Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri işçilərin attestasiyadan keçirilməsində iştirak edirlərmi?

Vəfa SƏMƏDOVA,  Bakı şəhəri.

16.10.2024 12:03
46
A+
A-

Həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri işçilərin attestasiyadan keçirilməsində iştirak edirlərmi?

Vəfa SƏMƏDOVA, Bakı şəhəri.

 

- İşçilərin attestasiyasının keçirilməsi Əmək Məcəlləsinin 65-67-ci maddələri və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları” ilə tənzimlənir.

Qanunvericiliyə görə, işçilərin attestasiyasının keçirilməsinə hazırlıq işlərində və attestasiya komissiyasında həmkarlar ittifaqı təşkilatlarının nümayəndəsinin iştirakı vacibdir. Belə ki, Qaydaların 2.1. bəndinə əsasən, attestasiyadan keçirilməzdən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən lazımi hazırlıq işləri görülməlidir.

Həmkarlar ittifaqı təşkilatları tərəfindən bu iş müəssisənin struktur təşkilatları ilə birlikdə təşkil edilir.

İşçilərin attestasiya Qaydalarının pozulması inzibati xəta sayılır və İnzibati Xətalar Məcəlləsinin 192.2. maddəsinə əsasən, işəgötürən tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi Qaydalarının pozulmasına görə yeddi yüz manatdan min iki yüz manatadək məbləğdə cərimə edilir.

Həmkarlar ittifaqı təşkilatlarının bu işdə iştirak etməməsi attestasiya Qaydalarının pozulmasına səbəb olan hallardan biridir.

 

6 illik iş stajıma görə pensiyamın yenidən hesablanması üçün ərizəm 2017-ci ilin oktyabrında alınsa da, artımım 2017-ci ilin iyin ayından ödənilmişdir.

İkinci 6 ilə görə artımımı 2023-cü ilin noyabrından hesablayıb ödəyiblər. Bilmək istəyirəm ki, ikinci dəfə 6 ilin tamam olmağına görə pensiyama artım 2023-cü ilin iyun ayından, yoxsa noyabr ayından hesablanıb ödənilməlidir?

 

Zöhrə ƏSGƏROVA,

Naxçıvan şəhəri.

 

-“Əmək pensiyaları haqqında” qanunun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (qulluq stajına görə əlavələr hesablanmış şəxslər istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır;

Məktubunuzdan məlum olur ki, əmək pensiyanıza olan artım 2017-ci ilin iyun ayından ödənilsə də yenidən hesablanma oktyabr ayından aparılmışdır.

Qanunun qeyd etdiyimiz maddəsinin müddəalarına əsasən, işləyən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması pensiya təyin edildikdən, yaxud yenidən hesablandıqdan sonrakı işlədiyi aylarla müəyyən edilir.

Sizin əmək pensiyanızın yenidən hesablanması 2017-ci ilin oktyabr ayında olmuşdur. Yenidən hesablamadan sonra 72 ay isə 2023-cü ilin noyabr ayına qədər olan dövrü əhatə edir. Əmək pensiyanızın yenidən hesablanması da elə həmin dövr üçün olmuşdur.

 

İşçiyə minimum əməkhaqqından az əməkhaqqı verilə bilərmi?

Nisə VAHABLI,

Şəki şəhəri.

 

- Əmək Məcəlləsinin 155-ci maddəsinə əsasən, işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

Minimum əməkhaqqı - iqtisadi, sosial şərait nəzərə alınmaqla, qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.

İşçiyə minimum əməkhaqqından az əməkhaqqının verilməsi inzibati xəta sayılır və buna görə, İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində cərimə cəzası nəzərdə tutulmuşdur. Burada qeyd edilir ki, işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə- vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, Əmək Məcəlləsinin 94-cü maddəsində natamam iş vaxtı nəzərdə tutulmuşdur.

Natamam iş vaxtında alınan əməkhaqqı minimum əməkhaqqından az ola bilər.

Bu, əmək qanunvericiliyinin pozulması  demək deyildir.

ETİKETLƏR: