Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Rəqəmsal Məcəllə ölkə iqtisadiyyatı üçün nə vəd edi

Rəqəmsal Məcəllənin hazırlanmasına ehtiyac nədən yaranıb?

15.03.2024 00:37
6
A+
A-

Azərbaycanda Rəqəmsal Məcəllə layihəsi hazırlanır və sənədin yaxın vaxtlarda qəbul ediləcəyi gözlənilir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (IRIA) müşaviri Şahin Əliyev bildirib ki, yeni Məcəllə ölkədə rəqəmsal sahədə hüquqi tənzimlənməni, müxtəlif inkişaf konsepsiyalarının idarə olunmasına nəzarəti, süni intellekt strategiyasının və “Elektron hökumət” infrastrukturlarının işinin koordinasiya olunmasını və digər qanunvericilik məsələlərini özündə əks etdirəcək. Bu baxımdan sənədin,beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, rəqəmsal inkişaf sahəsində beynəlxalq və ölkədaxili təcrübəyə əsaslanmaqla, rəqəmsallaşma və elektron hökumət üzrə beynəlxalq reytinqlərdə ilk 10-luqda olan ölkələrin təcrübəsinə və qanunvericiliyinə uyğun hazırlanması nəzərdə tutulur.
Rəqəmsal Məcəllənin hazırlanmasına ehtiyac nədən yaranıb?
Məlumdur ki, rəqəmsallaşma müasir dövrümüzün dinamik sürətlə inkişaf edən və bu və ya digər formada milli iqtisadiyyatlara və cəmiyyətlərə öz təsirini göstərən ayrılmaz prosesinə çevrilib. Son illər ərzində ölkəmizdə “Elektron hökumət”in formalaşması, dövlət orqanlarının informasiya sistemləri arasında xüsusi infrastruktur vasitəsilə informasiya mübadiləsinin aparılması, “Elektron hökumət”in fəaliyyəti üçün vacib əhəmiyyət kəsb edən dövlət informasiya sistemləri və ehtiyatlarının yaradılması istiqamətində mühüm işlər görülüb, müasir informasiya-kommunikasiya texnologiyalarının, telekommunikasiya qurğularının və innovasiyaların geniş tətbiqi nəticəsində qabaqcıl texnoloji infrastruktur qurulub. Həmin infrastrukturun bazasında iqtisadi inkişafın daha yeni tələbi olan “Rəqəmsal hökumət”ə keçidin sürətləndirilməsi üçün əlavə imkanlar səfərbər edilib. Çünki müasir inkişaf tələbləri rəqəmsal texnologiyaların tətbiqi və açıq məlumatlardan istifadə yolu ilə xidmətlərin göstərilməsini və dövlət idarəçiliyinin təkmilləşdirilməsini zəruri edir. “Rəqəmsal hökumət”in formalaşması isə rəqəmsal bilik, bacarıq və vərdişlərin artırıldığı, o cümlədən biznes proseslərinin avtomatlaşdırıldığı və rəqəmsal iqtisadiyyatın mövcud olduğu rəqəmsal cəmiyyət quruculuğundan keçir. Azərbaycan bu məqsədlərə çatmaq üçün rəqəmsal texnologiyalardan istifadə yolu ilə dövlət idarəçiliyində səmərəlilik və vahid yanaşma təmin edilməsini, dövlət idarəetməsinin və biznes proseslərinin rəqəmsallaşma ilə bu sahələrdəki pərakəndəliyin aradan qaldırılmasını, iqtisadi artıma və sahibkarlığın, eləcə də insan kapitalının inkişafına nail olunmasını başlıca hədəflər kimi müəyyən edib.
Qeyd edilən istiqamətlərdə ötən illər ərzində kifayət qədər uğur və nailiyyətlər də əldə olunub. Rəqəmsallaşma ilə bağlı qabaqcıl Avropa və Asiya şirkətləri ilə birgə əməkdaşlıq Azərbaycanın qlobal miqyasda rəqabət qabiliyyəti indeksləri üzrə mövqeyinin artmasında da mühüm rol oynayıb. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının “Transsərhəd kağızsız ticarət” indikatoru üzrə hər il açıqlanan beynəlxalq reytinqində Azərbaycanın mövqeyi MDB və region ölkələri arasında ən üst sırada yer alıb. Həmçinin Azərbaycan Dünya Bankının hazırladığı “GovTech Yetkinliyi İndeksi”nin (GovTech Maturity İndex - GTMI) 2023-cü il üzrə hesabatında yüksək nəticələr əldə edib. Belə ki, 198 ölkəni qiymətləndirən indeksdə Azərbaycan yüksək rəqəmsallaşma səviyyəsinə görə birinci pilləyə yüksəlib.
Azərbaycan hökuməti rəqəmsal hökumət, rəqəmsal iqtisadiyyat quruculuğuna daha geniş yer vermək, rəqəmsal transormasiyanı cəmiyyətin idarə olunmasının ən vacib sektoruna çevirməkdə qərarlıdır. Dövlət başçısının müvafiq sərəncamları ilə təsdiq edilimiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədlərində iqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyası istiqamətində ciddi tapşırıqları özündə ehtiva edən tədbirlər müəyyənləşibdir. Həmin tədbirlər planına əsasən, rəqəmsal infrastrukturların vahid mərkəzdə birləşdirilməsi, idarə olunması həlli vacib məsələ kimi dayanır. Bu isə rəqəmsal sektorda vahid hüquqi qanunvericiliyin tətbiqini tələb edir. Hazırda rəqəmsal sektorda hüquqi məsələlərin həllində, idarəetmədə meydana çıxan hüquqi problemlər mövcuddur ki, bunların nizamlanması üçün Məcəllənin qəbuluna ehtiyac duyulur.
Məcəllə rəqəmsal sahədə hansı dəyişikliklərə səbəb olacaq?
Hazırda rəqəmsal sektorda koordinasiyanı təmin edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, yerli innovasiya mühitinin formalaşması, ekosistemin möhkəmlənməsinə xidmət göstərməkdədir. Ancaq bir sıra hallarda qanunvericilik və hüquqla bağlı problemlər dövlət və özəl sektorun işinə maneə yaradır. Ona görə də rəqəmsallaşma sahəsində biznesin və dövlət orqanlarının üzləşdiyi hüquqi çətinliklərin aradan qaldırılması ilk növbədə rəqəmsal iqtisadiyyat üçün yeni imkanlar vəd edir, biznesin daha çevik reallaşdırılmasına və iqtisadi artımın sürətlə baş verməsinə şərait yaradır. Eləcə də bu prosesin cəmiyyət həyatına daha geniş nüfuz etməsi yeni iş yerlərinin açılması, həyat keyfiyyətinin yüksəldilməsi, məhsuldarlığın artırılması, şəffaflığın təmin edilməsi, eləcə də kiçik və orta sahibkarlığın inkişafına töhfə verilməsi ilə iqtisadiyyata müsbət təsir göstərir. Bu baxımdan Rəqəmsal Məcəllənin qəbul olunması ölkədə rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi, həmçinin müasir texnoloji sahələri dəstəkləyən rəqəmsal cəmiyyətin inkişafı sahəsində həyata keçirilən siyasətin daha da optimallaşmasına imkan yaradacaq.

 

Elbrus CƏFƏROV
 

 

 

 

ETİKETLƏR: