Yoldaşım Hacıyev Cuma Hacı oğlu 1955-ci ildə anadan olub. Uzun müddət Tütün fermentləmə zavodunda, Yaşıllıq idarəsində bağban, uşaq yaradıcılıq mərkəzində Təsərrüfat hissə müdiri işləyib. 2016-cı ildə vəfat edib. Əmək pensiyası yaşına çatmamış vəfat etdı. Bilmək istərdim, onun adına yığıldığı kapital necə olur? Ailə üzvlərinə verilmirmi?
Balakən rayonu, Tarix muzeyi.
Yoldaşım Hacıyev Cuma Hacı oğlu 1955-ci ildə anadan olub. Uzun müddət Tütün fermentləmə zavodunda, Yaşıllıq idarəsində bağban, uşaq yaradıcılıq mərkəzində Təsərrüfat hissə müdiri işləyib. 2016-cı ildə vəfat edib. Əmək pensiyası yaşına çatmamış vəfat etdı. Bilmək istərdim, onun adına yığıldığı kapital necə olur? Ailə üzvlərinə verilmirmi?
Balakən rayonu, Tarix muzeyi.
- “Əmək pensiyaları haqqında” qanuna əsasən, ailə başçısını itirməyə görə pensiya vətəndaşlara ödənilən əmək pensiyasının bir növüdür.
Qanunvericilikdə vəfat etmiş şəxsin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvlərinin siyahısı göstərilmişdir. Aydındır ki, bu növ pensiya ölüm gününədək ailə başçısının (ölən şəxsin) adıçəkilən qanunda tələb edilən sığorta stajı olduqda təyin olunur.
Lakin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvlərinin bu növ pensiyanı ala bilmək hüququndan başqa, məktubunuzda qeyd etdiyiniz kimi, vəfat etmiş şəxsin Məcburi Dövlət Sosial Sığorta haqları hesabına topladığı pensiya kapitalının onun ailə üzvlərinə verilməsi barədə qanunvericilikdə heç bir müddəa yoxdur.
Kollektiv müqavilə neçə illik bağlanılır və hansı hallarda qüvvədən düşə bilər?
Şahin XƏLİLOV, Bakı şəhəri.
- Kollektiv müqavilə bir ildən üç ilədək müddətə bağlanıla bilər.
Kollektiv müqavilə imzalandığı və ya müqavilədə göstərilən gündən qüvvəyə minir. Müəyyən olunmuş müddət qurtardıqdan sonra kollektiv müqavilə, yenisi bağlananadək, lakin ən çoxu üç il müddətədək qüvvədə olur.
Müəssisənin mülkiyyətçisinin dəyişdiyi və ya müəssisə ləğv edildiyi hallardan başqa, müəssisədə təşkilati-struktur dəyişikliklərin edilməsi, işəgötürənlə əmək müqaviləsinə xitam verilməsi, eləcə də həmkarlar ittifaqları təşkilatının fəaliyyətinə xitam verilməsi və ya fəaliyyətinin dayandırılması kollektiv müqavilənin hüquqi qüvvəsinin itirilməsinə səbəb olmur.
Müəssisənin mülkiyyətçisi dəyişdikdə kollektiv müqavilə üç ay müddətində qüvvədə qalır. Bu müddət ərzində tərəflər yeni kollektiv müqavilə bağlamaq və ya əvvəlkini qüvvədə saxlamaq, ona əlavələr və dəyişikliklər edilməsi məqsədilə danışıqlara başlamalıdırlar.
Müəssisə qanunvericiliklə müəyyən olunmuş qaydada və şərtlərlə ləğv olunduğu halda və ya birləşmə, bölünmə və yaxud ayrılma formasında yenidən təşkil olunduğu, kollektiv müqavilə bütün ləğvetmə və ya yenidən təşkiletmə müddəti ərzində qüvvədə olur.
Kollektiv müqavilə müəssisənin bütün işçilərinə, o cümlədən kollektiv müqavilə qüvvəyə mindikdən sonra işə qəbul olunan şəxslərə şamil edilir.
Paylı mülkiyyətdə paylar hansı şəkildə bölünür?
Solmaz VERDİYEVA, Biləsuvar rayonu.
- Mülki Məcəllənin 214-cü maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər.
Paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. Paylı mülkiyyət mülkiyyətçilərinin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ümumi mülkiyyəti yaxşılaşdıran və ayrıla bilən əlavələr onları etmiş mülkiyyətçinin mülkiyyətinə daxil olur.