Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Dayanıqlı  turizmin prinsipləri:

kəmiyyət və keyfiyyət

15.05.2024 14:25
60
A+
A-

Ətraf mühit, iqlim məsələləri  ümumbəşəri mahiyyətlidir. Onların qorunması və hər bir sahədə yaşıl təfəkkürün daha çox hakim olması planetimiz - ümumi evimiz üçün zəruridir. Turizm sahəsində də dayanıqlı inkişaf bütün dünyada prioritet məsələlərdən biridir. Düzdür, hazırda turizmin inkişafı ölkəmizdə sürətlə gedir. Ancaq onun dayanıqlı inkişafını təmin etmək olduqca vacibdir.

Dünyanın ən dayanıqlı ölkələrinin siyahısına aşağıdakılar daxildir: İsveç, Finlandiya, Avstriya, Estoniya, Norveç, Slovakiya, Sloveniya, İslandiya, Latviya, İsveçrə, Fransa, Litva, Danimarka, Çexiya, Almaniya, Portuqaliya, Xorvatiya, Uruqvay, Rumıniya, Polşa.

Ölkələrin reytinqləri, ekoloji, sosial və iqtisadi davamlılıq da daxil olmaqla, müxtəlif amillərə əsaslanır.

Soruşa bilərsiz, dayanıqlı turizm dedikdə nə nəzərdə tutulur?

Bu, turizmin uzun müddət ərzində öz kəmiyyət və keyfiyyət göstəricilərini saxlamaq qabiliyyəti, yəni ətraf mühitə zərər vurmadan həm qısa, həm də uzunmüddətli perspektivdə sakinlərin və turistlərin gözləntilərini qarşılamaq deməkdir. Davamlı inkişafa əsaslanan mexanizmlərin inkişafı vacibdir, çünki turizmin inkişafı müvafiq regionların təbii mühiti, tarixi irsi və mədəni nümunələri ilə əlaqəli attraksiyalar və fəaliyyətlərlə bağlıdır. Bu ehtiyatlar deqradasiyaya uğrayıb məhv olarsa, gələcəkdə turizm bölgələri turistləri cəlb edə bilməyəcək və beləliklə, turizmin inkişafı qısamüddətli olacaq.

Hazırda əksər turizm destinasiyalarının uğurunun sirri ətraf mühitin təmizliyində, onun mühafizəsi üçün effektiv tədbirlərdə və yerli mədəniyyətin orijinallığındadır. Bu keyfiyyətlərə malik olmayan yerlərdə xidmətin səviyyəsi aşağı düşür, turistlərin sayı azalır. Müşahidələr göstərir ki, ətraf mühitin vəziyyətinin geriləməsi turizm sənayesinin inkişafına mənfi təsir göstərir.

Turizm sənayesi təbii ehtiyatlara birbaşa və dolayı təsir göstərir: ovçuluq və balıqçılıq zamanı heyvanların öldürülməsi, torpaq qatının deqradasiyası, suların və atmosferin çirklənməsi, meşələrin məhv edilməsi, iqlim dəyişikliyi, məişət tullantıları və təsərrüfat fəaliyyəti ilə yoluxucu xəstəliklərin yayılması və s.

Turizmin mənfi təsirlərini əksər inkişaf etməkdə olan ölkələr, xüsusən də turizm ehtiyatlarını bərpa etmək və turistlər tərəfindən yaranan məişət tullantılarını zərərsizləşdirmək üçün kifayət qədər texniki və maliyyə imkanlarına malik olmayan ölkələr hiss edir.

Sirr deyil ki, bu cür tullantıların həcmi çox vaxt turizm məkanı olan ölkənin əhalisinin gündəlik fəaliyyətində yaranan tullantıların həcmini üstələyir.

Məsələn, trekkinqin çox populyar olduğu Nepalda kəskin yanacaq qıtlığına baxmayaraq, hər turist gündə təxminən 6 kq. odun yandırır. Misirin paytaxtı Qahirədə böyük bir otel ildə 3600 kvt, orta gəlirli Misir ailəsi qədər, elektrik enerjisi istehlak edir. Karib dənizində dəniz məhsullarına olan turizm tələbi o qədər yüksəkdir ki, bu, omarların sayına təzyiqi artıran əsas amilə çevrilib.

Balinin çimərliklərindəki qum plastik torbalar, kokteyl çöpləri və s. kimi plastik tullantılar arasından, demək olar ki, görünmür. Sörfçülər suda üzən plastik tullantılardan yayınmalıdırlar. Orada çimərliklərdən hər gün 700-ə yaxın təmizlik işinə baxan insan 35 yük maşını ilə yüzlərlə ton tullantı çıxarır.

Tailandın bəzi kurortlarında havanın təhlükəli dərəcədə çirklənməsi istirahət yerinə marağın kəskin şəkildə azalmasına səbəb olub.

Hazırda səyahətçilər davamlılığa və ətraf mühitə sadiq olan istiqamətləri dəstəkləyirlər. Tailandın davamlı hava çirklənməsi hökumətin ətraf mühiti qorumaq üçün kifayət qədər iş görmədiyinin bir əlaməti olaraq qəbul edilə bilər, bu da ekoloji şüurlu turistləri tətil yerləri üçün başqa məkanlar axtarmağa sövq edir.

Dayanıqlı turizmdən söhbət gedirsə, yerli icmaların fərqli sosial-mədəni xüsusiyyətlərinə hörmətlə yanaşmaq, onlara xas yaradılmış və formalaşmış mədəni irsi və ənənəvi adətləri qoruyub saxlamaq, müxtəlif mədəniyyətlərin qarşılıqlı anlaşmasına və tolerantlığına töhfə vermək önəmlidir.

Bundan başqa, davamlı məşğulluq, gəlir yaratmaq imkanları və yoxsulluğun azaldılmasına töhfə daxil olmaqla, bütün maraqlı tərəflər üçün faydalarını nəzərə alaraq iqtisadi proseslərin canlılığını təmin etmək də dayanıqlı turizmin inkişaf strategiyalarının həyata keçirilməsi üçün əsas vəzifələrdəndir.

Bəs, görəsən, Azərbaycanda dayanıqlı turizmlə bağlı mövcud vəziyyət necədir? Turizmin mənfi təsirlərinin qarşısı alınırmı? Ölkəmizdə turizmin dayanıqlı inkişafı üçün hansı addımlar atılmalıdır?

Turizm eksperti Ceyhun Aşurov bildirdi ki, Azərbaycanda turizmin dayanıqlı xarakter alması məqsədilə bir çox tədbirlər həyata keçirilir, maarifləndirmə işləri aparılır. Turizm o zaman dayanıqlı olur ki, ətraf mühitə daha az zərər vurur, insanlara fayda verir və biznes üçün də faydalı olur. Bir turizm destinasiyası bu üçlüyə eyni zamanda nail olarsa, turizm dayanıqlı hesab edilir. Hazırda ölkəmiz təbiətin qorunması ilə bağlı bir çox layihələrə qoşulmuşdur.

C. Aşurov vurğuladı ki, COP29 tədbiri də Azərbaycanın aktual ekoloji problemləri həll etmək və davamlı həll yolları tapmağa dair digər ölkələrlə işləmək üçün böyük imkanları var. COP29 Azərbaycanda iqlim dəyişikliyinin azaldılmasına və yaşıl təcrübələrin təşviqinə yönəlmiş qlobal təşəbbüslərin təşviqində ölkənin fəal rolunu vurğulayır.

Təsadüfi deyil ki, aprelin 25-də ölkəmiz Dövlət Turizm Agentliyi təmsilçiliyi ilə Qlobal Dayanıqlı Turizm Şurasına da üzv seçilmişdir.

 

Günel RAFAYILQIZI

ETİKETLƏR: