaət etmək imkanı yaradır.

Bu yenilik ilk növbədə daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirir, əmlakın qeydiyyatını daha da sadələşdirməklə operativliyi və şəffaflığı daha da artırır. Texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədlərinin elektron müstəviyə keçilməsi aidiyyəti sorğuların cavablandırılması, əmlak üzərində iqtisadi əməliyyatların aparılması işini optimallaşdırır.

Bununla yanaşı, kağız formada olan texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədlərinin itirilməsi, yararsız hala düşməsi ilə bağlı problemlər, eləcə də sənədlərin saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halları tamamilə aradan qaldırılır.

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı isə dedi ki, elektronlaşma, rəqəmsallaşma, təbii ki, bütün istiqamətlərdə yalnız irəliyə doğru atılan addımdır. Dünya hazırda bu istiqamətdə inkişaf edir. Azərbaycanda da əmlak məsələləri üzrə bu istiqamətdə bir sıra addımlar atılıb. 40-dan artıq elektron xidmət istifadəyə verilib. Amma, təəssüflər olsun ki, biz, hələ ki, ilkin qeydiyyatla bağlı bu məsələnin həll olunduğunu söyləyə bilmirik. Hazırda ilkin qeydiyyat sahəsində çox ciddi problemlər var. Həmçinin torpaq sahələri ilə bağlı müəyyən problemlərimiz var.

R.Osmanlı vurğuladı ki, Azərbaycanda torpaq sahələri ilə bağlı elektron xəritələr hazırlanır. Amma təəssüf hissi ilə qeyd etdi ki, bəzi hallarda torpaq sahələrinin dəqiq sərhədlərini, yerləşdiyi koordinatları müəyyən etməkdə problemlər yaranır. Bu da ondan irəli gəlir ki, Dövlət İslahat Komissiyası tərəfindən torpaq islahatı aparılan zaman müəyyən sürüşmələrə yol verilib. Hazırda isə o problemlərin aradan qaldırılması müəyyən zaman alacaq.

Lakin bütün hallarda “Daşınmaz əmlakın reyestr və kadastrı haqqında” qanunda bu məqamların təsbit oluması zənnimcə vacibdir. Çünki gələcəkdə bu addıma tam keçid etdikdə qanunvericilik bazamız olmalıdır. Amma hazırda hesab edirəm ki, müəyyən çətinliklərimiz olacaq. Yəni, konkret desək, torpaq sahələrinin xüsusilə ilkin qeydiyyat zamanı sərhədlərinin müəyyən olunması, onlarla bağlı elektron məlumat bazasının formalaşdırılması məsələlərində müəyyən problemlərlə üzləşə bilərik.

 

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: