Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yaxşı işçi və peşəkar kimi dəyərimizi artıran bacarıqlar

Harvard, Stanford və Karnegi Fondunun alimləri  müəyyən ediblər ki, “yumşaq bacarıqlar” insanın peşə uğurunun 85%-ni, sərt bacarıqlar isə yalnız 15%-ni təşkil edir.

19.04.2023 00:18
481
A+
A-

Gələcək artıq gəlib: səsli köməkçi bizim üçün musiqi açır,  pilotsuz taksi evə gətirir. Texnologiya təkcə gündəlik həyatımıza deyil, istehsal proseslərinə də çatmışdır.

“McKinsey” analitik şirkətinin proqnozlarına görə, 2030-cu ilə qədər Avropada avtomatlaşdırma köməkçi vasitədən insanlar üçün ciddi rəqibə çevriləcək. İş tapşırıqlarının 22%-i avtomatlaşdırılacaq. Robotlarla dolu dünyada öz yerlərini tapmaq üçün şirkət işçiləri yeni bacarıqlar öyrənməli olacaqlar.

Buna görə soft skills, yəni yumşaq bacarıqlar getdikcə aktuallaşır. Sərt bacarıqlardan fərqli olaraq, onları texnologiya ilə əvəz etmək olmaz. İnkişaf və karyera yüksəlişində maraqlıdırlarsa, həm menecerlər, həm də işçilər tərəfindən yumşaq bacarıqlar inkişaf etdirilməlidir.

Harvard, Stanford və Karnegi Fondunun alimləri  müəyyən ediblər ki, “yumşaq bacarıqlar” insanın peşə uğurunun 85%-ni, sərt bacarıqlar isə yalnız 15%-ni təşkil edir.

Müxtəlif problemləri həll etmək üçün yumşaq və sərt bacarıqlar bir-birini tamamlamalıdır. Məsələn, qrafik dizayner üçün yumşaq bacarıqlara yiyələnmək faydalı olacaq: ünsiyyət, yaradıcı düşüncə, empatiya. Sərt bacarıqlar isə: Adobe Photoshop, Sketch, Figma proqramlarına sahib olmaq.

İşəgötürənlərin ən çox maraqlandığı yumşaq bacarıqların bir çox variantı var. Financial Times -in keçirdiyi sorğunun  nəticələrinə görə, onlar ən çox aşağıdakı keyfiyyətləri axtarırlar: başqalarına təsir göstərmək, strateji düşüncə, komandada işləmək, fərqli tip insanlarla dil tapmaq, mürəkkəb problemlərin öhdəsindən gəlmək, prioritetləri müəyyən etmək, başqalarını öyrətmək, tabeçiliyində olan insanlar üçün kouç olmaq, təhlil aparmaq, vaxtını idarə etmək bacarıqları.

Yumşaq bacarıqları birbaşa görmürük, lakin onlar böyüməmizə və nəticələrimizə, eləcə də yaxşı işçi və peşəkar kimi dəyərimizə böyük təsir göstərir.

Sərt bacarıqlar sayəsində bir işçi müəyyən pilləyə qalxa bilər. Lakin sonrakı bütün artımlar, yumşaq bacarıqların sayəsində olur. Bu, məsələn, səlahiyyət vermək qabiliyyətidir. Çünki insanlar daima eyni hərəkətləri yerinə yetirdikcə, eyni səviyyədə ilişib qalırlar. Beləliklə,  strategiya ilə məşğul olmurlar və başqa bir insana verilə biləcək işi görməyə davam edirlər. Buraya həm də insanlarla ünsiyyət, tərəfdaşlıq və qarşılıqlı əlaqə, danışıqlar aparmaq bacarığı daxildir. Stresə qarşı eyni müqavimət belə bizim böyüməmizə çox güclü təsir göstərir. Hər bir belə yumşaq bacarıq bir insan, ekspert və işçi kimi cəlbediciliyimizə sərmayə qoyduğumuz bir kərpicdir. Komandaya adam seçərkən təkcə insanın nə edə biləcəyinə baxılmır. Onun ünsiyyət bacarığı, şəxsi keyfiyyətləri, məsuliyyətli mütəxəssis olub-olmaması, komandada işləməyi nə dərəcədə uğurla bilməsi önəmlidir.

Həkim-psixoterapevt, biznes-təlimçi Həlimə Qəmərlinskaya bunu konkret misalla belə izah etdi: “Əgər 5 həkim eyni texniki biliklərə və savada malikdirsə, biz hansını seçəcəyik? Əlbəttə, empatik, ünsiyyət bacarığı daha yüksək, emosiyalarımızı duya bilən və öz emosiyalarına nəzarət edə bilən birini. Bunlar hamısı yumşaq bacarıqlardır. Eyni zamanda bütün müştəriyönümlü peşələrdə texniki biliklərlə yanaşı, mütləq yumşaq bacarıqlar inkişaf etməlidir”.

Ekpert bildirdi ki, bu bacarıqların inkişafı üçün müxtəlif təlimlərə qatılmaq faydalı olacaq.

İkinci yol isə fərdi sessiyalar, yəni kouçinqdir.  Hazırda bu yanaşma çox dəbdədir. Müştəriyə düzgün suallar verməklə, potensialını aşkar etmək və növbəti sessiyalarda həmin müştərinin inkişafını müşahidə edib, geridönüş etməkdir.

Üçüncü yol mütaliədir. Kitab oxuduqca insan daha da ağıllı olur. Onun dərketmə bacarığı artır.

Daha sonra hazırda şirkətlərdə geniş istifadə olunan mentorluqdur. Təzə və daha cavan əməkdaşa təcrübəli mentor təyin olunur. Mentor həmin adama işə adaptasiyasına, korporativ mədəniyyətin tətbiq olunmasına köməklik göstərir.

Şirkətlər hansı bacarıqlara daha üstünlük verir?

“Öz təcrübəmdən deyə bilərəm ki, birmənalı olaraq stresin idarəedilməsidir. Stresin  idarəedilməsi səriştə olaraq nömrə birdir. Digər səriştələr, təbii ki, hər hansı bir şirkətin prioritetlərinə və strategiyasına uyğun olaraq seçilir. Son zamanlar şirkətlər öz cavan kadrlarının inkişafına dəstək göstərir. Bu, yaxşı haldır”.

O, vurğuladı ki, hazırda dünyada nömrə bir ehtiyac  emosional zəkadır (emotional intellegency). Emosional zəkası yüksək olan insanlar digər insanlardan 127 dəfə üstündürlər. Onlar daha doğru qərarlar verirlər. Münaqişələri konfliktə girmədən həll edə bilirlər. Bu cür insanlar öz eqolarını kontrolda saxlayır, daha pozitiv və müştəriyönümlüdür.

Tanınmış rusiyalı marketoloq və bloger Aleksandra Mitroşina bu mövzuda sosial şəbəkələrdə fikirlərini bölüşüb: “Son üç ildə yüngül bacarıqlarımı təkmilləşdirdim, insanlarla ünsiyyət qurmağı, strateji düşünməyi və komanda qurmağı öyrəndim. Son bir neçə ildir ki, öz məsuliyyətim üzərində çalışıram. Mən o zaman bilmirdim ki, bunlar yumşaq bacarıqlar adlanır və bu bir növ vacib bacarıqlardır. Sadəcə olaraq, başa düşdüm ki, işdə məsuliyyətli peşəkarlara daha çox güvənilir. Beləliklə, bu keyfiyyəti özümdə inkişaf etdirməyə qərar verdim. Hazırda işimi çox dəqiq və məsuliyyətlə görürəm və başa düşürəm ki, bu mənim mütəxəssis kimi böyüməyimə çox təsir edir və məni digər həmkarlarım arasında fərqləndirir. Amma, təbii ki, paralel olaraq sərt bacarıqlar da inkişaf etdirilməli və yeni biliklərə yiyələnmək lazımdır”.

 

Günel RAFAYILQIZI

ETİKETLƏR: