Dollara tələb niyə artır, manat üçün hansı risklər ola bilər?
Bəs dollar tələbini ödəmək üçün Azərbaycanın xarici valyuta, yəni dollar ehtiyatları kifayət edirmi?
Azərbaycanda avqust ayında dollara tələbat əvvəlki aylara nisbətən əhəmiyyətli dərəcədə yüksəlib. Mərkəzi Bankın 10-17 avqust tarixində təşkil etdiyi 3 valyuta hərracında 128 milyon dollar satılıb. Bir aylıq hərracı nəzərə alsaq, bu, 550 milyon manata yaxın dollar satışı deməkdir. Tələbin artması valyuta hərracında dollar satışının 600 milyonu ötməsi ilə də nəticələnə bilər.
Dollara tələbin artması nə ilə bağlıdır?
ABŞ valyutasına olan tələbin artması mövsümi amillərlə və biznesin iqtisadi fəallığının artması ilə bağlıdır. Yay mövsümünün sona yaxınlaşması, idxalın artması dollara yeni tələb yaradır. Eləcə də Rusiya və Türkiyədəki inflyasiyanın artması və hər iki ölkədə mal və xidmətlərin dəyərinin dollar ifadəsində bahalaşması yerli biznes üçün idxal-ixracda bəzi çətinlikləri meydana çıxarır. Eyni zamanda dollara tələbin artmasında Azərbaycanın ticarət balansının cari vəziyyəti də təsiredici rol oynayır. 7 ay ərzində ölkəmizin idxal etdiyi məhsulların dəyəri 9,5 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 milyard dollar çoxdur. Xaricdən əsasən ərzaq məhsulları, dərman və tibbi ləvazimatlar gətirilib. İlin əvvəlindən müşahidə edilən idxal statistikası qarşıdakı aylarda da idxalın həcminin böyüyəcəyindən xəbər verir.
İdxalın artması isə ilk növbədə dollara tələbi də yüksəldir. Bu o deməkdir ki, yerli biznes üçün əlavə 2 milyard dollar vəsaitə tələb yaranıb.
Bəs dollar tələbini ödəmək üçün Azərbaycanın xarici valyuta, yəni dollar ehtiyatları kifayət edirmi?
Ölkəmizdə dollar tələbatını Mərkəzi Bank və Dövlət Neft Fondu qarşılayır, son illərdə dollar hərraclarında daha aktiv satıcı qismində Neft Fondu çıxış edir. Fond hər ay bazar iştirakçılarının tələbatını ödəmək üçün valyuta hərraclarına dollar çıxararaq satır və manata çevirərək büdcəyə transfert edir. 2020-2022-ci illərdə Neft Fondunun valyuta hərraclarında aylıq dollar satışı təxminən 350-400 milyon təşkil edib.
Hazırkı reallıqda Azərbaycanın neft-qaz satışından əldə etdiyi valyutanın həcmi illik dollara olan tələbi tam ödəməyə qadirdir. İlin birinci yarısında Dövlət Neft Fondu “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan və “Şahdəniz” yatağından hasil edilən mənfəət neftinin və qazın satışından 4 milyard 350 milyon dollar məbləğində gəlir əldə edib. Əgər valyuta hərraclarında aylıq dollar satışının 500-600 milyon olduğunu nəzərə alsaq, Fondun satışa çıxardığı dolların həcmi 6 ayda 3-3,4 milyard dollar təşkil edir. Bu o deməkdir ki, Neft Fondu dollara olan tələbi 100 faiz qarşıladıqdan sonra 1 milyard dollar artığı yaranır və həmin ehtiyatlar Fondun strateji valyuta ehtiyatlarını formalaşdırır.
Əgər dollara olan aylıq tələb 800 milyona qalxsa, bu halda Neft Fondu üçün valyuta tələbatını qarşılamaq çətinlik yarada bilər. Bu halda Mərkəzi Bank öz valyuta rezervlərindən istifadə etməyə məcburdur. İndiki halda belə bir təhlükə yoxdur.
Dollara tələbin artması valyuta bazarına, Azərbaycan manatının məzənnəsinə necə təsir edə bilər?
Azərbaycanda manatın məzənnəsini iqtisadi faktorlar müəyyən edir. Tədiyə balansının cari vəziyyəti pisləşdiyi halda, manat üçün ciddi risklər meydana çıxır. Azərbaycanın 2023-cü ilin yanvar-iyul ayları üzrə tədiyə balansının vəziyyəti olduqca qənaətbəxşdir və idxal-ixrac əməliyyatlarında 11,2 milyard dollar müsbət saldo yaranıb. Ticarət saldosu onu göstərir ki, Azərbaycana daxil olan valyutanın həcmi ölkəmizdən çıxan valyutanın həcmindən 11,2 milyard dollar çoxdur.
Bundan başqa, Neft Fondunun 53, Mərkəzi Bankın isə 6 milyard dollar starteji rezervləri mövcuddur ki, bu ehtiyatlar manat üçün təhlükəsizlik yastığı rolunu oynayır.
Eləcə də manatın məzənnəsinə təsir edən amillər sırasında neftin satış qiymətinin təsiri də əsaslı rol oynayır. Hazırda dünya birjalarında “Brend və “WTI” markalı xam neftin 1 barrelinin qiyməti 85-88 dollar arasındadır, neftin satış qiyməti 50 dollardan aşağı enəcəyi təqdirdə manata təzyiq yükü yarana bilər.
Manatın məzənnəsinin müəyyənləşməsində iqtisadi amillərlə yanaşı, Mərkəzi Bankın sərt nəzarətedici funksiyası da mühüm rol oynayır. Dollara tələb artdıqda manata olan təzyiqləri nəzərə alaraq MB bəzi məhdudlaşdırıcı alətlərdən istifadə edir, banklarda dollar satışının limitlə aparılmasına çalışır və s. Hələlik bu istiqamətdə məhdudlaşdırıcı elementlər müşahidə edilmir. Ancaq Mərkəzi Bank uzaqgörənlik edərək bəzi tədbirləri də yaddan çıxarmır. Son aylarda dollar tələbinin artmasından qayğılanaraq öz monetar funksiyasını gücləndirib. Belə ki, MB tərəfindən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilib və fiziki şəxslərin məqsədli köçürmələrinin, o cümlədən sahibkarlıq subyektlərinin xarici ticarət əməliyyatlarının pul köçürmələrində bəzi məhdudiyyətlər qoyulub. Dəyişikliklərə əsasən, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilib, köçürmə formasından asılı olmayaraq, aylıq limit 20 min dollar ekvivalentinədək müəyyən edilib. Ticarətlə məşğul olan bazar iştirakçıları üçün illik müvafiq normalar müəyyənləşdirilib.
Elbrus CƏFƏROV