Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Dünyada və Azərbaycanda

iqlim dəyişikliyinin yaratdığı və artırdığı xəstəliklər

30.08.2023 10:39
362
A+
A-

Dünya iqlim dəyişiklikləri və ətraf mühitin deqradasiyası kimi böyük təhlükə ilə üz-üzədir. Ekspertlər qrupunun hesabatlarına görə, son yüz ildə yer kürəsində orta temperatur 0.8 C, Azərbaycanda isə 0.4-1.3 C-ə qədər artıb. Okeanların səthi 1000 metr dərinliyə qədər isinirdirsə, artıq bu göstərici 2000 metr dərinliyə qədər çatır. İqlim dəyişiklikləri barədə qəzetimizin ötən saylarında yazılar dərc etmişdik, onun törətdiyi və törədə biləcəyi fəsadlardan söz açmışdıq. Növbəti yazımız da bu mövzuya həsr edilib. Bu dəfə isə iqlim dəyişikliyinin insanların sağlamlığına təsiri haqda danışacağıq. Nizami Tibb Məntəqəsinin terapevti Samirə Qəribova ilə görüşüb ona “iqlim dəyişikliyi hansı xəstəliklərin yaranmasına və artmasına səbəb ola bilər” sualı ilə müraciət etdik. Samirə xanım dedi ki,  son dövrlərdə ölkədə daha çox tənəffüs orqanları, qan- damar sistemi, yoluxucu və parazitar xəstəliklər daha çox aktuallaşıb. Ölüm səbəbləri içərisində isə qan-damar sistemi xəstəlikləri birinci yeri tutur. 2003-2006-cı illərdə əhalinin xəstələnməsi və ölüm hallarına təsirinin tədqiqi zamanı məlum olmuşdur ki, aprel-sentyabr aylarında havanın orta temperaturunun 1.5 C artması nəticəsində əhalinin bütün səbəblərdən təcili yardıma olan müraciətləri 21.6 faiz artıb. Burada qan dövranı xəstəlikləri üzrə müraciətlər 34.1 faiz, tənəffüs orqanları xəstəlikləri 22.8 faiz, əsəb xəstəlikləri 19.9 faiz artmış, ölüm faizi isə 3.4 faiz olmuşdur.

Ölüm faizinin çox hissəsini isə miokart infarktından (26.3 faiz) və insultdan (55.6 faiz) həyatını itirənlər təşkil edir.Yaz-payız aylarında çirklənmiş ekologiya səbəbindən immun sistemin zəifləməsi nəticəsində xroniki xəstəliklər, mədə-bağirsaq xoraları, allergik xəstəliklər, revmatik xəstəliklər, vitamin disbalansının pozulması, daha da artmağa başlayır. Eyni zamanda 2015-2020-ci illər üçün strategiya sənədlərində son illərdə ölkəmizdə qan dövranı sistemi xəstəlikləri 5 faiz, tənəffüs sistemi xəstəlikləri 11 faiz, endokrin xəstəlikləri 2.5 dəfə, şəkərli diabet 3.7 dəfə, sinir sistemi xəstəlikləri 15 faiz, bədxassəli yeni törəmələr 30 faiz artıb.

BMT və 38 akademik təşkilatın birgə hazırladığı LAMSET - Sağlamlıq və İqlim Dəyişiklikləri Geri Sayım hesabatına görə, iqlim dəyişikliklərinin təsirini azaltmaq, uzunmüddətli gələcək yaratmaq üçün qlobal səviyyədə təcili tədbirlər görülməlidir. Çünki qlobal istiləşmənin planetdə yaradacağı təsirlərin əvəzini insan sağlamlığı ilə ödəniləcəyi və azgəlirli ölkələrin bundan daha çox əziyyət çəkəcəyi gözlənilir. Bu proseslər dünyada qida ehtiyacını dənizlərdən əldə edən 3.3 milyard insanın da həyatını təhdid edir. 65 yaşından yuxarı şəxslər və 5 yaşından kiçik uşaqlar isti hava dalğalarına daha tez məruz qalırlar. Dünya ölkələrindən Çin, Hindistan, Amerika, İndoneziya, Yaponiya, Yaxın Şərq, Şimali Afrika ərazilərində tez-tez baş verən meşə yağınları səbəbindən havada toz hissəciklərinin artması nəticəsində tənəffüs yolları xəstəliklərinin xüsusən allergik rinit və broxial asma xəstələrində kəskinləşmələrin sayı əvvəlki illərdən bir neçə dəfə artmışdır. 2016-cı ildə Avstraliyanın Melburn şəhərində fırtınadan sonra 30 saat ərzində təcili yardıma müraciətlərin sayı normal günlərdən fərqli olaraq bir neçə dəfə artmışdır.

2021-2050 -ci illərdə bu gostəricilərin təqribən yuxarıda qeyd edilən faiz miqdarinda, 2071-2100 -cü illərdə bundan br neçə dəfə artıq olacağı gözlənilir.

2020-ci ildən bu günə qədər COVID-19 pandemiyası keçirmiş dünya əhalisi arasında tənəffüs sistemi xəstəliklərinin sürətlə artmasını xüsusilə qeyd etmək olar. Pandemiya dövründə xəstə müraciətlərinin 90 faizi tənəffüs sistemi xəstəlikləri olmuşdur. COVID-19-un yartdığı fəsadlarla hələ də mübarizə aparmaqdayıq. Kortəbii istifadə olunan antibiotik terapiyası insan orqanizmində rezistentliyin yaranmasına, ağciyərlərdə fibrotik dəyişiklərin əmələ gəlməsinə səbəb olmüşdur.

Bütün deyilənləri nəzərə alaraq qeyd etməliyik ki, insan sağlamlığı bütün nemətlərdən üstündür, sağlam mühitdə yaşamalıyıq ki, sağlam olaq və gələcək nəsillərə təmiz iqlimi olan bir ölkədə yaşamaları ücün əlimizdən gələni edək.

 

Ə.ƏHMƏDOVA

ETİKETLƏR:

Foto