Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Valyuta bazarına nəzarət gücləndirilir  

Ölkədən valyutanı çıxarıb geri qaytarmayanlar barədə daha sərt ölçü götürüləcək

16.10.2024 12:23
17
A+
A-

Son dövrlərdə Azərbaycandan xaricə pul köçürmələrinin məbləğində artımlar qeydə alınmaqdadır. Belə ki, 2024-cü ilin ötən 7 ayı ərzində Azərbaycandan xaricə 343 milyon dollardan çox pul köçürülüb. Xaricdən ölkəmizə köçürülən vəsaitlərin həcminin azalmasına baxmayaraq, xaricə pul köçürmələri 34,7 faiz artıb. Xaricdən ölkəmizə köçürülən və ya geri qaytarılan vəsaitlərin həcmi isə 37 faiz azalıb. Yəni ixrac olunan malın pul dəyərindən təxminən 2 dəfə az valyuta geri qayıdıb. Halbuki qeyd edilən 7 ayda Azərbaycanın xarici ticarət dövriyyəsinin, o cümlədən ixracın həcmi artmayıb, əksinə, azalıb. Ötən illə müqayisədə ixrac 7 faizə yaxın aşağı düşüb.

Belə olan halda ölkədən ixrac olunan malın pul dəyərinin artması ciddi şübhələri meydana çıxarır. Çünki bu proses idxal-ixracla bağlı deyil və süni valyuta axını deməkdir. Sahibkarlar ixrac etdikləri malların satışından qazandıqları valyutanı 180 gün müddətinə geri qaytarılmasını təmin etmirlərsə, həmin fiziki və hüquqi şəxslər barədə müəyyən şübhələr meydana çıxarır, bu, kapitalın ölkədən çıxarılması anlamına gəlir.

Bu məsələ ötən həftənin sonunda İqtisadi Şuranın keçirilən iclasında müzakirə olunub və ölkəmizin iqtisadi hədəflərinə uyğun olmayan mövcud tendensiyanın qarşısının alınması barədə müvafiq orqanlara ciddi tapşırıqlar verilib. Belə ki, “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”, ixrac əməliyyatları zamanı əldə olunmuş vəsaitin qanunvericiliyə uyğun olaraq 180 gün ərzində ölkəyə gətirilməsinin vəziyyəti, ixrac edilən malların sektorlar və ölkələr üzrə təsnifatı, fiziki və hüquqi şəxslər üzrə ölkəyə qaytarılmayan valyuta vəsaitləri, xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ilə əlaqədar inzibati-cinayət məsuliyyəti tədbirləri barədə geniş müzakirələr aparılıb və səlahiyyətli qurumların bu istiqamətdə nəzarət tədbirlərini artırması tövsiyə olunub.

Qeyd edək ki, “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycandakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. İxrac olunan malların müqabilində əldə olunmuş vəsaitin Azərbaycana köçürülməsinə və gətirilməsinə nəzarət Mərkəzi Bank və Dövlət Gömrük Komitəsinə tapşırılıb. Hər iki qurum tərəfindən son bir ildə Azərbaycandan xaricə pul köçürmələri və ixracın dəyərinin ölkəyə tam qaytarılması üzrə aparılan nəzarət tədbirlərinə baxmayaraq, bəzi ixracatçıların mövcud qanun və qaydaları pozaraq valyutanı xaricdə saxlaması halları barədə faktlar aktlaşdırılıb və sərt tədbirlər görülüb. Dövlət Gömrük Komitəsi, Mərkəzi Bank və Respublika Prokurorluğu tərəfindən müvafiq araşdırmalar nəticəsində bir neçə sahibkar-ixtracatçı və idxalçı şirkət, fiziki və hüquqi şəxs barəsində qanunla müəyyən edilmiş cəza tədbirləri həyata keçirilib.

Həmin şirkətlərin nümayəndələri İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən, xarici valyutanın dəyərinin 30-50 faizinədək məbləğində cərimə olunub. Həmçinin gömrük orqanları bir müddət əvvəl Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovu xarici valyutanın ölkəyə gətirilməsi və çıxarılması qaydalarını pozduğuna görə cərimələyib. Eləcə də digər şirkətlər məhkəməyə verilərək barələrində müvafiq cinayət məsuliyyəti tədbiri müəyyən edilib. Onlar Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə ittiham olunaraq üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılıb. Həmin maddəyə əsasən, xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ölkəmizin valyuta sisteminin təhlükəsizliyinə təhdid yaradan ən təhlükəli cinayət əməlləri kimi qiymətləndirilir, ölkəmizin maddi sərvətlərinin xaricə axmasına zəmin yaradan hal hesab olunur.

Göründüyü kimi, xarici valyuta ilə bağlı qaydalara məhəl qoymayan şəxslər barəsində müvafiq sərt tədbirlərin görülməsinə baxmayaraq, bu sahədə hələ də pozuntular davam edir. Ona görə də yuxarıda qeyd edilən hallar hökuməti narahat edir, ələlxüsus da ixracın azaldığı və valyuta gəlirlərinin həcmində müəyyən enmələr baş verdiyi dövrlərdə ixracatçıların valyutanı xaricə daşıması və geri qaytarmaması daha ciddi nəzarət tədbirlərinin həyata keçirilməsini aktuallaşdırıb.

Azərbaycanın valyuta tənzimlənməsi ilə bağlı siyasətində başlıca məqsəd valyutanın ölkəyə daha çox gətirilməsi, daha doğrusu, ixracla məşğul olan biznes sahiblərinin həmin mal və xidmətlərdən qazandıqları pulları tam şəkildə ölkənin bank-maliyyə sisteminə ödənilməsindən ibarətdir. Ölkəyə daha çox valyuta gəlməsi daxili bazarda dollar və avro ilə bağlı narahatlıqları da aradan qaldırır, dollar bolluğu manata təzyiqi də azaldır. Ona görə də valyutanın ölkədən çıxarılması və ixrac dəyərinin geri ödənilməməsi ölkənin milli iqtisadi təhlükəsizliyinə də xələl gətirən hal hesab edilir. İqtisadi Şuranın iclasında bu məsələyə ayrıca diqqət yetirilməsi və daha qətiyyətli nəzarət tədbirlərin aparılması barədə verilən tapşırıqlar da təsdiq edir ki, valyuta təxribatlarına cəhd edənlər barədə çox ciddi ölçü götürüləcək.

 Elbrus CƏFƏROV

ETİKETLƏR: