Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qarabağa köç davam edir

məşğulluq isə zaman alan və mərhələli bir prosesdir

06.03.2024 12:29
40
A+
A-

Torpaqlarımız erməni işğalından azad edildikdən sonra qarşıda duran ən vacib məsələ həmin ərazilərin yenidən yaşayış üçün hazır vəziyyətə gətirilməsi və məskunlaşmanın təmin olunması idi. Artıq bu proses gedir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun dediyinə görə, Qarabağa və Şərqi Zəngəzura qayıdış intensiv şəkildə həyata keçirilir. Xüsusən 3 rayonumuzda - Füzuli, Laçın, Zəngilanda məskunlaşma daha sürətlə aparılır. Təkcə Füzuli şəhərinə son aylar 2 mindən artıq vətəndaşımız köçürülüb. Artıq bu ilin yazında Şuşa, Xocalı və bir neçə digər rayonlarımızda, gələn il isə Ağdam rayonunda kütləvi məskunlaşma olacaq.

Məskunlaşma prosesinin intensivləşməsi, təbii ki, məşğulluq məsələsini də gündəmə gətirir. Bu istiqamətdə də dövlət tərəfindən həm dövlət müəssisələrində iş yerlərinin yaradılması, həm də özəl sektorun cəlb edilməsi həyata keçirilir. Burada məqsəd daha çox sərmayənin cəlb edilməsi, daha çox iş yerlərinin yaradılmasına nail olmaqdır. Mən buna misallar da çəkə bilərəm. Bu ilin yanvarın 1-dən etibarən özəl sektorda investisiya qoyuluşu həyata keçirən şirkətlər 10 il müddətində, demək olar ki, bütün növ vergilərdən azaddır. Hətta onlar ödədikləri kommunal vergilərin 20 faizini kompensasiya kimi geri almaq hüququna malikdirlər.

Bundan başqa, həmin ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərin ilkin maddi-məişət şəraitinin dəstəklənməsi məqsədilə onlara birdəfəlik müavinət (600 manat) verilir. Qeyd olunan mütəxəssislərin aylıq vəzifə maaşlarına əlavələr hesablanması və onlara hər il 5 gün əlavə məzuniyyət verilməsi də nəzərdə tutulub. Eyni zamanda bu günədək həmin ərazilərə köçürülmüş şəxslərdən artıq 1300 nəfərinin məşğulluğu təmin edilib. Onlar əsasən tikinti-quraşdırma, istehsal, ictimai iaşə sahələrində işlə təmin olunublar. Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan vətəndaşlar üçün özünüməşğulluq proqramı üzrə yaradılan təsərrüfatların sayı isə artıq 36-ya çatıb.

Füzuli və Laçın şəhərlərində əmək yarmarkaları keçirilib. Bu yarmarkalarda 32 işəgötürən tərəfindən 354 vakansiya təqdim edilib.

Peşə hazırlığı ilə bağlı təşkil edilən treninqlərə gəlincə isə, onu da qeyd edim ki, bu gün Dövlət Məşğulluq Agentliyi tərəfindən əmək bazarının tələblərinə cavab verən 175 istiqamət üzrə peşə hazırlığı həyata keçirilir. Kursların təşkili zamanı isə işəgötürənlərlə əməkdaşlıq edilir. Onların kadrlara olan tələbatları öyrənilir və buna uyğun hazırlıq kursları təşkil edilir. Eləcə də işğaldan azad olunan ərazilərdə Agentlik tərəfindən əsasən kənd təsərrüfatı, tikinti, turizm, sənaye və s. sahələr üzrə peşə hazırlığı kurslarının təşkili həyata keçirilir.

Millət vəkili dedi ki, məşğulluq prosesi zaman alan və mərhələli bir prosesdir. Çünki burda istehlakçıların, yəni məskunlaşan vətəndaşlarımızın sayı da önəmlidir: “Ümumiyyətlə, daha çox vətəndaşımız məskunlaşdıqca, daha çox özəl sektorun marağının artmasını müşahidə edirik. Çünki ora gedən hər bir vətəndaşımız həm də həmin rayonlarda istehlakçıdır və bu da özəl sektorda tələb formalaşdırır.

Onu da qeyd edim ki, 2026-cı ilədək 150 minə yaxın vətəndaşımız Qarabağ və Şərqi Zəngəzurda məskunlaşacaq. Bu da kifayət qədər ciddi bir rəqəmdir. Bu kontekstdən, sözsüz ki, daha yeni layihələrin və xüsusən də məşğulluğa hesablanan proqramların həyata keçirilməsi öz prioritetliyini artıracaqdır”.

İqtisadçı-ekspert Natiq Cəfərli dedi ki, 2026-cı ilə qədər 150 minə, 2030-cu ilə qədər isə 250 minə yaxın insanın köçürülməsi nəzərdə tutulsa da, hələlik bu say iqtisadi canlanma yaratmaq üçün kifayət etmir: “Çünki ora köçürülən daha çox büdcə təşkilatlarında çalışanlar olacaq - müəllimlər, həkimlər, polis, dövlət şirkətləri və sairə. Yəni həm köçün, həm də iş yerlərinin paralel şəkildə həyata keçirilməsi üçün orda böyük müəssisələrin, xüsusən də emal müəssisələrinin açılmasına ehtiyac var”.

Aliyə SƏMƏDOVA

ETİKETLƏR: